Məhkəmə qərarları › İş №2(021)-72/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-72/2025

15.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-72/2025 15.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X25 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Paylı mülkiyyətdə olan yaşayış evinin naturada bölünməsi, bu mümkün olmadıqda evin qiymətləndirilərək hərraca çıxarılması və satışdan əldə ediləcək pul vəsaitinin paylara uyğun olaraq bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək paylı mülkiyyətlərində olan və ünvan 1 ünvanında yerləşən 0.0632 ha torpaq sahəsi və onun üzərindəki, ümumi sahəsi 77.4 kv.m., yaşayış sahəsi 43.1 kv.m., yardımçı sahəsi 34.3 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin paylarına uyğun olaraq naturada bölünməsi, bu mümkün olmayacağı təqdirdə evin qiymətləndirilərək hərraca çıxarılması, açıq hərracda satılması və satış pulunun paylarına uyğun olaraq aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh onun mərhum qardaşının arvadıdır. Cavabdehlər X12 və X6 qarşı “Qanun üzrə birinci növbə vərəsələrin mülkiyyət payının müəyyən olunması və mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair Bərdə Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2(021)-1084/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X7 payına düşən ¼ hissəsinə iddiaçı Cavabdeh, uşaqları X15 və X10, cavabdehlər X12 və X5 hər birinə bərabər pay olmaqla vərəsəlik qaydasında mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bərdə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən 01 iyun 2020-ci il tarixli, 4Ə-898 reyestr nömrəli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən göründüyü kimi, X12 və X13 mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 0.0632 ha torpaq sahəsi və üzərindəki, ümumi sahəsi 77.4 kv.m., yaşayış sahəsi 43.1 kv.m., yardımçı sahəsi 34.3 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini onun, yəni İddiaçı mülkiyyətinə verirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”a əsasən Bərdə şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən 61 nömrəli evin 1/20 hissəsi X11, 1/20 hissəsi X14, 1/20 hisəəsi Cavabdeh, 17/20 hissəsi isə ona məxsusdur. Buna dair ona 23 iyun 2020-ci il tarixdə "3454 saylı reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportu”da verilmişdir. X2 26 oktyabr 2020-ci il tarixdə, qardaşı X16 isə 06 yanvar 2017-ci il tarixdə vəfat etmişlər. X18 vəfat etdikdən sonra Cavabdeh hər iki usağını da götürüb valideynlərinin yaşadığı evə köçmüşdür. Cavabdehlə bir yerdə yaşamaqları qeyri-mümkündür. Bu səbəbdən də paylı mülkiyyətlərində olan evin paylarına uyğun olaraq naturada bölünməsi, bu mümkün olmayacağı təqdirdə ev qiymətləndirilərək hərracda satışa çıxarılması və satışdan əldə ediləcək məbləğin paylarına uyğun olaraq aralarında bölünməsinə dair məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək paylı mülkiyyətlərində olan və ünvan 3 ünvanında yerləşən 0,0632 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 77,4 kv.m., yaşayış sahəsi 43,1 kv.m., yardımçı sahəsi 34,3 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin qiymətləndirilərək hərraca çıxarılması, açıq hərracdan satılması və satış pulunun paylarına uyğun olaraq aralarında bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək göstərdi ki, mübahisəli ünvanda yerləşən həyətdə iki ev mövcuddur. Uşaqların yaşamağa başqa yeri yoxdur. Həyətdə olan evin biri çıxarışda göstərilməmişdir. Bundan başqa həyətdə olan ev 1 mərtəbəli deyil, 2 mərtəbəlidir. İddiaçı faktiki olaraq həmin evdə yaşamır. Hərracın qapalı keçirilməsini, bu baş tutmadıqda açıq keçirilməsini təklif edir. İddiaçıya 45000 manat verib evi ala bilərlər. İddianın təmin olunmamasını xahiş edir. Üçüncü şəxs Bərdə Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Naftalan şəhərində anadan olmuşdur, Ağdam rayonu Güllücə kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur, ünvan 4 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanda Cavabdeh, X15, X17 və X13 qeydiyyatdadırlar. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 yanvar 2020-ci il tarixli 91- 05/69 nömrəli ölüm akt qeydindən çıxarışdan görünür ki, X16 06 yanvar 2017-ci ildə Bərdə şəhərində ölmüşdür. Bərdə Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2(021)-1084/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X7 payına düşən ¼ hissəsinə iddiaçı Cavabdeh, uşaqları X15 və X10, cavabdehlər X12 və X5 hər birinə bərabər pay olmaqla vərəsəlik qaydasında mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. 01 iyun 2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki: a) hədiyyə verənlər-X12 və X1 şəhəri Mikayıl Müşviq küçəsində paylı mülkiyyət üzrə 0,0632 ha torpaq sahəsində 61 ünvanında yerləşən ümumi sahəsi 77,4 kv.m., yaşayış sahəsi 43.1 kv.m., yardımçı sahəsi 34,3 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəsini hədiyyə alan- İddiaçı mülkiyyətinə verirlər: -Hədiyyə verən-X12 (tam hissə, 23,22 kv.m.)- qızı olan Hədiyyə alan-İddiaçı; -Hədiyyə verən-X13 (tam hissə, 42,57 kv.m.)- qızı olan Hədiyyə alan-İddiaçı; b) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0632 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəsini Hədiyyə alan-İddiaçı mülkiyyətinə verirlər: -Həsiyyə verən-X12 (tam hissə, 0,01896 ha) – qızı olan Hədiyyə alan-İddiaçı; -Hədiyyə verən-X13 (tam hissə, 0,03476 ha) – qızı olan Hədiyyə alan-İddiaçı. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********27-10301 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanda, 0,0632 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 1/20 hissədə X8, 1/20 hissədə X10, 1/20 hissədə Cavabdeh və 17/20 hissədə İddiaçı adına qeydiyyata alınmışdır. Bərdə Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “Paylı mülkiyyətdə olan yaşayış evinin naturada bölünməsi, bu mümkün olmadıqda evin qiymətləndirilərək hərraca çıxarılması və satışdan əldə ediləcək pul vəsaitinin paylara uyğun olaraq bölünməsi” tələbinə dair mülki iş üzrə Məhkəmə tikintitexniki və əmtəəşünaslıq ekspertizası təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli 10/9585 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində yazılanları nəzərə alaraq, Bərdə şəhəri Mikayıl Müşviq küçəsi ev 61 ünvanında olan fərdi yaşayış evinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun2.2-ci, 2.4-cü, 2.9-cu bəndlərinə və metodik əsasların Məhkəmə Tikinti-Texniki Ekspertizasının həlli metodlarının tələblərinə uyğun qaydada tərəflər arasında paylara uyğun hissədə naturada təcrid mənzillər şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. -Bərdə şəhəri Mikayıl Müşviq küçəsi ev 61 ünvanında yerləşən fərdi yaşayış evinə uyğun internet saytlarında analoji məlumat olmadığı üçün bazar və likvid qiymətlərin müəyyən olunması ilə bağlı tədqiqat aparılması mümkün olmamışdır. Bərdə Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “Paylı mülkiyyətdə olan yaşayış evinin naturada bölünməsi, bu mümkün olmadıqda evin qiymətləndirilərək hərraca çıxarılması və satışdan əldə ediləcək pul vəsaitinin paylara uyğun olaraq bölünməsi” tələbinə dair mülki iş üzrə qiymətləndirmə təyin edilməsi, mütəxəssis rəyinin verilməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 sentyabr 2025-ci il tarixli, 168/Mİ/25 saylı rəyindən görünür ki, Bərdə şəhəri Mikayıl Müşviq küçəsi ünvanında mülkiyyətdə olan 0,0632 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 77,4 kv.m. olan 61 saylı fərdi yaşayış evinin 12 sentyabr 2025-ci il tarixə bazar qiyməti 45000 (qırx beş min) manat təşkil edir. 18 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 3 ünvanda, 0,0632 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ əsasında 1/20 hissədə X8, 1/20 hissədə X10, 1/20 hissədə Cavabdeh və 17/20 hissədə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli rəyindən müəyyən olunur ki, Bərdə şəhəri Mikayıl Müşviq küçəsi ev 61 ünvanında olan fərdi yaşayış evinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.2-ci, 2.4-cü, 2.9-cu bəndlərinə və metodik əsasların Məhkəmə Tikinti-Texniki Ekspertizasının həlli metodlarının tələblərinə uyğun qaydada tərəflər arasında paylara uyğun hissədə naturada təcrid mənzillər şəklində bölünməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 42-ci bəndində göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Qeyd olunan qərarın 44-cü bəndində göstərilmişdir ki, məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın (bax, İatridis Yunanıstana qarşı, № 31107/96, § 58, İHAM 1999-İİ). Konvensiyada «qanun» və «qanuni» anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. MM-nin: 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə görə, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixli, 02/2024 nömrəli Qərardadında göstərilmişdir ki:

62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır.

64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.

65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.

66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. İşin hallarından görünür ki, ünvan 3 ünvanında paylı mülkiyyət üzrə 0,0632 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,4 kv.m., yaşayış sahəsi 43.1 kv.m., yardımçı sahəsi 34,3 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin payçılar arasında naturada bölünməsi mümkün deyildir, payçılar Azərbaycan Respublikasının MM-nin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması ilə bağlı heç bir razılığa gələ bilməmişdir. İddia tələbinin birinci hissəsi isə fərdi yaşayış evinin paylara uyğun olaraq naturada bölünməsindən ibarətdir. Belə olan halda, məhkəmə ümumi əmlakın bölünməsi haqqında qərar qəbul edə bilməz. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında və çıxışında hərracın qapalı keçirilməsini, bu baş tutmadıqda açıq keçirilməsini təklif etmiş, o cümlədən, iddiaçıya sözügedən daşınmaz əmlakın ilkin satış qiyməti olan 45000 manatı verib evi almaq niyyətlərinin olduğunu bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, ünvan 1 ünvanda yerləşən 0.0632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 77,4 kv.m., yaşayış sahəsi 43,1 kv.m., yardımçı sahəsi 34,3 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərraca (qapalı hərrac) çıxarılmalı, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılmalı, fərdi yaşayış evinin satışından əldə olunan vəsait 1/20 hissədə X11, 1/20 hissədə X14, 1/20 hissədə Cavabdeh və 17/20 hissədə İddiaçı ödənilmlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 06 dekabr 2024-cü il tarixli 02/2024 saylı qərardadında qeyd edilmişdir ki, ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, Bərdə şəhəri Mikayıl Müşfiq küçəsi ünvanında mülkiyyətdə olan 0,0632 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 77,4 kv.m. olan 61 saylı fərdi yaşayış evinin 12 sentyabr 2025-ci il tarixə bazar qiyməti 45000 (qırx beş min) manat müəyyən olunmuşdur. Belə olan halda, sözügedən daşınmaz əmlakın hərracdan ilkin satis qiyməti mütəxəssis rəyinə uyğun olaraq 45000 manat göstərilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. İş materiallarında olan: Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 19 mart 2025-ci il tarixli 10/9585 nömrəli bildirişdən müəyyən edilir ki, Məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı və cavabdeh X4 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. "xxxx" MMC-nin 12 sentyabr 2025-ci il tarixli 099 nömrəli hesab fakturasından görünür ki, mütəxəssis tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinin dəyəri 350 (üç yüz əlli) manat İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq "xxxx" MMC-nin VÖEN:**********, "xxxx" ASC Abşeron filialı, VÖEN: **********, M/h: AZ03NABZ********************, Kodu: 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h: AZ52İBAZ******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

İddiaçı Cavabdeh qarşı “Paylı mülkiyyətdə olan yaşayış evinin naturada bölünməsi, bu mümkün olmadıqda evin qiymətləndirilərək hərraca çıxarılması və satışdan əldə ediləcək pul vəsaitinin paylara uyğun olaraq bölünməsi” tələbinə dair iddiası təmin edilsin. ünvan 3 ünvanda yerləşən 0.0632 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 77,4 kv.m., yaşayış sahəsi 43,1 kv.m., yardımçı sahəsi 34,3 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin satılması üçün əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərrac keçirilsin. Həmin əşya paylı mülkiyyətin iştirakçıları üçün hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda açıq hərracda satılsın. ünvan 3 ünvanda yerləşən 0.0632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 77,4 kv.m., yaşayış sahəsi 43,1 kv.m., yardımçı sahəsi 34,3 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin satışından əldə olunan vəsait 1/20 hissədə X11, 1/20 hissədə X14, 1/20 hissədə Cavabdeh və 17/20 hissədə İddiaçı ödənilsin. ünvan 3 ünvanda yerləşən 0.0632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 77,4 kv.m., yaşayış sahəsi 43,1 kv.m., yardımçı sahəsi 34,3 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 45000 (qırx beş min) manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Mütəxəssis rəyinin dəyəri 350 (üç yüz əlli) manat İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq "xxxx" MMC-nin VÖEN:**********, "xxxx" ASC Abşeron filialı, VÖEN: **********, M/h: AZ03NABZ********************, Kodu: 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h: AZ52İBAZ******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar