Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-297/2022 07.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 158,50 kv.m-dən ibarət fərdi yaşayış evindən Cavabdeh əmlakları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 158.50 kv.m-dən ibarət fərdi yaşayış evi vardır. Həmin evə isə Daşınmaz Əmlakın Dövlət Reyestrindən 16.07.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış, çıxarış da verilmişdir. Hazırki iş üzrə Cavabdeh onun qardaşı X1 həyat yoldaşıdır. Zərifə Rəhimova qardaşı Anar Əliyev ilə rəsmi olaraq 2014-cü il tarixdə ailə həyatı qurub evlənmiş və onun evində müvəqqəti olaraq yaşamağa başlamışlar. Birgə nikah dövründən 2 övladları anadan olmuşdur. Lakin aralarında yaranmış narazılıqlara görə 2021-ci il tarixdə aralarında bağlanmış nikahları pozulmuşdur. Xeyli zamandır ki, Cavabdeh onun mülkiyyətində olan evdən çıxıb getmişdir. Çıxıb gedərkən evdə olan əşyalarından heç bir əşya aparmamışdır. Onların evindən heç bir əşya aparmamasına görə düşünür ki, nə vaxtsa gəlib onların evdə yaşayar. Lakin cavabdehin onun evində qalmasını istəmir. Qardaşı Anar ilə Cavabdeh evləndirdiyi zaman onun evində müvəqqəti olaraq yaşayacağını bildirmişdir. Qardaşı Anarın evi olmadığı üçün ona bir bacı kimi müvəqqəti yaşamaq üçün bir otaq vermişdir. İndi isə evi satmaq istəyir, lakin cavabdeh onun mülkiyyətində olan evdən çıxmadığı və əşyalarını onun evindən çıxarmadığı üçün evini sata bilmir. Onu bir gün belə evində nə saxlamaq nədə ki, görmək istəmir. Belə bir gəlin ona lazım deyil. Getsin harda yaşayır yaşasın. Onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Bunun üçündə cavabdehin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxmasını istəyir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Azərbaycan Respublikasının MPM-nin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək 1 ədəd salat doğrayanın, 1 ədəd stəkan naborunun, 1 ədəd qoz çəkənin, krafinkanın və 6 ədəd bakalın, 1 ədəd qənd qıranın, 1 ədəd kofe çəkən aparatın, 1 ədəd salat aparatının, 1 ədəd bıçaq naborunun, 1 ədəd tort naborunun, 1 ədəd köhnə xalçanın, 1 ədəd təzə xalçanın, 1 ədəd sandığın, 1 ədəd gülün, 2 sürməli qaşıq naborunun, 1 ədəd elektrikli sobanın (köhnə), 1 ədəd elektrikli sobanın (normal) 3 ədəd konfet qabının, 3 ədəd mürəbbə qabının, 2 ədəd gül qabının, 5 ədəd meyvə qabının, ayaqqabıların, paltarların, 16 ədəd böyük qaşığın, 11 ədəd balaca qaşığın, 14 ədəd çəngəlin, 3 ədəd tavanın, 9 ədəd yemək qaşığının, 5 ədəd konfet qabının, 2 ədəd gül qabının, 12 ədəd xrustal bakalın, 6 ədəd su stəkanının,12 ədəd araq stəkanının, 13 ədəd çay stəkanının, 25 ədəd çay nəlbəkisinin, 10 ədəd armudu stəkan nəlbəkisinin, 1 ədəd pakrıvalın cavabdehlə birlikdə onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Azərbaycan Respublikasının MPM-nin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək cavabdehin əmlaklarının çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin 14 dekabr 2021-ci il tarixli iclasında dindirilmiş Cavabdeh göstərmişdir ki, 2014-cü ildə iddiaçının qardaşı Anar Əliyevlə evlənmiş, evləndikdən sonra iddiaçının razılığı ilə sonuncuya məxsus ünvan 1-də yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Anar Əliyevlə aralarında yaranan narazılıqlara görə 2021-ci ildə ayrılmışlar. Ayrıldıqdan sonra iddiaçıya məxsus evi tərk edərək getmiş, lakin əmlakları həmin evdə qalmışdır. Əmlaklarını iddiaçıya məxsus evdən çıxarmağa razı olduğunu qeyd edərək iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 16 iyul 2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1-də 0,06 ha torpaq sahəsində yerləşən, 158,50 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-2016/2021 saylı 24 sentyabr 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, X4 ilə Cavabdeh arasında “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 02 may 2016-cı il tarixdə 405 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh 2014-cü ildə iddiaçının qardaşı Anar Əliyev ilə evlənmiş, evləndikdən sonra iddiaçının razılığı ilə müvəqqəti olaraq sonuncunun mülkiyyətində olan fərdi yaşayış evinə köçərək orada yaşamağa başlamışdır. 2021-ci ildə cavabdehlə Anar Əliyev arasında olan nikah pozulmuş, cavabdeh əmlaklarını iddiaçının mülkiyyətində olan evdə qoyaraq evi tərk etmişdir. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 42-ci bəndində göstərilmişdir ki, mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Qeyd olunan qərarın 44-cü bəndində göstərilmişdir ki, məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanı tərfəindən hər hansı müdaxilə qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın (bax: İatridis Yunanıstana qarşı, [GC], ərizə N 31107/96, b. 58, AİHM 1999-İİ; sonrakı istinadlarla birlikdə). Konvensiyadakı “qanun” və “qanuni” anlayışları mahiyyət etibarı ilə daxili qanunvericiliyə istinad edir və qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan, ünvan 3-də 0.06 ha torpaq sahəsində yerləşən 158,50 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evindən cavabdeh əmlakları ilə birlikdə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh məxsus əmlaklar Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, ünvan 3-də, 0.06 ha torpaq sahəsində yerləşən 158,50 kv.m ümumi sahəsindən ibarət olan fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-297/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-297/2022
07.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver