Məhkəmə qərarları › İş №2(021)-3650/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3650/2023

28.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3650/2023 28.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Əvəz oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əvəz oğluna və Cavabdeh4 qarşı “qeyri-yaşayış binasından çıxarılma" tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə ona məxsus olan Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən (çay sahili, köhnə VAZ-ın ərazisi) qeyri-yaşayış binasından çıxarılmalarına və sözügedən qeyri-yaşayış binasının boşaldılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən (köhnə VAZ-ın ərazisi) qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən qeyri-yaşayış binasına xx.xx.2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən **********26-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli "Çıxarış" verilmişdir. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və onun ailə üzləri Cavabdeh2 və Cavabdeh3 neçə illərdir ki, mülkiyyətində olan qeyri-yaşayış binasını zəbt edərək orada yaşayırlar. Cavabdehlər Laçın rayonundan məcburi köçkün olduqlarından onların qeyri-yaşayış sahəsindən çıxarılmalarını tələb etməmişdir. Müzəffər Ali Baş Komandan və Şanlı Ordumuzun sayəsində nəhayət torpaqlarımız işğaldan geri alınsa da, əşyalarını mülkiyyətində olan binada saxlamaqla oradan çıxmırlar. Dəfələrlə qanunsuz olaraq daxil olduqları qeyri-yaşayış binasından çıxmalarını tələb etsə də, haqlı tələbinə məhəl qoymurlar. Qeyd olunanlara əsasən iddiasının təmin olunmasını məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, məcburi köçkün kimi qeyd edilən binada məskunlaşıblar. Başqa yaşayış yeri yoxdur.Həmin ərazidə qalsalarda yaşayış üçün yararlı ərazi deyildir. Məhkəmə iclasında Cavabdeh3 Əvəz oğlu bildirdi ki, məcburi köçkün kimi qeyd edilən binada məskunlaşıblar. Başqa yaşayış yeri yoxdur. Dövlət onlara yaşayış yeri vərsələr rahatlıqla gedib yaşayarlar. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəri Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi ürə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon A.Məmmədov küçəsi ev 10 nömrəli evdə yaşayır. yaşayır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********26-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Bərdə şəhər Koroğlu küçəsində 0.55 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 437 kv.m olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Bərdə Rayon Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Laçın rayonundan məcburi köçkündürlər. Müvəqqəti olaraq ünvan 1 ünvanında məskunlaşmışlar. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Bərdə Rayon Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh1, Laçın rayonundan məcburi köçkündür. Aşağıda adları göstərilmiş ailə üzvləri ilə birlikdə, Bərdə rayonu, Koroğlu küçəsində müvəqqəti məskunlaşmışdır. Məcburi köçkün kimi Bərdə rayonu ərazisində, dövlət tərəfindən mənzillə təmin edilməmişlər. Ailə tərkibi aşağıdakı kimidir: Cavabdeh2-arvadı, Cavabdeh3 Əvəz oğlu-oğlu, Cavabdeh4-oğlu. Məhkəmə tərəfindən həyata keçirilmiş yerli baxış protokolundan görünür ki, cavabdehlərin yaşadıqları ərazi faktiki maşın təmiri üçün nəzərdə tutulmuş ərazidir. Həmin ərazidə müəyyən sayda maşın təmiri xidməti göstərən yardımçı binalar vardır. Cavabdehlər də həmin ərazidə maşın yumaqla öz gəlirlərini həyata keçirirlər və buna da iddiaçı imkan yaradıb. Cavabdehlərin faktiki yaşadıqları bina qeyri yaşayış binasıdır. Yaşayış üçün və insan sağlamlığı üçün əlverişsiz şəraitdədir. Heç bir sanitar qovşağına malik deyildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********26-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Bərdə şəhər Koroğlu küçəsində 0.55 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 437 kv.m olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətindədir. Cavabdehlər məcburi köçkün kimi tikilidə məskunlaşmışlar. Məhkəmə iddia tələbi lə bağlı aşağıdakıları qeyd edir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasinin Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən əmlak kompleksi reystrdə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehlər isə qeyri yaşayış binasında məskunlaşmışlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən, yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin13.5-ci maddəsinə görə isə, mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab edilir. Göründüyü kimi cavabdehlərin məzkunlaşdığı bina mənzil yox, qeyri yaşayış binasıdır ki, bu da iddiaçının hüquqlarını pozmuş olur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə sasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olduğundan, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əvəz oğlu və Cavabdeh4 həmin qeyri-yaşayış binasını zəbt edərək iddiaçının hüquqlarını pozur. Ona görə də iddia tələbi təmin olunmalı, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əvəz oğlu və Cavabdeh4 əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasından çıxarılmalıdırlar və qeyriyaşayış binası boşaldılmalıdır. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əvəz oğluna və Cavabdeh4 qarşı “qeyri-yaşayış binasından çıxarılma” tələbinə dair iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əvəz oğlu və Cavabdeh4 özlərinə məxsus əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Bərdə şəhər Koroğlu küçəsində 0.55 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 437 kv.m olan qeyri-yaşayış binasından çıxarılsınlar və qeyri-yaşayış binası boşaldılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar