Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-406/2025 17.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı1 Hüseyn oğlunun və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 Hüseyn oğlunun və İddiaçı2 Cavabdeh qarşı “ləyəqətsiz vərəsə hesab edilmə və vərəsəlik hüququndan məhrum etmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1 Hüseyn oğlu və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsinə əsas verən halların təsdiq edilməsinə və onun gələcəkdə onlardan qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsinə, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq onlara qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 Hüseyn oğlu və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdırlar ki, Cavabdeh onların doğma oğludur. 15 may 1967-ci ildə anadan olmuşdur. Bərdə rayonu Kətəlparaq kəndində yaşayır və heç yerdə işləmir. Onlar 83 və 76 yaşları olan ahıl insanlardır. Cavabdeh doğma övladları olmasına baxmayaraq, övladlıq simasını tam olaraq itirmişdir. Belə ki, övladları Cavabdeh təxminən 22-23 il bundan əvvəl Rusiya Federasiyasında quldurluq və saxta pul hazırlama cinayətlərinə görə məhkum olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib və cəzasın çəkib qurtardıqdan sonra Rusiya Federasiyasından deportasiya olunmuşdur. Ona evlərində yaşamağa icazə vermişdirlər, 2008-ci ildə həmkəndliləri X1 ilə evləndirib toyunu etmişdirlər. 2009- 2011-ci il təvəllüdlü 2 uşaqları vardır. 0,75 ha pay torpaqlarını da onun istifadəsinə vermişdirlər ki, əkib-becərsin və ailəsini saxlasın. Ancaq övladları Cavabdeh onlara heç bir qayğı göstərmir, əksinə uzun illərdir ki, müntəzəm surətdə onları ən ağır ifadələrlə söyüb təhqir edir və onlara qarşı dəfələrlə zorakılıq hərəkətləri etmiş, fiziki təzyiq göstərmişdir. Cavahdeh bu hərəkətləri ilə onları həyatdan bezdirmişdir. Onları camaat içərisində gözdən salır, onları pis valideyn kimi tantmaq istəyir. Bu yaşlarında onları rahat yaşamağa qoymur, hətta onları hədələyir, onlarla övlad kimi deyil, düşmən kimi rəftar edir, sanki onlardan qisas alır. Halbu ki, onların Talehdən başqa, daha 3 övladı da vardır və hamı bilir ki, onlara, o cümlədən də Talehə necə ata-ana olmuşdurlar. Hesab edirlər ki, Cavabdeh onlara qarşı aqressivliyi, təhqir və zorakılıqları düşünülmüş və şüurlu surətdə qəsdən edir və bu hərəkətlərindən zövq alır. Bundan məqsəd isə onları həyatdan bezdirmək, ölümlərini tezləşdirmək, yaxud onların məcbur olub ahıllar evinə yerləşmlərinə nail olmaq, beləliklə də digər övladları Sakit və Etibarın Rusiya Federasiyasında yaşayıb işləmələrindən isdifadə edərək onların daşınmaz və daşınar əmlaklarınə ələ keçirmək, onları satıb talamaqdır. Övladları Cavabdeh onların yeganə dolanışıq mənbəyi olan pensiyalarını da ona vermələrini tələb edir, vermədikdə onları hədələyir, münaqişə yaradır. Cavabdeh dəfələrlə anasını döyüb xəsarətləndirmiş, atasına qarşı da müxtəlif formalarda zorakılıqlar etmiş, hər ikisini dilə gətirilməsi mümkün olmayan ağır ifadələrlə, həm də yüz dəfələrlə söyüb-təhqir etmişdir. Taleh Rusiya Federasiyasında yaşayan zaman digər oğlu Etibarın üstünə silah çəkib. Onun bu cür hərəkətlərinə görə 15 ildən çoxdur ki, övladları Sakit və Etibar Azərbaycana gəlmirlər. Kətəlparaq kəndində öz ailəsi ilə yaşayan qızı 3 uşaq anası Mənsurə və onun həyat yoldaşı Cavabdeh onlara qarşı etdiklərinə görə onu öz evlərinə buraxmırlar. Talehə görə onların evinə də gəlib-gedə bilmirlər. Nəhayət, Cavabdeh onlara qarşı uzun illərdən bəri etdiyi aqressiv hərəkətlərə, ağır təhqirlərə və zorakılığa dözməyərək iddiaçılardan İddiaçı1 onun barəsində qanuni tədbir görülməsi üçün şikayət ərizəsi ilə 2024-cü ilin sentyabr ayında Bərdə Rayon Polis şöbəsinə də müraciət etmişdir. Lakin Bərdə RPŞ-dən həmin şikayətə indiyədək heç bir cavab verilməmiş, həmçinin Cavabdeh barəsində heç bir tədbir görülməmiş, yalnız şifahi olaraq onlara demişdirlər ki, “məhkəməyə müraciət edin, Talehi övladlıqdan (yəni vərəsəlikdən) və evdən çıxardın”. Yuxarıda sadaladıqları və sadalamağa ehtiyac bilmədikləri bir çox digər səbəblərdən Cavabdeh gələcəkdə onların vərəsəsi olmağa haqqı yoxdur, hesab edirlər ki, məhkəmə qaydasında o, ləyaqətsiz vərəsə hesab edilməklə gələcəkdə onarın vərəsələri olmaq hüququndan məhrum edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 Hüseyn oğlu iddia ərizəsini müdafiə edərək, bildirdi ki, oğlu əvvəllər məhkum olub. Övladı onlara zülüm verdiyndən onları oğlunun əlindən almağı, məhkəmədən köməklik etməyi xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək, bildirdi ki, səs çıxarmadığı çox şeylər var, onları deyə bilmir. Ovladları Taleh onlara yaxın durmasın. Məhkəmədən onlara köməklik etməyi xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Hüseyn oğlu xx.xx.1942-ci il tarixdə anadan olmuşdur. Bərdə rayon Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE №04660445 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1949-cu il tarixdə anadan olmuşdur. Bərdə rayon Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 634 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Abbasov X3 rayon Kətəlparaq kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 633 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 Bərdə rayon Kətəlparaq kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 636 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1942-ci il təvəllüdlü İddiaçı1 Hüseyn oğlunun aşağıda göstərilən ailə üzvləri vardır: arvadı-İddiaçı2, oğlu-X2. (Rusiya Federasiyasında yaşayır) İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1143-cu maddəsinə əsasən Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Azərbaycan Respublikası Konstituisya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Məhkəmə iddia tələbinin şəxsin ləyaqətsiz vərəsə hesab edilməsinə əsas verən halların təsdiq edilməsi hissəsinə münasibətdə qeyd edir ki, bu barədə iddianı miras açıldıqdan sonra müəyyən əmlak nəticələri əldə edən şəxslər tərəfindən verilə bilər. Məhkəmə gələcəkdə iddiaçılardan qalacaq miras əmlakdan məcburi pay almaq hüququnun məhrum edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçılar tərəfindən övladı Cavabdeh məcburi paydan məhrum edilməsinə əsas olan son iradələrini həyata keçirməsinə qəsdən maneə törətməsi, bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə və özünə qarşı qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini sübut edən hər hansı bir dəlili məhkəməyə təqdim edə bilməməmişdir. Buna görə də bu hissədə də iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 Hüseyn oğlunun və İddiaçı2 Cavabdeh qarşı “ləyəqətsiz vərəsə hesab edilmə və vərəsəlik hüququndan məhrum etmə” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-406/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-406/2025
17.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver