Məhkəmə qərarları › İş №2(021)-2880/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2880/2022

02.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2880/2022 02.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Yusif oğlunun iştirakı ilə, İlk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Yusif oğluna qarşı torpaqdan çıxarılma tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Yusif oğlunun qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı1 qarşı pul tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inizbati binasında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Yusif oğlundan torpaqdan çıxarılma barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Yusif oğlu ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6000 manat pulun alınıb barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, onların xüsusu mülkiyətində Bərdə rayon Vəliquşaqlı kəndində yerləşən 2,25 hektar torpaq sahəsi vardır. İslahat gedən zaman həmin torpaq sahəsi adam başına hesablanmaqla ona və ailə üzvlərinə verilmişdir. Qeyd etdiyi torpaq sahəsində JN0034 KOD 61018028 saylı torpağa mülkiyyət hüququa dair dövlət aktıda verilmişdir. Lakin Cavabdeh Yusif oğlu qanunsuz yolla torpağı zəbt etmişdir və onların istifadə edib əkin biçin etmələrinə maneçilik törədir. Onların mülkiyyətində olan 0,75 ha torpaq sahsini onlara verməkdən imtina edir və onlara bildirir ki, həmin torpaq sahəsi ona məxsusudur. Halbuki onlara məxsus olan 0,75 ha hissəsini onlar heç bir şəxsin istifadəsinə verməyiblər. Hal-hazırda da Cavabdeh onlara məxsus olan 0,75 ha torpaq sahəsində çıxarılmasını istəyirlər. Çünki halhazırda həmin torpaq sahəsindən istifadə edə bilmədikləri üçün gəlir əldə edə bilmirlər. Bunun üçün də onlar məcbur qalıb məhkəməyə müraciət etməli olublar. Dövlət aktının əslini Daşınmaz əmlakdan tələb etsələr də həmin sənədi verməkdən imtina edərək onlara arayış veriblər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Yusif oğlu qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 onun yaxın qohumudur. 2011-ci ildə İddiaçı2 ona bildirdi ki, mərhum qaynatasından və qaynanasından miras qalmış torpağı satmaq istəyir. O, bildirib ki, həmin torpağı almaq istəyir. Həmin vaxt onların ərazisində torpağın 1 hektarını 1500-2000 manata satılırdı. O, həmin torpaq sahəsinə görə Zaura və baldızı Elmiraya 1800 manat pul ödəyib. Hazırda həmin ərazidə 1 hektar torpaq sahəsinin qiyməti 7-10 min manat civarındadır. O qaynı Zaura bildirib ki, ona verdiyi pulun bu günə olan hesabla yəni 6000 manatını geri versin, oda torpağı qaytarsın. Zaur isə həmin vaxtı yeri sənədləşdirməməklərindən istifadə edərək onun torpaq sahəsindən çıxmasına dair iddia qaldırmışdır. O, həmin torpağı qaytarır, lakin bügunə olan bazar qiyməti ilə ona çatası 6000 manat pulu ödənməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabadehlər İddiaçı2, İddiaçı1 iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Yusif oğlu ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 xx xxxxxx 1963-cü ildə Bərdə rayonu, Vəliuşağı kəndində doğulmuşdur, Bərdə rayonu, Vəliuşağı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15160704 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 25 avqust 1977-ci ildə Bərdə rayonu, Vəliuşağı kəndində doğulmuşdur, Bərdə rayonu, Vəliuşağı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 24 yanvar 1969-cu ildə doğulmuşdur. İş materiallarında olan AA3391032 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 13 iyun 1970-ci ildə doğulmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin 33 66 nömrəli, 09 avqust 2022 saylı məktubundan müəyyən olunur ki, Bərdə rayonu, Vəliuşağı kənd sakinləri İddiaçı1, X6 və X3 adına Bərdə rayonu, Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə JN-0034 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN 0034 KOD ********* dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə Bərdə rayonu, Vəliuşağı kəndində İddiaçı1, X6 və X3 mülkiyyətinə 2.25 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan VJQ 335829 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 09 aprel 1999-cu ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayonu, Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 263 saylı, 22 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı2 Bərdə rayonu, Vəliuşağı kəndində yaşayır və daimi qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 267 saylı, 28 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 Bərdə rayonu, Vəliuşağı kəndində yaşayır və daimi qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 299 saylı, 29 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X1 rayonu, Vəliuşağı kəndində yaşayır və daimi qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 300 saylı, 29 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X2 rayonu, Otuzikilər kəndində yaşayır və Vəliuşağı kəndində daimi qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu Hacıəhmədli bələdiyyəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, ərazidə pay torpaqlarının alış-satış qiyməti 7-10 min manat civarında dəyişir, orta qiymət 10 min manat təşkil edir. İş materiallarında olan AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh Yusif oğlu 03 yanvar 1964-cü ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Vəliuşağı kəndində qeydiyyatdadır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, tərəflər məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən, əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Yusif oğluna qarşı torpaqdan çıxarılma tələbinə dair ilk iddia tələbi təmin edilməlidir. Belə ki, mübahisəli pay torpağı şifahi razılaşma əsasında Cavabdeh Yusif oğlunun istifadəsində olduğundan həmin torpaq ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qaytarılmalılıdır. Bundan başqa torpağın hazırda Cavabdeh Yusif oğlu tərəfindən istifadə edilməsi faktı cavabdeh tərəfindən inkar edilməmişdir. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh Yusif oğlu öz qarşılıqlı iddisının əsasını sübut edə bilməmiş, torpaq sahəsinin ona verilməsi və ya satılması, mülkiyyətində olması barədə hər hansısa bir dəlili məhkəməyə təqdim etmədiyindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Yusif oğlunun qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Yusif oğluna qarşı torpaqdan çıxarılma tələbinə dair ilk iddia təmin edilsin. Cavabdeh Yusif oğlu JN-0034 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu, Vəliuşağı kəndində yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.75 ha torpaq sahəsindən çıxarılsın. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Yusif oğlu tərəfindən verilmiş “pul tələbinə” dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar