Məhkəmə qərarları › İş №2(021)-520/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-520/2024

25.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-520/2024 25.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1) və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh2) qarşı “Torpaqdan çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Şəkufə Hüseynova məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun xüsusi mülkiyyətində olan və hal-hazırda zəbt olunmuş Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,8967 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şəkufə Hüseynova iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində Bərdə rayonu Ləmbəran kəndində yerləşən 1.8967 ha torpaq sahəsi var. İslahat gedərkən həmin torpaq sahələri adam başına hesablanmaqla 2 nəfər ailə üzvünə verilmişdir. Qeyd etdiyi torpaq sahəsinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 iyul 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış da verilmişdir. Çıxarışda adı olan X7 26 avqust 1999-cu il tarixdə vəfat etmişdir. Pay torpaq sahəsi islahat gedən zaman onlara bağ sahəsi kimi istifadə edilməsi üçün verilmişdir. Lakin Çıxarış əsasında onlara verilmiş 1.8967 ha torpaq sahəsini hazırkı iş üzrə cavabdeh olan qardaşı Cavabdeh1 və həmin qardaşının oğlu Cavabdeh2 qanunsuz yolla zəbt etmiş və onun oradan bağ kimi istifadə etməsinə maneçilik törədirlər. Hal- hazırda cavabdehlər həmin pay torpaq sahəsində işlər apararaq oradan gəlir əldə edirlər. Dəfələrlə cavabdehlərdən ona məxsus olan 1.8967 ha torpaq sahəsini tələb etsə də, qasytarmaqdan imtina etmişlər və torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişlər. Halbuki, ona məxsus olan 1.8967 ha torpaq sahəsini heç bir şəxsin istifadəsinə rəsmi olaraq verməmişlər. Hal-hazırdada cavabdehlər-qardaşı Cavabdeh1 və qardaşı oğlu Cavabdeh2 onlara məxsus olan 1.8967 ha torpaq sahəsindən çıxarılmasını istəyir. Məhkəmə iclasında surdo tərcüməçinin iştirakı ilə dindirilmiş İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat verdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək göstərdi ki, iddiaçı bibisidir. İddiaçı istədiyi vaxt gəlib torpağından istifadə edə bilər, öz evində yaşaya bilər. İddiaçının tələb etdiyi torpaq sahəsinin nənəsi Tavadın payına düşən hissəsindən onlar istifadə etmişlər. Bibisi Şəkufanın torpağından isə əmisi X3 və onun ailə üzvləri istifadə edir. Torpaqlar bölünmüş və ortadan çəpərlə ayrılmışdır. 1,81 ha torpaq sahəsinin 0,80-0,90 ha hissəsindən o və ailə üzvləri istifadə edir. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmənin 30 yanvar 2024-cü il tarixli iclasında dindirilmiş Cavabdeh1 göstərmişdir ki, iddiaçı X6 bacısıdır. Onlar ailədə beş qardaş, bir bacı olmuşlar. İki nəfər qardaşları vəfat etmişdir. Qardaşının biri cəzaçəkmə müəsissəsində cəza çəkir. Bacısının torpağını ondan zorla almamışdır. Bacısı İddiaçı nə vaxt istəsə gəlib onlarla birgə yaşayıb torpağını özü istifadə edə bilər. Bır müddət öncə bacısı İddiaçı onlara gəlmiş, söhbət etmişlər. Bacısına gəlib onlarda qalmasını, birgə yaşamalarını bildirmişdir. O, atalarından qalan torpaq sahəsində ata evini sökdürərək yeni ev tikmişdir. Həmin ev 3 otaqdan ibarətdir. Bacısı İddiaçı bildirmişdir ki, evin arxasından qapı açsın, oradan gedib-gəlsin, necə istəyir elə də yaşasın. Lakin bacısı onun sözlərinə məhəl qoymamış, gecə vaxtı evdən çıxıb getmişdir. 1.81 ha torpaq sahəsinin bir qismi İddiaçı özündədir, bir qismi isə meşə zolağıdır. Atası rəhmətə getməzdən əvvəl 1994-cü ildə bütün əmlakı bacısı İddiaçı mülkiyyətinə vermişdir. İddiaçı nə zaman istəsə gəlib öz torpağından istifadə edə bilər. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli AZ-İİ 409714 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 25 fevral 2024cü ildə ölmüşdür. Bərdə Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi barədə iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, iddiaçı bibisi, cavabdehlər isə əmisi və əmisi oğludur. Əmisi oğlu Cavabdeh2 dəfələrlə bibisi İddiaçı döyüb evdən qovmuşdur. Dəfələrlə bibisi gələrək onun evində qalmışdır. Həmişə bibisinə kömək etmişdir, indi də kömək edir. O, mübahisəli torpağın 0,80 ha hissəsindən deyil, 0,40 ha hissəsindən istifadə edir. Bibisi İddiaçı onun yaşadığı evə gəlir, 10 gün qalır və yenidən Bərdə şəhərinə qayıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, şahidi dindirib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh2 xx.xx.1989-cu ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,8967 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və X2 adına qeydiyyata alınmışdır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli 905-05/69 nömrəli ölüm akt qeydindən çıxarışdan görünür ki, X7 16 avqust 1999-cu ildə Bərdə rayonu Lənbəran kəndində ölmüşdür. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 saylı 30 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Bərdə rayonu Lənbəran kənd sakini xx.xx.1999-cu ildə vəfat etmiş X2 ölümündən sonra ondan miras qalan yaşayış evində hal-hazırda Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşayır, 1,8967 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,09 hektarından Cavabdeh1, qalan 0,80 ha torpaq sahəsindən isə mərhumə X2 hal-hazırda həbsdə olan oğlu X1 ailəsi istifadə edir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,8967 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və X2 mülkiyyətinə verilmişdir. X7 xx.xx.1999-cu ildə ölmüş, sonuncunun ölümündən sonra ona məxsus evdə oğlu Cavabdeh1 və onun ailə üzvləri yaşamışdır. Ümumu birgə mülkiyyətdə olan 1,8967 ha torpaq sahəsi üzərində paylar müəyyən edilməmiş, o cümlədən iddiaçının payı naturada müəyyən edilərək ayrılmamışdır. X2 vərəsələrinin onlara düşən paydan imtina etmələri barədə sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Sözügedən torpaq sahəsində iddiaçının payı naturada müəyyən edilərək ayrılmadığından məhz iddiaçıya məxsus olan torpaq sahəsinin zəbt edilməsini müəyyənləşdirmək mümkün deyildir. İddiaçı isə cavabdehlərin məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etmələri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 42-ci bəndində göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Qeyd olunan qərarın 44-cü bəndində göstərilmişdir ki, məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın (bax, İatridis Yunanıstana qarşı, № 31107/96, § 58, İHAM 1999-İİ). Konvensiyada «qanun» və «qanuni» anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. MM-nin: 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Göründüyü kimi, iddiaçı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğu halda bunu etməmiş, mübahisələndirdiyi torpaq sahəsinin hansı hissəsinin ona məxsus olması və həmin hissənin cavabdehlər tərəfindən zəbt edilməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. MPM-in: 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh2 qarşı “Torpaqdan çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar