Məhkəmə qərarları › İş №2(021)-4621/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4621/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4621/2023 05.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı cavabdehlər Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və Cavabdeh2nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra İddiaçı MMC) –nin adından X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfinin xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-14333 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırki iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdehlərin elektron poçt ünvanlarını qeyd etməmişdir. Bundan başqa iddia ərizəsi hüquqi şəxs olan İddiaçı adından verilərək X1 tərəfindən imzalanmış, lakin, iş materiallarında nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya cəmiyyətin təsis sənədləri mövcud deyildir, belə ki, qanuni təmsilçinin səlahiyyətini təsdiq edən nizamnamə və onun cəmiyyətin rəhbəri olmasına dair hüquqi şəxslərin dövlət reyestrindən çıxarış iş materiallarına əlavə edilməmiş, iddia ərizəsi hüquqi şəxsin blankında və ya cəmiyyətin möhürü vurulmadan verilmişdir. Belə olan halda iddia ərizəsini imzalayan Nadir Qədimlinin cəmiyyətin adından iddia ərizəsini imzalamaq səlahiyyətini müəyyən etmək mümkün olmur. Bundan başqa məhkəmə hesab edir ki, hazırki iddia kommersiya xarakterlidir və buna görə müvafiq regional kommersiya məhkəməsinə baxılmaq üçün təqdim edilməlidir. Çünki, iddiada Nadir Qədimli İddiaçı MMC-nin Cavabdeh2 MMC-dən mobil nömrələrin götürülüb satışının həyata keçirildiyini qeyd etmişdir. Belə olan halda hər iki tərəf olan hüquqi şəxs arasında yaranmış münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən kommersiya xarakterinə malikdir və hazırki iddiaya rayon məhkəməsində baxıla bilməz. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı icra qeydinin ləğvi ilə bağlı ilk növbədə cavabdeh Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etməli və ən azı onun imtinasını almalı və ya münasibətini öyrənməli idi. Lakin, iddiaçı bunu da etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 69.2ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. MPM-in 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. MPM-in 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. MPM-in 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odurki, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və Cavabdeh2nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar