Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3031/2023 02.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Bərdə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməyinə və evdən istifadə hüququnun tanınmasına, sanitar qovşaqlardan və mətbəxdən ümumi istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Cavabdeh1, anası isə X2r. Ailədə iki övlad olmuşlar: o və bacısı Cavabdeh2. Hər ikisi Bərdə şəhəri, ünvan 2 ünvanda doğulmuşlar, həmin küçədə yaşamışlar. Bir müddətdən sonra bacısı ailə qurub və evdən çıxaraq ər evinə köçmüşdür. Sonradan o, ailə həyatı qurmuş, həyat yoldaşı X3 həmin ünvana gəlin köçərək birlikdə, yəni atası Cavabdeh1 və X13 ilə birlikdə yaşamışlar. X13 xx.xx.2021-ci ildə xəstəlikdən ölmüşdür. 2021-ci ildə anası dünyasını dəyişəndən sonra atası ona qarşı münasibəti qəfil pisləşərək dəyişmiş, onların aralarında münasibətləri kəskinləşmişdir. Bunun üçün də o, ailə və uşaqlarını götürüb kirayəyə çıxmışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, atası yaşadığı Bərdə şəhəri, ünvan 2 ünvandakı evi bacısı Xədicənin qızı Gülərin adına qeyd etdirmək üçün Bərdə Regional "ASAN xidmət" mərkəzində notariat ofisinə getmiş, xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsi əsasında evi bacısı qızı X5 vermişdir. Beləliklə evin 30 ildən çox müddətdir ki, ünvanı Bərdə şəhəri, ünvan 4ngə 6 ev 40 etmişlər. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri, ünvan 1 ünvanlı ev X4 adına qeyd olunmuşdur. Hal-hazırda doğulub, böyüyüb-başa çatdığı və qeydiyyatda olduğu Bərdə şəhəri, ünvan 1 ünvandakı yaşayış evinə gedib orada yaşamağa cəhd etsə də, cavabdehlər, yəni atası Cavabdeh1, bacısı Cavabdeh2 və yeznəsi Cavabdeh3 tərəfindən ona evdə yaşamağına və istifadə etməyinə imkan verməyərək onun hüquqlarını pozurlar. Onun yaşamağa başqa ünvanı yoxdur. Buna görə də hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, Bərdə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış qovşaqlardan və mətbəxdən ümumi istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı rədd edərək, izahatında evin əvvəllər ona məxsus olduğunu, iddiaçının ailəsi ilə başqa yerdə yaşadığını, evi qız nəvəsinə bağışladığını bildirmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vatı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsiylə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan halda məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarına baxaraq sübutları araşdırıb qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1296 nömrəli arayışdan görünür ki, İddiaçı halhazırda Bərdə şəhəri, ünvan 5 ünvanında yaşayır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli, 008553 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəf yalnız İddiaçıdur. Asan-Bərdə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1986-cı ildə Bərdə Şəhərində anadan olmuş, Bərdə şəhəri, ünvan 5 ünvanında yaşayır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 50 manat mediasiya xərcini və 50 manat dövlət rüsumunu ödəmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Bərdə şəhəri, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan məlumatın təqdim edilməsi bardə sorğuya cavabdan görünür ki, Cavabdeh1 adına Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz Əmlakın Dövlət Resyestrində qeydiyyata alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli, İİİ-ЖГ 389961 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X6 arasında xx.xx.1984-cü il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Murradov, arvada isə Muradova Soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarix, 230 nömrə ilə qeydə alınmışdır. Cavabdeh1 ilə X7 arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada bağlanmış müqavilədən görünür ki, Cavabdeh1 Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini nəvəsi X5 hədiyyə vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-779/2023 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2414/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2414/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçi İddiaçı cavabdeh mərkəzində notariat ofisinə və üçüncü şəxslər Bərdə regional “ASAN xidmat" X5 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsiz hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Bərdə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməyinə və evdən istifadə hüququnun tanınmasına, sanitar qovşaqlardan və mətbəxdən ümumi istifadə qaydalarnın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Mülkiyyət hüququ əsas insan hüquq və azadlıqları sistemində, xüsusən də İnsan hüquqları haqqında ümumi Bəyannamənin 17-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya (Avropa Konvensiyasına) Əlavə (1 saylı) protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlar sırasında mühüm yer tutur. Azərbaycan Respublikasında mülkiyyət və mülkiyyət hüququna münasibət Konstitusiyanın 13 və 29-cu maddələrində ifadə olunmuşdur. Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yuxarıda qeyd olunan maddələrdən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Məhkəmə hesab edir ki, Cavabdeh1 və X7 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə ilə Cavabdeh1 xüsusi mülkiyyətində olan Bərdə şəhəri, ünvan 7 ünvanında yerləşən evi X5 verdiyindən və Bərdə şəhəri, ünvan 7 ünvanında yerləşən ev X4 xüsusi mülkiyyətində olduğundan, iddiaçı həmin ünvanda qeydiyyatda olsa da xeyli müddət əvvəl, yəni iddia ərizəsində özünün qeyd etdiyi kimi 2021-ci ildən qeydiyyatda olduğu ünvandan köçdüyündən və hazırda orada yaşamadığından və həmin ünvandan zorla çıxarılmadığından, hazırda başqa yaşayış yerinə sahib olmaqla orada yaşadığından İddiaçı iddiası təmin edilməməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dаir iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-3031/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3031/2023
02.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver