Məhkəmə qərarları › İş №2(021)-313/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-313/2021

11.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-313/2021 11.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, birgə nikahdan olmuş 12.08.2013-cü il təvəllüdlü X6, 29.08.2014-cü il təvəllüdlü X5 və 11.10.2019-cu il təvəllüdlü X7 adlı övladları ilə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh3 ilə 2012-ci ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş, nikahlarını 20.09.2013-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 12.08.2013-cü il tarixdə X6, 29.08.2014-cü il tarixdə X5 və 11.10.2019-cu il tarixdə X7 adlı övladları doğulmuşdur. Gəlin köçərkən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadığı ünvan 1indəki evlərinə köçmüşdür. Cavabdeh3 uzun müddət ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra onların aralarında olan münasibətlər pisləşməyə başlamış və nəhayət faktiki olaraq ayrılmışlar. Hazırda valideyinlərinin yaşadığı evdə yaşayır. Həmin ev darısqal olduğundan və bütün cehiz əşyaları cavabdehlərə məxsus evdə qaldığından gəlin köçdüyü evə köçüb orada yaşamaq istəyir. Cavabdeh isə onların yaşadığı evdən istifadə etməsinə, orada yaşamasına imkan verməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 05.10.2020-ci il tarixli arayışından da göründüyü kimi qaynatası Cavabdeh1, qaynanası Cavabdeh2 və hazırkı iş üzrə cavabdeh olan həyat yoldaşı Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində ünvan 1ində fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. Hesab edir ki, birgə nikahdan olmuş 12.08.2013-cü il təvəllüdlü X6, 29.08.2014-cü il təvəllüdlü X5 və 11.10.2019-cu il təvəllüdlü X7 adlı övladları ilə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə 2012-ci ildə evlənmiş, birgə nikahlarından 3 uşaqları olmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmışlar. İddiaçı ilə evlənərkən sonuncunu valideyinlərinə məxsus ünvan 1ində yerləşən evə gəlin köçürmüşlər. İddiaçının köçmək istədiyi ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçıya məxsus əmlaklar da hazırda onlara məxsus evdədir. İddiaçının köçərək onlara məxsus evdə yaşamasına razı olmadığını qeyd edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Cavabdeh3 göstərdiklərini bir daha təsdiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah akt qeydindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh3 və X8 20 sentyabr 2013-cü ildə 442 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 oktyabr 2020-ci il tarixli arayışlardan müəyyən olunur ki, tərəflərin birgə rəsmi nikahlarından 12 avqust 2013-cü ildə Gülay və 29 avqust 2014-cü ildə Gülcan adlı uşaqları anadan olmuşdur. 12 avqust 2013-cü il təvəllüdlü X3 və 29 avqust 2014-cü il təvəllüdlü X2 atası Cavabdeh3dur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 22 yanvar 2021-ci il tarixli **********100 saylı məktubdan müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə tərəflərin iştirakları ilə ünvan 1ində yerləşən, cavabdehlərin yaşadığı fərdi yaşayış evinə baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, həyətə girişdə sol tərəfdə yeni tikili ev, qarşıda sağ tərəfdə 2 mərtəbəli köhnə tikili ev mövcuddur. Köhnə tikilinin 1-ci mərtəbəsi 2 otaqdan ibarətdir. Otaqlardan birində içində qablar olan servantlar, televizor, 2 ədəd kreslo, jurnal stolu, 2-ci otaqda 2 ədəd kreslo, 1 ədəd uşaq paltarları üçün tumba vardır. İkinci mərtəbə də eyni ilə birinci mərtəbə kimi iç-içə 2 otaqdan ibarətdir. 1-ci otaqda 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo üst örtüyü ilə birlikdə, içində qablar olan servant (qorka), 2-ci otaqda güzgü, şifoner, qoşa çarpayı, 2 ədəd uşaq çarpayısı, 1 ədəd dəmir çarpayı, 1 ədəd qoşa döşək, 3 ədəd döşək, 3 ədəd tək yorğan, 1 ədəd qoşa çarpayı üçün yorğan, 1 ədəd gəbə, 1 ədəd televizor altı, 2 ədəd tumba, 2 ədəd naçnik, 1 ədəd lüstur, 1 ədəd şüşə jurnal stolu, 1 ədəd divar saatı vardır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2012-ci ildə Cavabdeh3 ilə evlənmiş, evləndikdən sonra cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı cavabdeh ilə aralarında yaranan narazılaqlara görə evi tərk etmək məcburiyyətində qalmışdır. İddiaçı mübahisəli evə köçürülərkən ünvan 1ində yerləşən fərdi yaşayış evi heç kimin adına qeydə alınmamış, həmin ev üzərində hər hansı bir şəxsin mülkiyyət hüququ tanınmamışdır. Məhkəmə yuxarıda qeyd olunan mövcud sübutları müqayisəli qaydada təhlil edərək hesab edir ki, İddiaçı mübahisəli yaşayış evinə gəlin köçərək orda yaşamağa başladığı 2012-ci ildə mübahisəli yaşayış evi mülkiyyət kimi hüquqi qeydə alınmadığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11-ci maddəsi tətbiq edilməklə münasibətlər yarandığı dövrdə 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməklə yaranmış mübahisə həll edilməlidir. Belə ki, həmin maddənin 11.1-ci bəndinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.2.-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.2.–ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, İddiaçı 2012-ci ildə qeyd şərtsiz mübahisəli evə gəlin köçərək orada cavabdehlərin ailə üzvü kimi birgə yaşadığından və onlarla ümumi təsərrüfat apardığından o, cavabdehlərin ailə üzvü hesab edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 2012-ci ildən mübahisəli yaşayış evinə köçüb yaşamasına və cavabdehlərlə ümumi təsərrüfat aparmasına baxmayaraq cavabdehlər heç bir əsas olmadan İddiaçı yaşayış evindən çıxararaq onun uşaqları ilə birlikdə həmin yaşayış evinə köçüb yaşamasına imkan vermirlər. Məhkəmə hesab edir ki, İddiaçı 2012-ci ildə qeyd şərtsiz mübahisəli evə gəlin köçərək orada cavabdehlərin ailə üzvü kimi birgə yaşadığından və onlarla ümumi təsərrüfat apardığından iddia tələbi qismən təmin edilməli, İddiaçı azyaşlı uşaqları X6 və X5 ilə birlikdə yaşayış evinə köçürülməlidir. İddiaçının 11.10.2019-cu il təvəllüdlü övladları X7 ilə birlikdə cavabdehlərə məxsus evə köçürülməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı 11.10.2019-cu il təvəllüdlü X4 doğumu haqqında sənədi məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı cavabdeh X9 qarşı evə köçürülmə tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı uşaqları X6 və X5 ilə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Bərdə tayonu Türkmən kəndində yerləşən evə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar