Məhkəmə qərarları › İş №2(021)-3894/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3894/2025

13.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3894/2025 13.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi olmaqla “Vərəsəlik faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun mərhum anası X4 vərəsəsi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum anası X9 18 yanvar 2020-ci il tarixdə avtomobil qəzası nəticəsində vəfat etmişdir. Anası Aydın vəfat etdikdən sonra onun dəfn xərclərini özü çəkmişdir. Anası Bərdə rayonu Qaradəmirçi kənd qəbristanlığında dəfn olunmuşdur. Anasına düşən sığorta ödənişini almaq istəyir. Onun adına heç bir əmlak olmadığından vərəsəlik şəhadətnaməsi almamışdır. Lakin hazırda ona düşən sığorta ödənişinin alınması üçün vərəsəlik şəhadətnaməsi alınmalıdır. Cinayət işi üzrə zərəçəkmiş mərhum anası X4 hüquqi varisi kimi tanınmış və bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 1(100)-155/2020 saylı hökmü ilə təsdiq edilmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Bərdə regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Lakin ona uzun müddət keçdiyindən məhkəməyə müraciət etməsini bildirmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Babək Atayev məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab edib qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrlü sayaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1986-cıi ildə Kəlbəcər rayonu Susuzluq kəndində anadan olmuşdur, Kəlbəcər rayonu Susuzluq kəndində qeydiyyatdadır. Kəlbəcər rayon Yanşaq kənd sovetliyi tərəfindən verilmiş 01 fevral 1986-cı il tarixli Xİ- ЖГ 307618 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X10, “ana” qrafasında anası kimi X9 qeyd edilmişdir. Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 sentyabr 2024-cü il tarixli Nikah akt qeydindən çıxarışdan görünür ki, X10 ilə X7 27 yanvar 1986-cı ildə Kəlbəcər rayonu Yanşaq kənd icra nümayəndəliyində 05 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra qadına Ələsgərova soyadı verilmişdir. Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 may 2015-ci il tarixli AZ-İ 209970 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X10 ilə X9 arasında olan nikah ləğv edilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 yanvar 2020-ci il tarixli AZ-İİ 062250 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli 2959/2024 saylı məktubdan görünür ki, Ərizəçi 18 yanvar 2020-ci ildə vəfat etmiş anası X3 irs qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərizə ilə Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmiş, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 1(100)-155/2020 saylı hökmündən görünür ki, X11 Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib və ona 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmənin qeyd olunan hökmündən görünür ki, X11 nəqliyyat vasitələrini idarə etmak hüququ olmadan, texniki cəhətdən saz vəziyyətdə və etibarnamə olmadan ona verilmiş X1 məxsus olan “Mercedes-benz 308D” markalı, “**-KZ-***” dövlət qeydiyyat nişanlı mikroavtobusla 18 yanvar 2020-ci il tarixdə saat 07 radələrində Bərdə şəhəri Heydər Əliyev prospekti ilə Bərdə şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməyərək, Bərdə şəhəri istiqamətində yolu sağdan sola keçən piyada X5 idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq, sonuncuya baş beyin qişalarına və baş beyin toxumasına qansızma, sağ təpə, sağ gicgah və kəllə əsası sümüklərinin sınıqları, başın sağ təpə, sağ gicgah nahiyələrinin əzilmiş yaraları ilə başın küt travması, başın alın, sağ almacıq nahiyələrinin sıyrıqları, sağ İ-İİ-İİİ-lV qabırğalarının sınıqları, ağ ciyərdə ocaqlı qansızmalar, atelektaz və emfızema ocaqları ilə döş qəfəsinin küt travması, sağ baldır nahiyəsinin yuxan 1/3-nin qançırı ilə sağ baldır sümüklərinin (qamış və incik sümüklərinin) qapalı qəlpəli sınıqları, hər iki dirsək oynağı, sol əl pəncəsi, sol baldır nahiyələrinin sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş Aydın Ələsgərovanın ölümünə səbəb olmuş, həmçinin digər zərərçəkmiş X2 məxsus “Mercedes-benz 308D” markalı, “**-KZ-***” dövlət qeydiyyat nişanlı mikroavtobusa ümumilikdə, 290 (iki yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmənin qeyd olunan hökmündən görünür ki, 18 yanvar 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxs X4 hüquqi varisi Ərizəçi olmuşdur. “Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə” 10 sentyabr 2020-ci il tarixli, 1(100)-155/2020 saylı göstərişdən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 1(100)-155/2020 saylı hökmü 10 sentyabr 2020ci ildə qanuni qüvvəyə mindiyindən icra edilməsi üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi anası X9 18 yanvar 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüş, sonuncunun hüquqi varisi kimi oğlu Ərizəçi tanınmışdır. Bu hal Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 1(100)-155/2020 saylı hökmü ilə də öz təsdiqini tapmışdır. Ərizəçi anasının vəfatından sonra irs qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etsə də, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Ərizəçiyə qeyd olunan faktın müəyyən edilməsi anasına düşən sığorta ödənişinin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə görə məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi 18 yanvar 2020-ci ildə ölmüş X4 vərəsəsi olması faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə anasına düşən sığorta ödənişinin alınması üçün lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi anası X4 vərəsəsi olması faktı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar