Məhkəmə qərarları › İş №2(021)-3343/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3343/2022

20.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3343/2022 20.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qarşı “yaşayiş sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 01 fevral 2020-ci ildə anadan olmuş oğlu X10 ilə birlikdə Bərdə rayonu Mehdili kənd inzibati ərazi dairəsinin Qazaxlar kəndində yerləşən Cavabdeh məxsus olan yaşayış evindən istifadə hüququnun tanınmasına və oğlu Röyalla birlikdə həmin evə köçürülməsinə, həmçinin mediasiya xidmətinə görə ödədiyi 50 manat və iddia tələbinə baxılması üçün məhkəmənin hesabına dövlət rüsumu olaraq ödədiyi 50 manat cəmi 100 manatın cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu olan X11 ilə 2018-ci ildə evlənib ailə qurmuş, nikahlarını isə Bərdə Regional “ASAN-Xidmət” X2 01 noyabr 2019-cu il tarixdə 1263 nömrə ilə qeyd edilmişdir. X11 ilə evlənərkən gəlin kimi onun atası Cavabdeh adına olan Bərdə rayonu Mehdili kənd İnzibati Ərazi Dairəsinin Qazaxlar kəndində yerləşən 1 otaq, 1 zal və 1 mətbəxdən ibarət olan fərdi yaşayış evinə gəlmişdir. Cehiz əşyaları da həmin evə gətirilmiş, hazırda da oradadır. Həmin evdə həyat yoldaşı Əliş Hüsüyevlə birlikdə yaşamışlar. Yeganə övladı olan X10 da 01 fevral 2020-ci ildə həmin evdə doğulmuşdur və bu evdə onlardan başqa heç kim yaşamamışdır. 2018-2021-ci illərdə həyat yoldaşı Əliş Hüsüyevlə birlikdə bu evi əsaslı təmir etdirmişlər, onun həyatyanı torpaq sahəsini abadlaşdırmış və orada təsərrüfat qurub istifadə etmişlər. O, bu evə gəlin gələrkən Cavabdeh həyat yoldaşının vəfatından sonra evləndiyi qadınla birlikdə həmin evdən 15-20 metr aralıda tikilmiş digər bir evdə yaşamışlar, həmin ev də ona məlum olduğuna görə Cavabdeh məxsusdur. Həyat yoldaşı X11 16 avqust 2021-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra Cavabdeh ona və oğlu Röyala bu evdə yaşamağa imkan verməmiş, daima münaqişə yaratmışdı və onu evi tərk etməyə məcbur etmişdir. Ona görə də oğlu Röyalı da özü ilə götürərək Bərdə rayonunun Cəyirli kəndinə-valideynlərinin evinə getmişdir. Hazırda da orada yaşayır. Cehiz və şəxsi əşyaları isə hal-hazıradək də Qazaxlar kəndində həyat yoldaşı Əliş Hüsüyevlə birlikdə yaşadığı evdədir. Onu və oğlu Röyalı evdən çıxmağa məcbur etdikdən sonra Cavabdeh yaşadığı evi kirayə verib, evləndiyi qadınla köçüb onun gəlin gəldiyi və cehiz əşyalarının olduğu evdə yaşayırlar. Dəfələrlə cəhd etmişdir ki, qayıdıb həmin evdə oğlu Röyalla birlikdə yaşayıb və oğlunu orada saxlayıb böyüdsün. Lakin Cavabdeh onu evə buraxmamış və münaqişə yaradaraq əlinə paya götürüb onu qovmuşdur. O, isə evə yaşayış hüququnun tanınması və evə köçürülmək tələbinə dair indiyədək məhkəməyə müraciət etməmişdir. Fikirləşmişdir ki, Cavabdeh oğlunun vəfatı ilə əlaqədar həyatının çətin günlərini yaşayır, depresiyaya düşüb, bir müddət yaşamağa imkan verəcək. Bundan başqa fikirləşmişdir ki, həyat yoldaşı Əlişin vəfatından dərhal sonra onun atasına qarşı məhkəmədə iddia qaldırmağı adətlərinı uyğun deyil. Odur ki, Əlişin vəfatının 1 ilinin tamam olmasını da gözləyib dözmüşdür,oğlu Röyalla birlikdə valideynlərinin heç bir şəraiti olmayan darısqal evində yaşamaqda davam edərək səbr etmişdir. Hazırki mübahisəni məhkəmədən kənar-mediatorun vasitəçiliyi ilə həlli üçün “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mediasiya təşkilatına müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştitak etmək üçün gəlməmiş, bununla da mübahisənin qarşılıqlı razılaşma yolu ilə həllindən imtina etdiyini nümayiş etdirmişdir. Odur ki, mediasiya xidmətinə görə 50 manat rüsum da onun tərəfindən birtərəfli qaydada ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdəfiə edərək, iddia tələbinin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 361918 nömrəli nihak haqqında şəhadətnamənin sürətindən görünür ki, X11 ilə X3 01 noyabr 2019-cu il tarixdə Bərdə Regional “ASAN-Xidmət mərkəzi qeydiyyat şöbəsinin 1263 nömrəli qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Hüsüyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 413388 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X10 01 fevral 2020-ci ildə doğulmuşdur, atası X11, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ 201135 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X11 16 avqust 2021-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsi tərəfindən 02 sentyabr 2022-ci il tarixli, 138-31315-1222 məktubdan müəyyən olunur ki, Cavabdeh Bərdə rayonu Qazaxlar kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan 05 avqust 2022-ci il tarixli, 03169 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısınınn Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 682 saylı, 18 iyun 2022-ci il tarixli arayışından müəyyən olunur ki, Hüsüyeva X1 yaşayır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1990-cı ildə doğulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(021)- 4026/2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh X9 qarşı evə köçmə tələbinə dair iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh X7 yaşadığı Bərdə rayonu Qazaxlar kəndində yerləşən evə köçürülməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli **********05 saylı məktubundan görünür ki, Cavabdeh və X7 adına Bərdə rayonu Qazaxlar kəndində 5 nəfər ailə üzvü ilə birlikdə 0,23 ha həyətyanı torpaq sahəsi (JN-105A) və 4 nəfər ailə üzvü ilə birlikdə 2,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN-164) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində aşkar edilmişdir. Lakin qeyd edilən əmlaklar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən “.....İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi birbirindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)......” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Məhkəmə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və ona mülkiyyət hüququ tanınmamışdır. Bu səbəbdən iddia tələbininevə kpçürülməyə aid hissəsi əsaslı olduğundan təmin edilməli, mübahisəli evə istifadə hüququnun tanınmasına dair hissədə isə təmin edilə bilməz. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə müvafiq olaraq, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı qarşı “yaşadığı evindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Cavabdeh yaşadığı Bərdə rayon Qazaxlar kəndində yerləşən evə köçürülsün. İddiaçı Mediasiya xidmətinə görə ödədiyi 50 manat və iddia tələbinə baxılması üçün məhkəmənin hesabına dövlət rüsumu olaraq ödədiyi 50 manat, cəmi 100 manat Cavabdeh tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar