Məhkəmə qərarları › İş №2(021)-3548/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3548/2023

13.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3548/2023 13.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X14 məhkəmə iclas kаtibliyi ilə, ərizəçinin etibarnamə üzrə nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirasın onun tərəfindən qəbul edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X5 miras qalmış Bərdə rayonu, Mollaisalar kəndində yerləşən 3 otaqlı 129 kv.m yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 ha həyətyanı torpaq sahəsinin miras əmlakı kimi qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılmasının üzürlü hesab edilməsini və miras qalmış Bərdə rayonu, Mollaisalar kəndində yerləşən 3 otaqlı 129 kv.m yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Mülkədar oğlu xx.xx.1956-cı il tarixdə, Bərdə rayonu, Mollaisalar kəndində anadan olmuşdur. X1 məxsus Bərdə rayonu, Mollaisalar kəndində 0,35 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində 3 otaqlı 129 kv yaşayış evi vardır. Anası Ağca xx.xx.2005-ci ildə vəfat etmiş, onun ölümündən sonra vaxtında Dövlət Notariat Kontoruna müraciət etməmişdir, vərəsəlik şəhadətnaməsi almamışdır. Anası vəfat edəndən sonra həmin evdə o, həyat yoldaşı X21 ilə birlikdə yaşamışlar. Anası Ağcanın ölümündən sonra onun yasını o təşkil etmişdir, vəfat etdiyi gündən etibarən onun mirasını faktiki olaraq o qəbul etmişdir, yəni evə və onun 0,35 ha həyətyanı torpaq sahəsinə sahiblik etmişdir, idarə etmiş, evdə yaşamaqla onlardan istifadə etmiş, mühafizə etmiş və kommunal xərclərini ödəmişdir. Bu vəziyyət, yəni mərhum Ağca Məmmədovanın mirasını faktiki olaraq qəbul edib, ona sahiblik və idarə etmişdir. Vərəsəlik şəhadətnaməsi vaxtında müraciət edib almadığından anasına məxsus həmin miras əmlakı adına qeydiyyata aldıra bilməmişdir, yəni həmin əmlak üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Məhz bu səbəbdən Bərdə regional "Asan xidmət" Mərkəzinin Dövlət notariat kontoruna müraciət etmiş, ancaq Vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edildi, ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, mərhum X10 miras əmlakı olan Bərdə rayonu, Mollaisalar kəndindəki 3 otaqlı 129 kv fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,35 ha torpaq sahəsinin xx.xx.2005-ci ildən onun sahibliyində və idarəçiliyində olmasını nəzərə alıb, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və mirasın qəbul edilməsi üçün müəyyəndirilmiş müddətin gecikdirilməsinin üzrlü sayılmasına dair məhkəmə aktına ehtiyacı var. İş üzrə hüquq və vəzifələrinə, vərəsə kimi maraq və mənafelərinə toxunduğundan məhkəmə 20 sentyabr 2023-cü il tarixli qərardadla məhkəmə hazırlıq iclasında dindirilmiş və ərizəçinin bacıları və miras qoyan X10 övladları olan X11 və X6 müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir. Məhkəmənin iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi X21 öz izahatında ərizəni müdafiə etdiyini və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazimi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, etməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialları üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, Ərizəçi maraqlı şəxs Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirasın onun tərəfindən qəbul edilməsi” tələbinə dаir ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmənin əvvəlki iclasında şahid kimi ifadə vermiş X11 öz ifadəsində ərizəçinin qardaşı olduğunu, miras qalan əmlakın analarından qaldığını və həmin ünvanda qardaşının öz ailəsi ilə yaşadığını bildirmişdir. Məhkəmədən ərizəçinin ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid kimi ifadə vermiş X16 öz ifadəsində ərizəçinin qardaşı olduğunu, miras qalan əmlakın analarından qaldığını və həmin ünvanda qardaşının öz ailəsi ilə yaşadığını bildirmişdir. Məhkəmədən ərizəçinin ərizəsinin təmin olunmasını xahiş etmişdir. Mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik məbləğində xidmət haqqı ödəmişdir. İş materiallarında olan AZE seriyalı, 13199465 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1959-cu ildə Bərdə rayonu, Mollaisalar kəndində anadan olmuşdur. Bərdə rayonu, Mollaisalar kəndində yaşayır. İş materiallarında olan AA3969016 nömrəli, 4FGGAAR FİN kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 – xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA******* nömrəli, xxxxxxx FİN kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi – xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 346 nömrəli arayışdan görünür ki, X11 həqiqətən Bərdə rayonu Mollaisalar kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 345 nömrəli arayışdan görünür ki, Ərizəçi Mülkədar oğlu həqiqətən Bərdə rayonu Mollaisalar kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 iyun 2023cü il tarixli, 847-05/69 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 01 iyul 1920-ci ildə Bərdə rayon, Mollaisalar kəndində anadan olmuş X10 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 02 dekabr 1976-cı ildən 07 dekabr 2005-ci ilədək "Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və həmin şəxsin nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 347 nömrəli arayışdan görünür ki, həqiqətən mərhumə X22 vəfat edənə kimi Bərdə rayonunun Mollaisalar kəndində yaşamış və aşağıdakı tərkibdə ailə üzvləri olmuşdur:

1. X17 – vəfat edib.

2. X7 – vəfat edib.

3. X18 – vəfat edib.

4. X12 – vəfat edib.

5. X13 – vəfat edib.

6. Ərizəçi Mülkədar oğlu

7. X11 – sağ.

8. X19 – sağ. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 may 2023cü il tarixli, 760-05/69 nömrəli çıxarışdan görünür ki, Ərizəçi xx xxxxxxxx 1956-cı ildə Bərdə rayonu, Mollaisalar kəndində anadan olmuşdur. Bu barədə Bərdə rayon Otuzikilər kənd İN tərəfindən 21 oktyabr 1956-cı il tarixli 106 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, X3 kimi qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 dekabr 2005-ci il tarixli, AZ-İ 169464 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 07 dekabr 2005-ci il tarixdə qocalıq və durğunluq pnevmoniyası səbəbindən vəfat etmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN – 092A, KOD 61011028 nömrəli şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 1998-ci il tarixli 13 saylı qərarı ilə 0.35 ha torpaq sahəsi Bərdə rayonu, Mollaisalar kənd sakini X10 adına rəsmiləşdirilmişdir. X38 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi Mülkədar oğluna ünvanlanmış 1480/2023 saylı 10 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, 07 dekabr 2005ci il tarixdə vəfat etmiş anaları X5 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 10 iyun 2023-cü il tarixdə Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə etdiyi müraciət ərizəsinə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd ediləni nəzərə alaraq mirasın qəbul edilməsinə dair müddət ötürüldüyündən müddətin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunur. Aprel 1989-cu il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, X15 fərdi yaşayış evi məxsusdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxs Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X5 miras qalmış Bərdə rayonu, Mollaisalar kəndində yerləşən 3 otaqlı 129 kv yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 ha həyətyanı torpaq sahəsinin miras əmlakı kimi qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılmasının üzürlü hesab edilməsini və miras qalmış Bərdə rayonu, Mollaisalar kəndində yerləşən 3 otaqlı 129 kv yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Həmin qərarın 10.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə, iş materiallarından görünür ki, Mamedov X8 Ağca Mahmud qızının oğlu olmaqla onun qanun üzrə birinci dərəcəli vərəsəsidir. X10 ərizəçidan başqa hazırda yaşayan vərəsələri olan qızları X11 və X16 analarından onlara çatası miras payından qardaşları Ərizəçi xeyrinə imtina etdiklərini məhkəmədə öz ifadələrində bildirmiş, bundan başqa X15 digər övladları- vəfat etmişlər. Hazırki üçüncü şəxslər X11 və X16 mərhumə X15 övladlarıdır. Lakin, təqdim edilmiş iş materiallarından və tərəflərin izahatlarından məhkəməyə məlum olur ki, ərizəçi Mamedov X8 Ağca Mahmud qızına xüsusi mülkiyyətində olan Bərdə rayonu, Mollaisalar kəndində yerləşən fərdi yaşayış evini anasının vəfatından sonra miras əmlak kimi qəbul etmiş, istifadəsində və idarəçiliyində saxlamış və hazırda da ailə üzvləri ilə birlikdə həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Mülki iş üzrə üçüncü şəxslər X11 və X16 isə həmin evdə yaşamamışlar və mirası qəbul etməmişlər. Ərizəçi isə mirasın qəbulu müddətini bilməməzlikdən ötürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, mirasın qəbulu üçün ötürülmüş müddət üzürlü hesab edilərək bərpa edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Ərizəçi valideynindən miras qalmış Bərdə rayonu, Mollaisalar kəndində yerləşən torpaq sahəsini miras kimi qəbul etməsi iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə qismən, yəni Bərdə rayon Mollaisalar kəndində yerləşən 0,35 ha torpaq sahəsinin qəbulu hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, ərizə torpaq sahəsi üzərində yerləşən 3 otaqlı 129 kv.m fərdi yaşayış evinin qəbulu hissəsində təmin edilə bilməz. Çünki, iş materiallarında həmin evə dair texniki pasport əlavə edilmişdir ki, həmin sənəd də texniki sənəddir və hüquqmüəyyən edici sənəd deyil. Belə olan halda həmin fərdi yaşayış evinin qəbulu yalnız həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu haqda çıxarışın verilməsi halında miras əmlak kimi qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən dövlət rüsumu tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinın özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə qismən təmin edilsin. X5 miras qalmış Bərdə rayonu, Mollaisalar kəndində yerləşən 0,35 ha həyətyanı torpaq sahəsinin miras olaraq Ərizəçi tərəfindən qəbul edilməsi müddəti ötürülməmiş hesab edilsin və həmin miras əmlak Ərizəçi tərəfindən qəbul edilmiş hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar