Məhkəmə qərarları › İş №2(021)-370/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-370/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-370/2022 14.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və X4 , Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X11 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 08.10.2021-ci il tarixli 84 nömrəli sərəncamının ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və X11 iddia ərizəsini onunla əsaslandırmışdır ki, keçmiş kürəkəni X12 06.09.2021-ci il tarixdə qızları 14.03.1997-ci il təvəllüdlü Təranə Mustafayevanı bədəninin müxtəlif nahiyyələrinə bir neçə bıçaq zərbəsi vurmaqla qəsdən öldürmüşdür. Tural Mustafayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hazırda barəsində Bərdə rayon Prokurorluğunda cinayəti işi aparılır. Qızları öldürüldükdən sonra onların birgə nikahlarından olan 21 may 2016-cı il təvəlüdlü X5 və 27 iyul 2017-ci il təvəllüdlü X6 onların himayəsində qalırlar. Onlara məlum olmuşdur ki, Cavabdeh1 Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı əsasında Cavabdeh1 Başçısı tərəfindən 84 saylı 08 oktyabr 2021-ci il tarixli Sərəncam verilmişdir ki, 21 may 2016-cı il təvəlüdlü X5 və 27 iyul 2017-ci il təvəllüdlü X6 ata nənələri Cavabdeh2 qəyyumluğuna verilsin. Hesab edirlər ki, uşaqlar onların himayəsində olduğu halda, heç bir araşdırma aparmadan, qızlarının qətlə yetirilməsinin səbələri aydınlaşdırılmadan, uşaqların hazırda harada və hansı şəraitdə yaşamaları barədə məlumatları olmadan, uşqlarla söhbət aparılmadan, Cavabdeh1 Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş qərar və həmin qərar əsasında Cavabdeh1 qəbul etdiyi sərəncam ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X11 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 qızı bildirdi ki, rəsmi sənədlərlə Cavabdeh1nə müraciət etmiş və uşaqlar onun qəyyumluğuna verilmişdir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş digər Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1964-cü il tarixdə Ağdam rayon Başqərvənd kəndində anadan olmuşdur. Ağdam rayon Başqərvənd kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qərvənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 480 saylı 01.09.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı1 Ağdam rayon Başqərvənd kənd sakinidir və hal-hazırda Xındırıstan ərazi nümayəndəliyinin Bəybabalar kəndində yaşayır. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1973-cü il tarixdə İsmayıllı rayon İsmayıllı kəndində kəndində anadan olmuşdur. Ağdam rayon Başqərvənd kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ №861796 saylı Arayışdan görünür ki, Mustafayev Hikmət Tural oğlu 21 may 2016-ci il tarixdə anadan olmuşdur. X15 , anası Təranə Mustafayevadır. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ №969458 saylı Arayışdan görünür ki, X6 27.07.2017-ci il tarixdə anadan olmuşdur. X15 , anası Təranə Mustafayevadır Mülki işə əlavə olunmuş AZ-İİ №201214 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X2 06.09.021-ci il tarixdə “yuxarı arteriyasının travması” səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 16.09.2021-ci il tarixdə 944 nömrə ilə qeyd edilmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Prokurorluğunun 14.09.2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə X10 ölmüş zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmışdır. Mülki işə əlavə olunmuş Cavabdeh1 Başçısının 84 saylı 08 oktyabr 2021-ci il tarixli Sərəncamının Surətindən görünür ki, 21 may 2016-cı il təvəlüdlü X5 və 27 iyul 2017-ci il təvəllüdlü X3 nənələri Cavabdeh2 qəyyumluğuna verilməsi barədə Cavabdeh1 Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarının təsdiq edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçıların mərhum övladı Təranə Mustafayevanın əri X12 tərəfindən öldürülməsi barədə əsaslı şübhələr olduğundan X12 həbs olunmuşdur. Onların birgə nikahlarında olan övladları 21 may 2016-cı il təvəlüdlü X5 və 27 iyul 2017-ci il təvəllüdlü X6 iddiaçıların himayəsində yaşamasına baxmayaraq Cavabdeh1 Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarınına əsasən ata nənələri Cavabdeh2 qəyyumluğuna verilmiş və Cavabdeh1 Başçısının 84 saylı 08 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə həmin qərar təsqdiq edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcllənin 33.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 136.1-ci maddəsinə əsasən, qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Həmin Məcllənin 136.2-ci maddəsinə əsasən, qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Həmin Məcllənin 137.1-ci maddəsinə əsasən, yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilirlər. Həmin Məcllənin 141.1-ci maddəsinə əsasən, uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifəsidir. Uşaq hüquqları haqqında Konvensiyanın 18-ci maddəsinə əsasən, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Uşaq hüquqları haqqında Konvensiyanın 19-ci maddəsinə əsasən, iştirakçı dövlətlər uşağı valideynlər, qanuni qəyyumlar və ya uşağa qayğı göstərən hər hansı digər şəxs tərəfindən fiziki və ya psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın, o cümlədən seksual sui-istifadənin hər cür formalarından müdafiə etmək məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görürlər. Lazım gələrsə, bu cür müdafiə tədbirlərinə uşağa və onun qayğısına qalan şəxslərə zəruri kömək göstərilməsi məqsədilə sosial proqramlar hazırlamaq üçün, habelə uşaqla yuxarıda sadalanmış kobud rəftar hallarının qarşısının alınmasının və aşkara çıxarılmasının, bu hallar barəsində məlumat verilməsinin, onların baxılmağa göndərilməsinin, təhqiq edilməsinin, uşağın müalicəsinin və sonrakı tədbirlərin digər formalarını həyata keçirmək, habelə, lazım gələrsə, məhkəmə prosesinə başlamaq üçün səmərəli prosedurlar daxil edilir. Sadalanan hüquq normalarını nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh1 08.10.2021-ci il tarixli 84 nömrəli sərəncamı ləğv edilməlidir. Belə ki, Cavabdeh1 Qəyyumluq və Himayəçilik Komissiyası uşaqların harada və hansı şəritdə yaşamasını araşdırmadan, uşaqlarla maraqlanmadan, uşaqların 30.08.2021-ci il tarixdən iddiaçıların yanında olmasını nəzərə almadan qərar qəbul etmişdir. Həmçinin iddiaya dair hər hansı bir etirazlarını da məhkəməyə təqdim etməmişlər ki, məhkəmə onların mövqeylərinə dair dəyərləndirmə apara bilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və X4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 “sərəncamın ləğv edilməsi”nə dair iddia tələbi təmin olunsun. Cavabdeh1 08.10.2021-ci il tarixli 84 nömrəli qəyyumluğa verilməsi barədə sərəncamı ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar