Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-668/2023 04.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh X8 iştirakları ilə, İddiaçı cavabdeh X11 qarşı alqı-satqı müqaviləsinin baş tutmuş hesab edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X9 və ailə üzvlərinin JN 117A-KOD 6100901B saylı dövlət aktına əsasən mülkiyyətində olan, 2.01 ha pay torpaq sahəsinə qarşı alqı-satqının baş tutmuş hesab edilməsi və mülkiyyətin onun adına qeydiyyata alınması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu Qaratəpə kənd sakinidir. 12 iyun 2002 -ci il tarixdə müqavilə əsasında torpaq almışdır. X8 və ailə üzvlərinin mülkiyyətində olan JN 117A- KOD6100901B dövlət aktı ilə mülkiyyətlərinə verilmiş 2.01 hektar pay torpaq sahələrini ona satmış və bu barədə şahidlərin iştirakı ilə akt tərtib edilmiş, möhrü ilə təsdiqlənmişdir. Həmin vaxtı pay torpaq sahəsinin alqı-satqısı natarial qaydada mümkün olmadığı üçün alqı-satqını natariat qaydasında razılaşdıra bilməyiblər. Bundan başqa 2016-cı ildə ona etibarnamə vermiş və etibarnamənin müddəti ötmüşdür. Hazırda cavabdeh və ailə üzvləri ilə əlaqəsi yoxdur. Bu səbəbdən torpağı sənədləşdirə bilmir. O, torpağı adına rəsmiləşdirmək istəyir. Ona torpaq satmış şəxsləri tapa bilmir. Lakin mülkiyyətçilər arasında alqı-satqı məhkəmə qaydasında təsdiqlənməlidir. Ona görə də alqı-satqının baş tutmuş hesab edilməsinə və həmin torpaq sahəsinin onun adına qeydə alınmasına dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdeh X9 və ailə üzvlərinin JN 117A-KOD 6100901B saylı dövlət aktına əsasən mülkiyyətində olan, 2.01 ha pay torpaq sahəsinə qarşı alqı-satqının baş tutmuş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X12 iddianı qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qimsində dindirilmiş X13 izahatında göstərmişdir ki, tərəflərin hər ikisini tanıyır. Cavabdeh özü və ailə üzvləri pay torpaq sahələrini iddiaçıya satıblar. Torpağın alqı-satqısında o, da iştirak etmişdir və akt tərtib olunub, akta da imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında göstərmişdir ki, cavabdeh X12 və onun ailə üzvləri öz pay torpaqlarını iddiaçıya satmışdır. O, bunun şahidi olub və akta imza edib. Məhkəmə iş üzrə tərəflərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ünvan 1 İnzibati Ərazi Vahidi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1302 nömrəli, 22 oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X2 rayonu, Qaradəmirçi kəndində qeydiyyatdadır, lakin yaşamır. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1969-cu ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş ünvan 1 İnzibati Ərazi Vahidi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1275 nömrəli, 20 oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1ində yaşayır. İş materiallarına əlavə olunmuş etibarnamənin surətindən müəyyən olunur ki, X12 birgə mülkiyyət hüququ ilə ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin sənədləşdirilməsi üzrə səlahiyyətlərini İddiaçı etibar etmişdir. Həmin etibarnamədə mübahisəli torpaq sahəsinə sərəncam vermək, satmaq, almaq, dəyişmək, ona çatası olan pulu almaq kimi səlahiyyətlər xüsusi olaraq sadalanmışdır. Bundan başqa həmin etibarnamə 3 illik müddətə verilmiş və ötürülmüş səlahiyyətlərin digər şəxsə verilə bilməsi səlahiyyəti də verilmişdir. İş materiallarına əlavə olunmuş 12 iyun 2002-ci il tarixli aktın sürətindən müəyyən olunur ki, X12 və ailə üzvüləri ümumi birgə mülkiyyətlərində olan JN 1174-KOD 61009018 seriyalı Dövlət aktı ilə 2.01 ha torpaq sahələrini İddiaçı 1600 manata satmşdır. İş materiallarına əlavə olunmuş JN 1174 KOD 61009018 Dövlət Aktından müəyyən olunur ki, Bərdə Rayon Aqrar islahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli 11 saylı qərarı ilə Bərdə rayon birinci Qaradəmirçi kənd sakinləri X10, X5, X3, X1, X6, X4 mülkiyyətinə 2.01 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli, 39241 nömrəli məktubdan müəyyən olunur ki, X2 rayonu, Qaradəmirçi kəndi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZE 14970445 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X19 08 fevral 1965-ci ildə Laçın rayonu Ələkçi kəndində doğulmuşdur, Laçın rayonu Ələkçi kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZE 08597331 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 08 aprel 1959-cu ildə Laçın rayonu Ələkçi kəndində doğulmuşdur, Laçın rayonu Ələkçi kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Polis Şöbəsinin təhqiqatçısı X16 cinayət işinnin başlanılmasının rədd edilməsinə dair 10 mart 2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, X8 müraciəti əsasında cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş cavabdeh X12 12 iyun 2002-ci il tarixli akta münasibət bilrərək, akta imza etmədiyini bildirmiş, bunun müəyyən olunması üçün ekspertiza təyin edilməsini xahiş etmiş, bu barədə yazılı vəsatət vermişdir. Lakin məhkəmə iclasında vəsatətini cavabdeh əsaslandıra bilməmiş, mübahisəli aktı, eləcə də əvvəl etiraf etdiyi notarial qaydada təsdiq edilmiş etibarnaməni də imza etmədiyini bildirərək “heç nə mənlik deyil” deməklə kifayətləndiyindən məhkəmə həmin vəsatəti işi uzatmaq məqsədilə verilməsi qənaətinə gələrək təmin etməmişdir. Hazırki mülki mübahisə ilə bağlı məsələni araşdıran məhkəmə aşağıdakı maddi, prosessual hüquq normalarını və Konstitusiya Məhkəməsinin mövqeyini qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi tərəflərin arasında mübahisəli hüquq münasibəti 2002-ci ildən yaranmışdır. Lakin məhkəmə iclasında müəyyən edilmiş hallardan da müəyyən edilir ki, bu barədə “yazılı müqavilə” akt tərtib edilmiş, tərəflər tərəfindən imza edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 336.2-ci maddəsinə əsasən, əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”03 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “....Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi barəsində iddiaçının atası və cavabdehlər arasında 20 sentyabr 2004-cü il tarixində alğı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının aşkar sahibliyində və istifadəsində olmuşdur. Torpaq sahəsinə dair dövlət aktının əsli də iddiaçının atası Q.Nəcəfova təhvil verilmişdir. 2017-ci ildə həmin torpaq sahəsinə dair dövlət aktının itirilməsi barədə cavabdehlər tərəfindən qəzetdə elan verilməsinədək tərəflər arasında torpaqla bağlı hər hansı mübahisə olmamışdır. Həmçinin, Quba rayonu İ Nügədi Bələdiyyəsinin 14 oktyabr 2019-cu il tarixli arayışına əsasən, mübahisəli torpaq sahəsi 2004cü ildən etibarən Q.Nəcəfov, 2014-cü ildən isə oğlu F.Nəcəfov tərəfindən əkilib-becərilmiş və torpaq vergiləri onlar tərəfindən ödənilmişdir. Məhkəmə qərarlarında göstərilmişdir ki, mübahisəli torpağın alğı-satqısı müqaviləsi üzrə satıcılardan K.Ağahüseynova və P.Ağahüseynov müqaviləni imzalamamışlar. Yəni ümumi mülkiyyətdə olan torpağın birgə mülkiyyətçilərinin razılığı (imzası) olmadan əmlaka sərəncam verilmişdir. Bu da mübahisəyə Mülki Məcəllənin müqavilənin bağlandığı vaxt qüvvədə olan 335-ci maddəsinin tətbiq olunmasını istisna edir. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir......” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbində haqlı olduğundan iddia tələbi təmin edilməli, iddiaçı bbasov Nizami Abbas oğlu ilə cavabdeh X14 və ailə üzvləri ilə mübahisəli torpaq sahəsi olan JN 117 A –KOD ******* B dövlət aktı verilmiş 2,01 ha pay torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Belə ki, iş materiallarından da görünür ki, mübahisəli torpaq sahəsinin Dövlət Aktının əsli hazırki iş üzrə iddiaçıda olması, mübahisəli torpaq sahəsi 2002-ci ildən etibarən iddiaçının istifadəsində olması və cavabdehlə həmin torpağa dair heç bir icarə müqaviləsi mövcud olmaması, bundan başqa cavabdeh özü mübahisəli torpaq sahəsinə dair 2016-cı il tarixdə cavabdehə sərəncam hüququ daxil olmaqla bütün hüquqları özündə ehtiva edən etibarnamə verməsi, torpağın iddiaçının istifadəsində qanunsuz olması və ya zəbt etməsi ilə bağlı etiraz və pretenziyasının olmaması və ya həmin etiraz və pretenziyanın verilməsini təsdiq edən mötəbər dəlillərini məhkəməyə təqdim etməməsi artıq həmin mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya satılmasını bilavasitə təsdiq edən faktdır. Bundan başqa iş materiallarında olan aktdan da müəyyən olunur ki, aktda bilavasitə mübahisəli torpaq sahəsinin iddiaçıya icarəyə və ya istifadəyə verilməsi deyil, satılmaqı qeyd edilmiş və həmin akt iştirakçılar tərəfindən imza edilmişdir. Həmin imzalayan şəxslərdən ikisi məhkəmə iclas zalında məhkəmə tərəfindən dindirilərkən hər iki şahid cavabdehin üzünə qarşı həmin torpaq sahəsini iddiaçıya satmağını bildirmişlər. Cavabdeh isə məhkəmədə aqressiv davranış sərgiləmiş, verilmiş suallara cavab vermək əvəzinə müxtəlif bəhanələrlə uca səslə məntiqsiz və rabitəsiz sözlər söyləmişdir. Belə olan halda məhkəmə hesab edir ki, verilmiş iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən də iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh X11 qarşı alqı-satqı müqaviləsinin baş tutmuş hesab edilməsi tələbinə dair iddiası təmin olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh X7 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-668/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-668/2023
04.04.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver