Məhkəmə qərarları › İş №2(021)-344/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-344/2021

17.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-344/2021 17.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı və vəkili İsayeva Xanım Yusif qızının iştirakları ilə, İddiaçı Cavabdeh Sultan oğluna qarşı «cavabdehin qeyri qanuni hərəkətlərinə son qoyulması və gediş gəliş yolunun açılması » tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması və Bərdə rayon Otuzikilər kəndində yerləşən evinə gediş-gəliş yolunun açılması barədə qətnamə olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Bərdə rayon Otuzikilər kəndində özlərinə məxus evdə yaşayırlar. Cavabdeh 13 ildir ki, onun qonşusudur. Onun evinə gedən kəndarası ümumi istifadədə olan avtomobil yolu cavabdehin darvazasının qarşısından keçir. Cavabdeh həmin yolu zəbt edərək, avtomobilin, mal-qaranın və qonşuların gedişgəliş yoluna maneçilik yaradır. Dəfələrlə cavabdehdən həmin gediş gəliş yolunu açmasını tələb etsələr də , cavabdeh buna məhəl qoymamışdır. Buna görə də aralarında dəfələrlə mübahisə yaranmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında vəkil X.İsayeva iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1978-ci il tarixdə Bərdə rayon Otuzikilər kəndində anadan olmuşdur. Bərdə rayon Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2020-ci il tarixli 944 saylı arayışdan görünür ki, İddiaçı oğlu Bərdə rayon Otuzikilər kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 37 saylı 26 oktyabr 2020ci il tarixli arayışda qeyd olunur ki, Bərdə rayon Otuzikilər kənd sakini İddiaçı oğlunun 23.10.2020-ci il tarixdə Otuzikilər kənd bələdiyyəsi və icra nümayəndəliyinə verdiyi ərizələr əsasında baxış keçirilmiş, məlum olmuşdur ki, İddiaçı evinə gedən yol Cavabdeh darvazasının qarşısından keçir və kənd arası ümumi istifadədə olan avtomobil yoludur. Cavabdeh həmin yolu zəbt edərək, avtomobilin, mal-qaranın və qonşuların gediş gəliş yolunu daraldır. Mülki işə əlavə edilmiş MH seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Otuzikilər kəndində 0.08 ha torpaq sahəsində yerləşən, 1 otaqlı, 1 mərtəbəli, 29.6 kv.m yaşayış , 26.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş MH seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Otuzikilər kəndində 0.40 ha torpaq sahəsində yerləşən, 2 otaqlı, 1 mərtəbəli, 43.6 kv.m yaşayış , 30.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh Sultan oğlunun xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarıəsi tərəfindən verilmiş 06 fevral 2009-cu il tarixli 6919 inventar nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Bərdə rayon Otuzikilər kəndində 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hüququ subyekti İddiaçıdur. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 14.10.2021-ci il tarixli rəydə qeyd olunmuşdur: müəyyən olundu ki, Bərdə rayon Otuzikilər kəndində 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun eni 4 və 5 metrdir. Torpağın gediş yolu bağlanmamışdır. Cavabdeh Mehdiyev Bayram Sultan oğluna məxsus torpaq sahəsində gediş -gəliş yolu ilə bağlı heç bir qanun pozuntusu yoxdur. Cavabdeh Sultan oğlunun qarşı tərəf qonşusu gediş-gəliş yolunu 2-3 metr zəbt etmişdir. Cavabdeh Sultan oğlu gediş-gəliş yolunu bağlamamışdır. Hazırda MH seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh Sultan oğlunun mülkiyyətində olan Bərdə rayon Otuzikilər kəndində yerləşən fərdi yaşayiş evinin darvazasının qarşısından keçən avtomobil yolu kəndarası ümumi istifadə üçün nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş 27.10.2020-ci il tarixdən Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə mütəxəsis rəyini əsas götürərək hesab edir ki, iddia təmin oluna bilməz. Belə ki, mütəxəsiss rəyində qeyd olunmuşdur ki, cavabdeh Mehdiyev Bayram Sultan oğluna məxsus torpaq sahəsində gediş -gəliş yolu ilə bağlı heç bir qanun pozuntusu yoxdur. Cavabdeh Sultan oğlunun qarşı tərəf qonşusu gediş-gəliş yolunu 2-3 metr zəbt etmişdir. Cavabdeh Sultan oğlu gediş-gəliş yolunu bağlamamışdır. Cavabdeh Sultan oğlunun mülkiyyətində olan Bərdə rayon Otuzikilər kəndində yerləşən fərdi yaşayiş evinin darvazasının qarşısından keçən avtomobil yolu kəndarası ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. zərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İddia təmin olunmadığından iş üzrə 150 manat mütəxəssis xərci İddiaçı tutularaq Mobil MMC-nin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Sultan oğluna qarşı « cavabdehin qeyri qanuni hərəkətlərinə son qoyulması və gediş gəliş yolunun açılması » tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə 150 manat mütəxəssis xərci İddiaçı tutularaq Mobil MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar