Məhkəmə qərarları › İş №2(021)-3860/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3860/2022

04.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3860/2022 04.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “X1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, saxta sənəd əsasında mərhum qardaşı X1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırkı ərizə isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, hazırkı ərizədən görünür ki, Ərizəçi özünü ərizəçi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsini maraqlı şəxslər qismində qoymuşdur. Hazırki ərizə iddia icraatı qaydasında verilməli olduğu halda xüsusi icraat qaydasında verilmişdir. Sözügedən mübahisə MPM-nin xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılaraq həll edilə bilər. Çünki, MPM-lə xüsusi icraat qaydasında vərəsəlik şəhadətnaməsinin və ya vərəsəlik hüququnun mübahisələndirilməsinə dair iddialara baxılması nəzərdə tutulmamışdır. Həmçinin, ərizəyə mübahisə predmeti olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əlavə edilməmiş, habelə hazırki iş üzrə iddiaçı tərəfindən məhkəmədənkənar pretenziya qaydasına riayət edilməyərək mirasın qəbulu, vərəsəlik şəhadətnaməsi alınması və ya pay bölgüsü ilə bağlı ərazi üzrə notariat ofisinə müraciət edilməmiş və imtina alınmamışdır. Odur ki, hazırkı ərizə iddia ərzəsi formasında verilməli, iddia ərizəsinə vərəsəlik şəhadətnaməsi, həmçinin iddiaçının notariat ofisinə müraciət etməsi və imtina alması barədə imtina məktubu əlavə edilməli, iddia ərizəsində digər vərəsələr cavabdeh kimi, miras qoyan şəxsin yaşayış yeri və ya miras qalan əmlakın olduğu yer üzrə notariat ofisi isə 3-cü şəxs kimi göstərilməlidir. Bundan başqa iddia ərizəsində cavabdeh qismində qeyd ediləcək vərəsələrin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar təsbit edilməli, ərizəyə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri və iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilməlidir. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilə bilər. MPM-nin 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 305.1.1.-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2.-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 306.4.-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, həmçinin MPM-in 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “X1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar