Məhkəmə qərarları › İş №2(021)-4127/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4127/2023

15.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4127/2023 15.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi Əzizov Mətləb Yahya oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onların xüsusi mülkiyyətində olan və hal-hazırda zəbt olunmuş Bərdə rayon Gərənə kəndində yerləşən Çıxarış əsasında olan 1.1714 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumu ilə birlikdə vəkilə ödədiyi 50 manat xidmət haqqının cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində Bərdə rayon Gərənə kəndində yerləşən adam başına 1.1714 ha torpaq sahəsi var. İslahat gedən zaman həmin torpaq sahəsi hesablanmaqla ona və ailə üzvlərinə verilmişdir. Qeyd etdiyi torpaq sahəsinə xx.xx.2023- cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışda verilmişdir. Lakin Çıxarış əsasında olan 1.1714 ha torpaq sahəsini hazırki iş üzrə Cavabdeh qanunsuz yolla zəbt etmişdir və onun istifadə edib, əkin əkib becərməyinə maneçilik törədir. Onların mülkiyyətində olan 1.1714 ha torpaq sahəsini 13 il bundan qabaq, yəni 2010-cu il tarixdə hazırki iş üzrə Cavabdeh sənədsiz qeyri- rəsmi olaraq icarəyə vermişlər. İcarə müddəti bitdikdən sonra Cavabdeh 1.1714 ha torpaq sahəsini 2022-ci il tarixdə ona geri verəcəkdi. Torpaq sahəsinin icarə müddəti bitdikdən sonra Cavabdeh onlara məxsus olan torpaq sahəsindən çıxmasını bildirdikdə isə, 1.1714 ha torpaq sahəsini ona verməkdən imtina etdi. Hal-hazırda cavabdeh həmin torpaq sahəsində əkin işləri apararaq oradan gəlir əldə edir. İndi isə dəfələrlə cavabdehə ona məxsus olan 1.1714 ha torpaq sahəsini tələb etdikdə imtina edir və onlara bildirir ki, “həmin torpaq sahəsi ona məxsusdur." Halbuki ona məxsus olan 1.1714 ha hissəsini onlar heç bir şəxsin istifadəsinə rəsmi olaraq verməmişlər. Hal-hazırda Cavabdeh onlara məxsus olan 1.1714 ha torpaq sahəsindən çıxarılmasını istəyirlər. Çünki hal-hazırda həmin torpaq sahəsindən istifadə edə bilmədikləri üçün gəlir əldə edə bilmirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X17 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh bildirmişdir ki, o torpaq sahəsini idiaçının qayını Fehruzdan almışdır. Bu barədə ona etibarnamə də verilmişdir. Məhkəmə, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Resoublikasının Seriya AA №0900622 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş reyestr nömrəsi İddiaçı adına verilmiş **********26, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsi İddiaçı, X14, X5 və X3 ümumi birgə mülkiyyətindədir. Mülki işə əlavə edilmiş A №998868 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin Torpaq sahəsinin planı və ölçü sənədindən görünür ki, Bərdə rayon Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsininin hüquq sahibi kimi İddiaçı qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-212 KOD- 61005078 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə 1.17 ha torpaq sahəsi Bərdə rayon Gərənə kənd sakinləri X14, İddiaçı, X6 və X4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-211 KOD- 61005078 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə 1.23 ha torpaq sahəsi Bərdə rayon Gərənə kənd sakinləri X12, X1, X7 və X8 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli, ƏN-İ №-082197 nömrəli Etibarnamənin surətindən görünür ki, X18, X2, X10 və X13 tərəfindən Bərdə rayon Gərənə kəndində yerləşən 1.23 ha torpaq sahəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotek (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və sair hərəkətləri etməyi xx.xx.2110- cu il tarixinədək Cavabdeh etibarnamə verilmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə 1.17 ha torpaq sahəsi Bərdə rayon Gərənə kənd sakinləri X14, İddiaçı, X6 və X4 mülkiyyətinə verilmişdir. Reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Bərdə rayon Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsi İddiaçı, X14, X5 və X3 ümumi birgə mülkiyyətindədir. Cavabdeh iddiaçılara məxsus həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Belə ki, həmin torpaq sahəsini iddiaçının qayını istifadə üçün cavabdehə vermişdir.Verilmiş etibarnamə isə iddiaçıya məxsus torpaq sahəsinə deyil, onun qayını X15 və ailə üzlərinə aid olan aid torpaq sahəsinə münasibətdə verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası təmin olunsun. Cavabdeh İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsindən çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar