Məhkəmə qərarları › İş №2(021)-3123/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3123/2022

15.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3123/2022 15.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona və ailə üzvülərinə Torpağa Mülkiyyət Hüququna dair JN 0031, KOD 61001018 nömrəli Dövlət Aktı əsasında məxsus olmaqla Bərdə rayonu Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən çıxarılmasına və hazırkı iddia ərizəsinə baxılması ilə əlaqədar dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Alpoud kəndində daimi yaşayır, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı ilə ona və ailə üzvlərinə-həyat yoldaşı X5 və qızı X2 Alpoud kəndində kənd təsərrüfatı təyinatlı cəmi 1.18 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ona və sözügedən ailə üzvlərinə məxsus olması barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN 0031, KOD 61001018 nömrəli Dövlət Aktı da verilmişdir. 2014-cü ildədək bu torpaqdan özləri istifadə etmişlər. 2014-cü ildə ürəyindən əməliyyat olunması üçün pul lazım olduğuna görə həmin torpağı həmkəndlisi və yaxın münasibətdə olduğu Cavabdeh 8 il müddətinə istifadəyə veriblər. Əvəzində ondan 2400 manat pul almışdır. Torpağı Cavabdeh istifadəyə verərək aralarında rəsmi müqavilə, o cümlədən də icarə müqaviləsi bağlanmamışdır. Lakin şifahi razılaşmışdırlar ki, torpağı ona 01 yanvar 2022ci il tarixədək, həm də 1 hektarına görə illik 300 manat hesabı ilə istifadəsində verir, torpaq vergisini də Cavabdeh ödəyəcəkdir. Cavabdeh isə vəd etmişdir ki, torpaqdan yaxşı məhsul əldə edərsə, qalan 0.28 ha torpağa görə də ona əlavə pul verəcəkdir. Lakin əlavə pulun məbləğini və nə vaxt verilməli olmasını razılaşmamışdırlar. Odur ki, ötən 8 ildə o, Cavabdeh vəd etdiyi əlavə pulu heç vaxt istəməmişdir. 2014-cü ildə torpağı Cavabdeh istifadəsinə verərkən onun Dövlət Aktını da Cavabdeh vermişdir ki, dövlət tərəfindən fermerlərə dəstək kimi verilən pul subsidiyasını, kübrə, toxum və sairəni özü ala bilsin. Beləliklə də Cavabdeh 2014-cü ildən başlayaraq hal-hazıradək torpağından istifadə edir. 2022-ci ilin əvvəllərdindən başlayaraq ondan xahiş etmişdir ki, torpağından istifadəni dayandırsın və özünə qaytarsın. Lakin Cavabdeh əvvəllər bu xahişinə normal yanaşsa da, son bir ayda onunla ultimatin formada danışır. Qəti olaraq bildirir ki, guya torpağı ona 2400 manata birdəfəlik satmışdır, buna görə də torpaqdan çıxmayacaq və torpağı qaytarmayacaqdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı oğlu məhkəməyə ərizə verərək, işə iştirakı olmadan baxılmaqla, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etməyərək, göstərdi ki, İddiaçı torpağı ona satmış, o, da 2400 manat verərək həmin torpağı almışdır. Hal-hazırda istifadə edir, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxxx 1972-ci ildə doğulmuşdur. İş materiallarında olan Torpağın Torpağa Mülkiyyət Hüququna dair JN 0031, KOD 61001018 nömrəli Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə İddiaçı, X3 və X1 mülkiyyətinə Bərdə rayonu Alpoud kəndində 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon, Alpoud kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 492 nömrəli, 23 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh Bərdə rayonu Alpoud kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Cavabdeh olunun şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdeh oğul xx xxxxxxxx 1964-cü ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayon, Alpoud kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 467 nömrəli, 11 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Alpoud kəndində yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Alpoud kəndində yerləşən 1,28 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Bu fakt cavabdehin özü tərəfindən etiraf edilmiş və torpaqdan heç bir rəsmi sənəd olmadan istifadə etməsini mübahisələndirməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli və iddiaçının mülkiyyətində olan Bərdə rayonu Alpoud kəndində 1,28 ha torpaq sahəsini qanunsuz zəbt etmiş Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bərdə rayonu Alpoud kəndində 1,28 ha torpaq sahəsindən çıxarılsın. İşü zrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar