Məhkəmə qərarları › İş №2(021)-390/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-390/2024

17.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-390/2024 17.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun anadan olduğu və zəhmət çəkib tikdirdiyi Bərdə rayonu Alpoud kəndində yerləşən evə köçürülməsinə və cavabdehdən 100 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Alpoud kəndində yerləşən evdə yaşamış, həmin evin tikilməsində iştirak etmiş, zəhməti olmuşdur. Ancaq cavabdeh həmin evdə onun yaşamasına imkan verməmişdir. Mediasiya şurasına müraciət etmiş, lakin cavabdeh mediasiya şurasına gəlmədiyindən işə baxılması mümkün olmamış, məcbur olub məhkəməyə müraciət etmişdir. Bu barədə mediasiya şurasına etdiyi müraciətə görə xx.xx.2023-cü il tarixdə 02799 saylı rəsmi arayış verilmişdir ki, məhkəməyə müraciət etsin. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, özü ata evində ailəsi və anası ilə birlikdə yaşayır. Ata evi, yəni hazırda özünün ailə üzvləri və anası ilə birlikdə yaşadığı ev 4 otaqdan ibarətdir, qismən təmirlidir. Yaşadığı ata evinin mülkiyyət sənədləri var və ev atasının mülkiyyətindədir. Atası 2022-ci ildə vəfat etmişdir. Cavabdehin yaşadığı ev isə atasına məxsus fərdi yaşayış evinin həyətində 10 il əvvəl tikilmişdir. Evi atası ilə özü tikmiş, həmin evin tikilməsində cavabdehin iştirakı olmamışdır. Atası ilə birlikdə tikdirdikləri və hazırda cavabdehin yaşadığı ev isə 3 otaqdan ibarətdir. Həmin evin tikilməsində fəhləlik etmiş, evin tikilməsində istifadə edilən materialların pulunu o və atası vermişdir. Həmin evin mülkiyyət sənədləri yoxdur. Ata evində qalıb yaşamasına heç kim narazı deyil və maneə törətmir. Lakin özü istəyir ki, hazırda cavabdehin yaşadığı sənədsiz evə köçüb orada yaşasın. İddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının köçmək istədiyi ev təkcə iddiaçı tərəfindən deyil, bütün ailə üzvlərinin köməkliyi ilə tikilmiş, atasının və anasının məsləhəti ilə yaşamaq üçün ona verilmişdir. Fərdi yaşayış evi 2011-ci ildə inşa edilmişdir. Özü ev ustası olduğundan, evin tikilməsində ustalıq etmişdir. Ev tikilib qurtardıqdan sonra ailə üzvləri ilə məsləhətləşərək belə qərara gəlmişlər ki, yeni tikilən evdə o ailə üzvləri ilə birlikdə, ata evində isə iddiaçı ailə üzvləri ilə birlikdə yaşasınlar. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrini sataraq ata evlərinin qonşuluğunda torpaq sahəsi almış və həmin evi tikmişlər. 2,20 ha kənd təsərrüfatlı torpaq sahəsində onun 0,45 ha payı olmuşdur. İddiaçı hazırda həyətyanı torpaq sahəsindən istifadə etməyə ona imkan vermir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 Cavabdeh göstərdiyi xüsusatları bir daha təsdiq edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuşdur, Bərdə rayonu Alpoud kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1983-cü ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuşdur, Bərdə rayonu Alpoud kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2023-cü il tarixli 558 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Alpoud kənd İƏD-nin Alpoud kəndində yaşayır və qeydiyyatdadır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-013A KOD 61001018 saylı şəhadətnamədən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarına əsasən Bərdə rayonu Alpoud kənd sakini X2, X5, X4, İddiaçı və Cavabdeh mülkiyyətinə 0,40 ha həyətyanı torpaq sahəsi verilmişdir. 16 may 1989-cu il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, Bərdə rayonu Alpoud kəndində yerləşən 1 otaqlı, 28 kv.m yaşayış, 17,6 kv.m köməkçi, 45,6 kv.m ümumi sahəsi olan yaşayış evi mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli MŞG1//MT007/2023-02799 nömrəli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya seansında iştirak etmək üçün 50 manat məbləğində xidmət haqqı ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarına əsasən Bərdə rayonu Alpoud kənd sakini X2, X5, X4, İddiaçı və Cavabdeh mülkiyyətinə 0,40 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsində 1989-cu ildə inşa edilmiş fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmış, sonuncu 2022-ci ildə ölmüşdür. İddiaçı atasının mülkiyyətində olmuş fərdi yaşayış evində yaşamaqla daimi yaşayış yeri vardır, həmin evdə yaşamasına heç kim narazı deyil və maneə törətmir. İddiaçının köçmək istədiyi fərdi yaşayış evi isə mülkiyyət hüququ əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ümumiyyətlə, həmin evin mövcud olması haqqında iddiaçı hər hansı sübut təqdim etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında köçmək istədiyi fərdi yaşayış evinin onun və atasının vəsaiti ilə tikildiyini, evin tikilməsində özünün də fəhləlik etdiyini qeyd etsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4-cü maddəsinə görə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə hesab edir ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi mülkiyyət hüququ əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və ümumiyyətlə, belə bir evin mövcudluğu barədə iddiaçı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia tələbinin təmin edilməsi üçün qanuni əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM: 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya seansında iştiraka görə ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində vəsait iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən mediasiya seansında iştiraka görə ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində vəsait İddiaçı özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar