Məhkəmə qərarları › İş №2(021)-347/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-347/2025

15.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-347/2025 15.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarma və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bərdə rayon ərazisində yerləşən 0.35 ha torpaq sahəsinin əkinə yararlı vəziyətə gətirilməsi üçün çəkilən xərcin dəyəri 14800 manat, 0.35 ha torpaq sahəsində əkilən taxıl bitkisinin (arpa və buğda) gəlirinin və xərcinin dəyəri 2000 manat, cəmi 16800 manat və 141 manat dövlət rüsumunun alınıb ona verilməsinə və cavabdehin 0,35 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bərdə rayonunda 1999-ci ildə aqrar islahat gedən vaxtı mərhum anası X5 0.35 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 164 kod 61001004 saylı dövlət aktı da verilmişdir. Torpaq sahəsi Bərdə rayonunun ərazisində yerləşir. Mərhum anası xx.xx.2011-ci ildə vəfat etmişdir. Bundan sonra mərhum anasından qalmış torpağı qardaşı X2, bacısı X6 razılığı ilə onun mülkiyətinə verilmişdir. Lakin cavabdeh sözgedən torpaq sahəsini zəbt edərək illərdir qeyri-qanuni əkmişdir. Sonradan isə həmin yeri qeyri-qanuni qazdıraraq yararsız bir vəziyətə salmışdır. Hətta dəfələrlə yerlərini boşaldıb özlərinə təhvil verilməsini desə də nəticə olmayıb. Hesab edir ki cavabdeh onlara xeyli miqdarda ziyan vurmuşdur. Bununla bağlı olaraq mütəxəsis rəyində 0.35 ha torpaq sahəsinin əkinə yararlı vəziyətə gətrilməsi üçün çəkilən xərc və 0.35 ha torpaq sahəsinə əkilən taxil bitkisinin (arpa və buğda) becərilməsi üçün çəkilən xərc və gəlir aşağıdakı şəkildə qiymətləndirilmişdir: 0.35 ha torpaq sahəsinin əkinə yararlı vəziyyətə gətrilməsi üçün təxminən 350 kamaz torpaq istifadə edilir və 14000 AZN tutur. 0.35 ha torpaq sahəsinə torpağın yayılması üçün xərc təxminən 800 AZN-dir. Ümumi cəmi xərc 14800 AZN-dir. Bərdə rayon ərazisində yerləşən 0.35 ha torpaq sahəsinə əkilən taxıl bitkisinin (arpa və buğda) becərilməsi üçün çəkilən xərc və gəlirin qiymətləndirilməsi 0.35 ha torpaq sahəsindən 1 il müddətində İ ton (1000 kq) taxıl bitkisi (arpa və buğda) əldə edilə bilər. 2015-ci ildən 2024-cü ilə qədər 0.35 ha torpaq sahəsində becərilən taxıl bitkisinin (arpa və buğda) gəliri ümumi 2000 manat təşkil edir. Cavabdeh tərəfin qeyri-qanuni hərəkətləri nəticəsində ona 2000 manat, taxıl və apranın 7 ildə əkib becərilməsinə görə zərər vurulmuşdur. Eyni ilə də sözgedən yerin ( ərazinin) qeyri-qanuni qazdırıb torpaq sahəsinin torpağını sataraq 14800 manat zərər vurmaqla yerin əvvəlki vəziyətinə salınması üçün bu qədər pul ödəməsi zəruridir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia əriəzində qeyd edilənlərə uyğun izahat verərək bildirdirmişdir ki, mübahisəli torpaq sahəsini 10 ildir Cavabdeh icarəyə vermişdir. Cavabdeh ona ilk üç il hər il 250 kq taxıl vermiş, daha sonra 7 il ərzində buğda verməmişdir. Hazırda torpağına baxan zaman qazılaraq yararsız hala salındığını görmüşdür. Cavabdeh onun torpaq sahəsinin qazaraq yayarsız hala salmışdır. İddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, torpaq sahəsinin qazılmasından 2017-ci ildə xəbəri olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, kənddə sovet sədri işləmişdir. 1999-cu ildə islahat gedən zamanı iddiaçının mərhum anası X5 0.35 ha torpaq sahəsi verilmişdir. İddiaçı ilə 2009-cu ildə həmin torpaq sahəsinin icarəyə götürülməsi barədə öz aralarında şifahi qaydada razılaşmışdırlar. 2012ci ilə qədər həmin torpaq sahəsini əkib-becərmiş və iddiaçıya hər il 250 kq taxıl vermişdir. 2012-ci ildə icra hakimiyyəti tərəfindən parkın yaxşılaşdırılması üçün 2.65 ha torpaq sahəsi qazılaraq torpaq çıxarılmışdır. Həmin qazılan toraq sahəsinin 0.35 ha hissəsi mübahisələndirilən torpaq sahəsidir. Buna görə də 2012-ci ildən sonra torpağı əkib-becərə bilmədiyi üçün icarə haqqı verməmişdir. O, cavabdehlə 10 il ərzində torpağın icarəyə verilməsi barədə razılaşmamış. O, hər dəfə torpaq sahəsində biçin işləri aparıb iddiaçıya razılaşdıqları çəkidə taxıl vermişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlаvə edilmiş JN-164 KOD 61001004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünr ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarına əsasən Bərdə rayon sakini X7 mülkiyətinə 0.35 ha torpaq sahəsi verilmişdir. Mülki işə əlаvə edilmiş qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********55 olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Qaradağlı kəndində yerləşən 0.35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı, X1 və X8 ümumi birgə mülkiyyətindədir. Mülki işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsindən görünür ki, X4 və X3 rayon Qaradağlı kəndində yerləşən ümumi sahəsi 0.35 ha torpaq sahəsinin özlərinə məxsus hissəsini İddiaçı bağışlamışdırlar. Mülki işə əlavə olunmuş AZ-İ №511416 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş “X11” MMC-nin xx.xx.2024-cü il tarixli Mütəxəssis Rəyindən görünür ki, 0.35 ha torpaq sahəsinin əkinə yararlı vəziyyətə gətirilməsi üçün təxminən 350 kamaz torpaqdan istifasə edildiyi 350x40 AZN= 1400 manat, 0.35 ha torpaq sahəsinə, torpağın yayılması üçün xərc təxminən 800 manat olmaqla ümumilikdə 14800 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 141 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar islahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarına əsasən, Bərdə rayonu, rayonunda yerləşən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. X9 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********55 olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan məlum olur ki, Bərdə rayon Qaradağlı kəndində yerləşən 0.35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı, X1 və X8 ümumi birgə mülkiyyətində olmuşdur. xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinə əsasən X4 və X3 rayon Qaradağlı kəndində yerləşən ümumi sahəsi 0.35 ha torpaq sahəsinin özlərinə məxsus hissəsini İddiaçı bağışlamışdırlar. İddiaçı ilə cavabdeh 2009-cu ildə həmin torpaq sahəsinin icarəyə götürülməsi barədə öz aralarında şifahi qaydada razılaşmışlar. Cavbdeh 2012-ci ilə qədər həmin torpaq sahəsini əkib-becərmiş və iddiaçıya hər il 250 kq taxıl vermişdir. Daha sonra həmin torpaq sahəsi qazılmış və oradan torpaq çıxarılaraq istifadəyə yararsız vəziyyətə salınmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehin torpaq sahəsindən çıxarılması, maddi ziyan və torpaq sahəsinin yararlı vəziyyətə gətirilməsi üçün pul tələblərindən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları göstərilmişdir. Əsaslardan biri də torpaq vergisi və icarə haqqının üzürlü səbəb olmadan 1 il ödənilməsi olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı bildirmişdir ki, mübahisəli torpaq sahəsini 10 ildir Cavabdeh icarəyə vermişdir. Cavabdeh ona ilk üç il hər il 250 kq taxıl vermiş, daha sonra 7 il ərzində buğda verməmişdir. 2017-ci ildən sonra torpaq sahəsinin qazılaraq yararsız hala salındığını bilmişdir. Cavabdeh isə həmin torpaq sahəsinin onun tərəfindən deyil, icra hakimiyyəti tərəfindən parkın abadlaşdırılması məqsədi ilə qazıldığını bildirmişdir. Məhkəmə bu halla bağlı qeyd edir ki, iddiaçı torpaq sahəsini cavabdehə icarəyə verdiyini bildirsə də icarə müqaviləsini məhkəməyə təqdim edə bilməmiş və onlar arasında bağlanmış icarə müqaviləsinin 10 il müddətinə bağlandığını təsdiq edə bilməmişdir. Lakin cavabdeh özü də etiraf etmişdir ki, icarə ilə bağlı öz aralarında şifahi razılaşma olmuş, lakin 2012-ci ildən sonra icarə haqqı verməmişdir. Həmin halı cavabdeh özü də təsdiq edir ki, 3 il icarə haqqı kimi taxıl vermiş, daha sonra həmin torpaq sahəsi icra hakimiyyəti tərəfindən qazıldığından o, əkin işləri apara bilmədiyindən taxıl götürə bilməmiş və eyni zamanda icarə haqqını verə bilməmişdir. Məhkəmə bununla yanaşı qeyd edir ki, iddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən qazılaraq yararsız hala salınmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdehin torpaq səhəsindən çıxarılmasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı özü də bildirir ki, mübahisəli torpaq sahəsi hazırda yarasız vəziyyətdədir və istifadəsiz qalmışdır. Belə olan halda torpaq sahəsinin cavabdeh tərəfindən zəbt etməsindən söhbət gedə bilməz. Həmçinin hər iki tərəf təsdiq edir ki, aralarında şifahi icarə müqaviləsi bağlanmış, 2009-cu ildən 2012-ci ilə kimi cavabdeh əkib-becərmişdir. 2012-ci ildən sonra yarasız hala salınmışdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində göstərilən tələblər bir-birilə əlaqəli tələblərdir. Digər hallar öz təsdiqini tapmadığından iddia tələbi maddi ziyan hissəsində də təmin oluna bilməz. Məhkəmə həmçinin iddia tələbi ilə bağlı qeyd edir ki, tələbinin təmin olunması iddiaçının əsassız varlanmasına gətirib çıxara bilər ki, bu da yol verilməzdir. Odur ki iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.1--ci maddəsinə əsasən Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbi rədd olunduğundan iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarma və maddi ziyanın ödənilməsi” tələbi təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar