Məhkəmə qərarları › İş №2(021)-3737/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3737/2021

15.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3737/2021 15.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı qızının, Cavabdeh Cavabdeh1 Səfər oğlunun və Cavabdeh2 iştirakları ilə, İddiaçı qızının cavabdehlər Cavabdeh1 Səfər oğluna və Cavabdeh2 qarşı “evə köçmə” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onların Bərdə rayon Hacallı kənd ünvanında yerləşən ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 64 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X6 2005-ci il tarixdə ailə qurmuşlar, birgə nikahlarından 16.03.2006-cı il təvəllüdlü X3, 08.12.2007-ci il təvəllüdlü Nəzərova Yeganə İnayət qızı və 08.08.2009-cu il təvəllüdlü Nəzərov İlkin İnayət oğlu adlı 3 övladları vardı. X6 ilə ailə qurduqdan sonra Bərdə rayonu Hacallı kəndində yerləşən torpaq sahəsində ümumi 81 kv.m, yaşayış sahəsi 64 kv.m olan 3 otaqlı fərdi yaşayış evi tikdirmişdirlər. Əvvəllər mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş və aralarında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra övladları ilə birlikdə Bərdə rayon Qayalı kəndində yaşamağa başlamışdır. Hal-hazırda əri həbsdədir. X6 həbsə girdikdən sonra övladları ilə birgə tikdirdikləri evə yaşamaq üçün getmişlər, lakin hazırki iş üzrə cavabdehlər olan qayınları ona həmin evdə yaşamağa icazə verməmişdirlər. Övladlarının həmin evdə yaşamasına baxmayaraq, onu evə buraxmırlar. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı qızı iddia ərizəsini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Səfər oğlu bildirdi ki, qardaşı X6 digər qardaşı Səxavət Nəzərovu öldürdüyü üçün hazırda həbsdədir. İddiaçının iddia etdiyi fərdi yaşayış evini qardaşı tikdirmişdir. Həmin evdə hazırda iddiaçının övladları yaşayır. X11 İddiaçı həmin evdə yaşamasını istəmir. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, qardaşı X6 digər qardaşı Səxavət Nəzərovu öldürdüyü üçün hazırda həbsdədir. Həmin evdə hazırda iddiaçının övladları yaşayır. X11 İddiaçı həmin evdə yaşamasını istəmir. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Bərdə rayon Qayalı kəndində anadan olmuşdur. Bərdə rayon Hacallı kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 377 saylı 01.07.2021-ci il tarixli arayışda qeyd olunur ki, X2 ümumi sahəsi 81 kv.m olan, yaşayış sahəsi 64 kv.m olan 3 otaqlı evi vardır. İş materiallarında olan AZ-İİ № 390269 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 16 mart 2006-cı il təvəllüdlü Vüsalə Nəzərovanın atası X6, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ № 390270 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 08.12.2007-ci il təvəllüdlü Yeganə Nəzərovanın atası X6, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ № 390271 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 08.08.2009-cu il təvəllüdlü İlkin Nəzərovun atası X6, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəindən veilmiş 24.11.2021-ci il tarixli Arayışdan görünür ki, X2 adına daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi qeydiyyata alınmamışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı qızı ilə X6 rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Tərəflər birgə nikah dövründə ünvan 1ində ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 64 kv.m olan 3 otaqlı fərdi yaşayış evi tikdirib birgə yaşamışlar. Daha sonra tərəflərin münasibəti pisləşmiş və nikahları məhkəmə qaydasında pozulmuşdur. X1 həbsdədir. Cavabdehlər Cavabdeh1 Səfər oğlu və Cavabdeh2 İnayət Nəzərovun qardaşlarıdır. Hazırda cavabdehlər İddiaçı qızını həmin evdə yaşamağa maneə olurlar. Həmçinin Bərdə rayon Hacallı kəndində yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə qeydiyyata alınmamışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçı həmin mübahisəli evdə yaşamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə məhkəmə qeyd edir ki, 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçılar köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Qeyd olunan halları nəzərə alaraq məhkəmə qeyd edir ki, İddiaçı qızı mübahisəli mənzilə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı qızının cavabdehlər Cavabdeh1 Səfər oğluna və Cavabdeh2 qarşı “evə köçmə” tələbi təmin olunmalı və iddiaçı İddiaçı qızı Bərdə rayon Hacallı kənd ünvanında yerləşən ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 64 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə köçürülməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia tələbi təmin olunsun. İddiaçı qızı Bərdə rayon Hacallı kənd ünvanında yerləşən ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 64 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə köçürülsün. İş üzrə ödənilmiş 10 manat dövlət rüsum cavabdehlər Cavabdeh1 Səfər oğlundan və Cavabdeh2 alınaraq iddiaçı İddiaçı qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar