Məhkəmə qərarları › İş №2(021)-3699/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3699/2023

25.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3699/2023 25.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh İddiaçı2 (iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh İddiaçı3 nümayəndəsi), Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair ilk və Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onların xüsusi mülkiyyətində də olan və hal-hazırda zəbt olunmuş Bərdə rayon Kərimbəyli kəndində yerləşən 2.23 ha torpaq sahəsindən Cavabdeh çıxarılması tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, onların xüsusi mülkiyyətlərində Bərdə rayon Kərimbəyli kəndində yerləşən 2.23 ha torpaq sahəsi var. İslahat gedən zaman həmin torpaq sahələri adam başına hesablanmaqla 4 nəfər ailə üzünə verilmişdir. Həyat yoldaşı X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qeyd etdiyi torpaq sahəsinə torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Lakin dövlət aktı əsasında onlara verilmiş olan 2.23 ha torpaq sahəsini hazırki iş üzrə Cavabdeh qanunsuz yolla zəbt etmişdir və onların istifadə edib, əkib becərməklərinə maneçilik törədir. Onların mülkiyyətlərdə olan 2.23 ha torpaq sahəsini 11 il bundan qabaq yəni 2012-ci il tarixdə hazırki iş üzrə Cavabdeh sənədsiz qeyri-rəsmi olaraq icarəyə vermişdirlər. İcarə müddəti bitdikdən sonra Cavabdeh 2.23 ha torpaq sahəsini 2022-ci il tarixdə onlara verəcəkdi. Torpaq sahəsinin icarə müddəti bitdikdən sonra Cavabdeh onlara məxsus olan torpaq sahəsindən çıxmasını bildirdikdə isə, 2.23 ha torpaq sahəsini onlara verməkdən imtina etmişdir. Hal-hazırda cavabdeh həmin torpaq sahəsində əkin işləri apararaq oradan gəlir əldə edir. Cavabdeh bildirir ki, “həmin torpaq sahəsi ona məxsusdur." Halbuki onlara məxsus olan 2.23 ha hissəsini onlar heç bir şəxsin istifadəsinə rəsmi olaraq verməmişlər. Hal-hazırda da Cavabdeh onlara məxsus olan 2.23 ha torpaq sahəsindən çıxarılmasını istəyirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin (ilkin iddiaçıların) ona qarşı 12900 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehin (ilkin iddiaçının) qaldırdığı iddia ilə razı deyil. Belə ki, cavabdehlər (ilkin iddiaçılar) İddiaçı1 və digərləri ona notarial qaydada 1 ha və 1.24 ha torpaq sahəsini xx.xx.2009-cu il tarixdən etibarnamə ilə 99 il müddətinə satmışdırlar. Ondan hissə-hissə 12900 manat pul almışdılar. İndi isə məlumatı olmadan gedib verdikləri etibarnaməni ləğv etdirib və məhkəməyə veriblər. 2003-cü ildən qeyri-rəsmi, 2009-cu ildən isə rəsmi etibarnamə ilə torpaq onun istifadəsində olub. Ona görə də hesab edir ki cavabdehlərin ( ilkin iddiaçıların) iddiaları bütünlüklə rəd edilməklə 12900 manat pulun alınıb ona verilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh (iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh İddiaçı3 nümayəndəsi ) İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinə uyğun izahat verərərk təmin olunmasını, ilk iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh İddiaçı1 məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Seriya AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1992-ci il tarixdə Bərdə rayon Əyricə kəndində anadan olmuşdur. Bərdə rayon Əyricə kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 Bərdə rayon Əyricə kəndində yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş XİX-ЖГ №266051 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı İddiaçı1, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş XİV-ЖГ №383847 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı İddiaçı1, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0078 KOD-61006068 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə 2.24 ha torpaq sahəsi Bərdə rayon Kərimbəyli kənd sakinləri İddiaçı1, İddiaçı2, X2, İddiaçı3 mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Seriya AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1967-ci il tarixdə Laçın rayon Sovxoz kəndində anadan olmuşdur. Laçın rayon Nağdalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AA №301199 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh məcburi köçkün statusu verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2009-cu il tarixli ƏN-İ №130873 nömrəli Etibarnamənin surətindən görünür ki, İddiaçı1, İddiaçı2, X5, İddiaçı3 tərəfindən 9 il müddətinə, xx.xx.2012-ci il tarixinədək Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə JN-0078 KOD-61006068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan Bərdə rayon Kərimbəyli kəndində yerləşən 2.24 ha torpaq sahəsinin 1.00 ha torpaq sahəsinə “sərəncam verməyə, satmağa, bağışlamağa, dəyişməyə, ipoteka (girov) qoymağa, pulunu almağa, buna dair müqaviləni imzalamağa, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adlarından ərizə verməyə və digər hərəkətləri etməyə” dair Cavabdeh etibarnamə verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2009-cu il tarixli ƏN-İ №130874 nömrəli Etibarnamənin surətindən görünür ki, İddiaçı1, İddiaçı2, X5, İddiaçı3 tərəfindən 99 il müddətinə, xx.xx.2108-ci il tarixinədək Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə JN-0078 KOD-61006068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan Bərdə rayon Kərimbəyli kəndində yerləşən 2.24 ha torpaq sahəsinin 1.24 ha torpaq sahəsinə “sərəncam verməyə, satmağa, bağışlamağa, dəyişməyə, ipoteka (girov) qoymağa, pulunu almağa, buna dair müqaviləni imzalamağa, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adlarından ərizə verməyə və digər hərəkətləri etməyə” dair Cavabdeh etibarnamə verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Yeni Əyricə Bələdiyyəsi tərfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh İddiaçı1, İddiaçı2, X5, İddiaçı3 1998- ci ildə dövlət aktı əsasında 2.24 ha pay torpaq sahəsini almışdır, 1998-ci ildən halhazırki vaxta kimi Cavabdeh istifadəsindədi və torpaq rüsumunu ödəmişdir. Cavabdeh 2009-cu ildən 2.24 ha pay torpaq sahəsini notarial qaydada almışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə 2.24 ha torpaq sahəsi Bərdə rayon Kərimbəyli kənd sakinləri İddiaçı1, İddiaçı2, X2, İddiaçı3 mülkiyyətinə verilmişdir. İddiaçı1, İddiaçı2, X5, İddiaçı3 tərəfindən həmin topaq sahəsinin 1.00 ha hissəsinə xx.xx.2009-cu il tarixli ƏN-İ №130873 nömrəli Etibarnamə əsasında 9 il müddətinə, 1.24 ha hissəsinə isə xx.xx.2009-cu il tarixli ƏN-İ №130874 nömrəli Etibarnamə əsasında 99 il müddətinə “sərəncam verməyə, satmağa, bağışlamağa, dəyişməyə, ipoteka (girov) qoymağa, pulunu almağa, buna dair müqaviləni imzalamağa, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adlarından ərizə verməyə və digər hərəkətləri etməyə” dair Cavabdeh etibarnamə verilmişdir. Hazırda cavabdeh iddiaçılara məxsus həmin torpaq sahəsini istifadə edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Kərimbəyli kəndində yerləşən 2.24 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, Bərdə rayon Əyricə kəndində İddiaçı1 Firudun oğlu, İddiaçı2 və İddiaçı3 ilə onun arasında 2.24 ha pay torpaq sahəsinə dair alınması ilə əlaqədar pul tələb etmişdir. Bununla bağlı məhkəməyə hər hansı təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ilk iddia üzrə ödənilmiş 100 manat məbləğində rüsumu cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair ilk iddiası təmin olunsun. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Kərimbəyli kəndində yerləşən 2.24 ha torpaq sahəsindən çıxarılsın. İlk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar