Məhkəmə qərarları › İş №2(021)-3571/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3571/2025

26.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3571/2025 26.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yetkinlik yaşına çatmayan övladı ilə birgə evə köçmə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ Açar sözlər: evə köçmə, mülkiyyət hüququ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yetkinlik yaşına çatmayan övladı ilə birgə evə köçmə” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-cı il təvəllüdlü X5 adlı övladı ilə birgə gəlin köçərək yaşadığı Bərdə rayon Köbərkənd kəndində olan evə köçürülməyinə dair qətnamə qəbul olunmasini xahiş etmişdir. İddiaçı iddia ərisəsini onunla əsaslandırmıışdır ki, o, cavabdehin oğlu X7 ilə xx.xx.2020 ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Qayınatası Cavabdeh və qayınanası X8 Bərdə rayon Köbərkənd kəndində yaşadıqları evə gəlin köçmüş və həmin evdədə yaşamışdır. Hazırda bütün cehiz-məişət əşyaları həmin evdədir. Xasiyyətləri uyğun gəlmədiyindən hazırda bir yerdə yaşamırlar. Nikahın pozulması barədə iddia tələbim məhkəmənin icraatındadır. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X5 anadan olmuşdur. Hazırda onun yaşayış yeri yoxdur. Cavabdeh ona həmin evdə yaşamağa imkan vermir. Qeyd olunanlara əsasən tələbinin təmin olunmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, evi tərk etmək istəməmişdir, həyat yoldaşı özü onu atasının evinə göndərib. Bu ilin yanvar ayının 8-dən anasıgilin evində yaşayır. Mübahisələndirdiyi ev əvvəldən cavabdehin mülkiyyətindədir. xx.xx.2025-ci il tarixdə X7 ilə nikahları pozulmuşdur. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. O, oğlu ilə gəlninin barışmasını istəyir. Ev onun mülkiyyətindədir. Cavabdehin onun evində yaşamasına icazə vermir. Mübahisəli evin yerləşdiyi 8 sot torpaq sahəsinin 1988-ci ildən kolxozdan sənədi var, ancaq daşınmaz əmlakın dövlət reyestrindən sənədi yoxdur. İddiaçı onun evinə əglin köçmüşdür. Oğlunun adına ev yoxdur. III. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. AZ-İİ seriyalı № 404099 saylı Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X14 arasında nikah Zaqatala rayon qeydiyyat Şöbəsində xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Cəfərzadə, arvada Cəfərzadə soyadı verilmişdir. AZ-T seriyalı № 302104 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2021-ci ildə anadan olmuşdur. X1, anası İddiaçıdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-2676/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X7 arasında Zaqatala rayon Qeydiyyat Şöbəsində xx.xx.2020-ci il tarixdə 168 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdeh X4 hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 müalicəsi üçün 30 sentyabr 2025-ci il tarixdəbn başlayaraq hər ay 280 manat cavabdeh X3 alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş mədaxil qəbzinindən görünür ki, iddia tələbi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh oğlu X7 ilə rəsmi ailə qurub həmin mübahisəli evdə yaşamışlar. Onların birgə nikahlarından 1 uşaqları anadan olmuşdur. Hazırda onların ailə münasibətləri pozulmuş və nikahın pozulmuşdur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İddiaçı ilə cavabdehin oğlu rəsmi ailə quraraq sözü gedən mənzildə yaşamışdır. Hazırda cavabdeh İddiaçı həmin evdə yaşamağa maneə olurlar. İddiaçı mübahisəli evdən xx.xx.2025-ci il tarixdə uşağı ilə birlikdə yaşamaq üçün başqa yerə çıxıb getmiş və həmin vaxtdan sonra evdə yaşamamışdır. xx.xx.2025-ci il tarixdə tərəflər arasında olan rəsmi nikah qeydi pozulmuşdur. Bu halları məhkəmə iclasında iddiaçının özü izahatında etiraf etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olub-olmaması barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş, lakin həmin mübahisəli fərdi yaşayış evinin cababdehin mülkiyyətində olduğunu etiraf etmişdir. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarına əsasən yaşayış yerindən istifadə 2000-ci ilə qədər, 2000-ci ildən 2009-cu ilə qədər və 2009-cu ildən sonrakı vaxtlara görə müəyyən edilir. Cavbdeh 2020-ci ildən həmin evə köçdüyü üçün bu iddia üzrə MM-nin tələbləri tətbiq edilməlidir. MM-yə əsasən yaşayış sahəsinə istifadə hüququ mülkiyyətçi ilə notarial qaydada bağlanmış müqaviləyə əsasən yaranır. Tərəflər arasında belə bir müqavilə olmadığından cavabdehin istifadə hüququ yaranmamışdır. Yaşayış yerindən istifadə hüququna əsas olmadığından iddiaçı yaşayış evinə köçürülməməlidir. Çünki bu mülkiyyətçinin mülkiyyət hüquqlarını pozur. Ona görə də iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yaşayış sahəsi cavabdehin mülkiyyətində olduğundan iddia tələbi təmin oluna bilməz. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1 -ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “yetkinlik yaşına çatmayan övladı ilə birgə evə köçmə” tələbinə tələbinə dair iddia təmin edilməsin. İddia üzrə ödənilmiş 100 manat dövlər rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar