Məhkəmə qərarları › İş №2(021)-4806/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4806/2023

25.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4806/2023 25.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və üçüncü şəxs Bərdə rayon Kətəlparaq Bələdiyyəsinə qarşı “Torpağa mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Kətəlparaq Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 07 saylı qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün həyətyanı sahə kimi ayrılıb verilmiş 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və üçüncü şəxs Bərdə rayon Kətəlparaq Bələdiyyəsinə qarşı “Torpağa mülkiyyət hüququnun tanınması”na dair iddia tələbi - rayon məhkəməsinin səlahiyyətinə aid deyil və mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə həmçinin iddiaçının nəzərinə çatdırır ki, Bərdə rayon Kətəlparaq Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 07 saylı qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün həyətyanı sahə kimi ayrılıb verilmiş 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə əlaqədar olaraq əvvəlcə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etməli, imtina edildiyi halda isə qeyd olunan təşkilatın hərəkətləri barədə Gəncə İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM) 153.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli Ali Məhkəmənin Plenum qərarının 6.1-ci maddəsinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərlə bağlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və üçüncü şəxs Bərdə rayon Kətəlparaq Bələdiyyəsinə qarşı “Torpağa mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı bu iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etməli olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar