Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-438/2022 02.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ona məxsus, xüsusi mülkiyyətində olan ünvan 5-dan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi ev 2/4, mənzil onun xüsusi mülkiyyətindədir, DƏDRX-dən xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdan keçmişdir. O, 2008-ci il tarixdə Cavabdeh ilə faktiki ailə qurmuş, 12 may 2009-cu il təvəllüdlü X10, 09 mart 2011-ci il təvəllüdlü X5, 16 fevral 2014-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Onlar ailə qurduqdan sonra ona məxsus evdə yaşamışlar. Cavabdehin ona qarşı münasibətləri sonralar dəyişmiş, evə, ailəyə baxmamış, uşaqlarla maraqlanmamışdır. Başqa kişilərlə mesajlaşmış, uşaqları atıb dəfələrlə evdən qaçmış, xeyli müddət harada qalması məlum olmamış, ona xəyanət etmişdir. O, dəfələrlə uşaqlara görə onu axtarıb tapmış, yenidən onu geri qaytarmışdır. Sonuncu dəfə yenə uşaqları üstünə atıb evdən qaçmış, 8 ay harada qalması ona məlum olmamışdır. Sonradan o, işdə olarkən gəlib onun xüsusi mülkiyyəti olan evə daxil olmuşdur. Ondan evi tərk etməyi tələb etsə də cavabdeh evdən çıxmayacağını bildirmiş, lazım gələrsə onu şantaj edəcəyini bildirmişdir. Hal-hazırda o, öz evində yaşamır, mülkiyyət hüququ pozulmuşdur. Ona müraciət edərək, Mediasiya vasitəsi ilə sakit şəkildə evdən getməsini tələb etmişdir. O, buna razı olmamışdır. Ona Mediasiyadan arayış verilmiş, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Övladları 2009-cu il təvəllüdlü X10 və 2011-ci il təvəllüdlü X8 onun himayəsindədirlər. Cavabdeh onun xüsusi mülkiyyətində olan məzildən çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, göstərdi ki, mülkiyyətində olan ev ona vərəsəlik qaydasında qalmışdır. Atası vəfat etmiş, bundan sonra anası da öz payından onun xeyrinə imtina etmişdir. Bundan sonra mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, reyestrdən çıxarış verilmişdir. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh 09 avqust 1982-ci ildə Bərdə rayonu, Həsənqaya kəndində doğulmuş, Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsinin arayışından müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1974-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE 10810671 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 12 may 2009-cu il tarixdə doğulmuş, atası İddiaçı, anası Cavabdehdir. Mülki işə əlavə olunmuş AZE 10810672 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 09 mart 2011-ci il tarixdə doğulmuş, atası İddiaçı, anası Cavabdehdir. Mülki işə əlavə olunmuş AZE 11554257 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 16 fevral 2014-cü il tarixdə doğulmuş, atası İddiaçı, anası Cavabdehdir. Mülki işə əlavə olunmuş mediasiya şurasının arayışından müəyyən olunur ki, tərəflər arasında barışıq əldə edilməmişdir. Mülki işə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətinə ünvan 2 ünvanında yaşayış evi qeydiyyata alınmışdır. Mülki işə əlavə olunmuş Cavabdeh tərəfindən verilmiş İddiaçı oğlunun iddiasına qarşı etirazda göstərilmişdir ki, iddia tələbinə etiraz edir, iddiaçı tələbində qeyd edir ki, guya əvvəllər ailə münasibətləri normal olmuş, sonralar o dəfələrlə evdən qaçıb və ona xəyanət edib. Guya sonuncu dəfə uşaqları evdə qoyaraq çıxıb gedib və bir neçə aydan sonra qayıdaraq vərəsəliklə ona məxsus evə girib oranı zəbt edib. İddiaçının dedikləri ağ yalandır və böhrandan başqa bir şey deyildir. Belə ki, İddiaçı ilə el adəti ilə, toy-nişan mərasimi keçirməklə ailə qurub və həmin mənzilə gəlin köçüb. Hətda həmin vaxt ona bildiribmişlər ki, narahat olma toydan sonra rəsmi nikahda olacaq. Lakin 2009-cu ildə ilk övladları dünyaya gəldiyi zaman iddiaçıya nikaha düşməyi təklif və təkid etsə də müxtəlif bəhanələr gətirməklə bundan yayınıb. Daha sonra 2011-ci ildə 2-ci övladlarında da eyni vəziyyəti yaratdı və 2014-cü ildə sonuncu övladları dünyaya gələndədə eyni vəziyyət yaşandı. Yəni Elçin bütün təkidlərinə baxmayaraq nikaha düşməkdən imtina etdi. Daha sonra onun nikah bağlamaqda təkidlərini görüb onu övladlarıyla birlikdə aparıb Bərdə rayonu Həsənqaya kəndində atasına məxsus evə qoydu ki, bir müddət burda qalın o problemlərini həll edib rəsmi nikah bağlayacaq. 6 ay sonra özü yendən gəlib onu cehiz əşyalarının olduğu ünvan 3 ünvanında yerləşən ona məxsus evə gətirib və bildirib ki, uşaqlarla birlikdə o burada yaşayacaq. O, onunla rəsmi nikaha daxil ola bilməz bütün ehtiyaclarını qarşılayacaq lakin, bundan sonra o, onlarla bir evdə yaşamayacaq. Beləcə münasibət davam etdi və sonuncu dəfə 5 ay qabaq yəni 2021-ci ilin sentyabr ayında uşaqları görmək isdədiyini bildirərək evdən uşaqları aparıb. Həmin gündən bu günədək nikahlarından olan iki övladlarını 12 may 2009-cu il təvəllüdlü X10 və 09 mart 2011-ci il təvəllüdlü X3 öz yanında saxlayır. Lakin digər övladları 16 fevral 2014-cü il təvəllüdlü X9 hazırda onun himayəsində və Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov 214.m.40 ünvanında onunla birgə yaşayır. Məhkəmənin diqqətinə çatdırmaq istədi ki, o həmin evə 2008-ci ildə gəlin köçüb və bütün cehiz əşyalarıda məhz həmin evdədir. Həmin evdə 13 ilə yaxın bir müddətdir ki, yaşayır və onlara toy zamanı onun valideynləri tərəfindən onların hər ikisinə hədiyyə olaraq verilmişdir. Lakin Elçin məhz ona qarşı qərəzli mövqe sərgilədiyindən bu gün onu övladlarıyla birlikdə həmin mənzildən çıxarmağa çalışır. Qeyd edir ki, faktiki nikahları dövründə ailəsinin vəsaiti hesabına tərəfindən həmin evdə dəfələrlə təmir işləri aparılmışdır. Həmin mənzilə onun istifadə hüququ 2008-ci ildən gəlin köçdüyü gündən yaranmışdır. Həmin mənzil onun və övladlarının yaşayış yeridir və onların oradan başqa yaşayış yeri yoxdur. Beləliklə, İddiaçı Cavabdeh mənzildən çıxarılması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh mənzildən çıxarılmalıdır. Belə ki, mülki iş materiallarında olan sənədlərlə də evin tam mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olduğu sübuta yetirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə müvafiq olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə isə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. İş materiallarına və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli mənzil İddiaçı mülkiyyətindədir və iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin Cavabdeh mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. İş materiallarından görünür ki, Cavabdeh mübahisəli mənzildə yaşamasını göstərsə də, həmin mənzil cavabdehin mübahisəli mənzilə köçməsindən qabaq iddiaçının mülkiyyətində olmuş və cavabdehin həmin mənzildə mülkiyyətçinin arvadı kimi yaşaması görünsə də, qanunvericilik prizmasından faktiki nikah heç bir hüquqi nəticə doğurmadığından, bu fakt cavabdehə mənzildən istifadə hüququ tanımır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh hal-hazırda İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5 ünvanından çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-438/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-438/2022
02.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver