Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-722/2024 24.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ya pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 arasında bağlanmış 08 noyabr 2017-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin alqı-satqı müqaviləsi üzrə ödədiyi 12000 manat pulun və əlavə çəkilmiş 1000 manat xərcin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağdam rayonundan məcburi köçkün olmaqla hazırda Bərdə rayonu 9 saylı BDZ-in həyətində məskunlaşıb yaşayır. 08 noyabr 2017-ci ildə oğlu Bəhruz Qafarov onun yanına gələrək məhlə almaq istədiyini bildirmişdir. Onlar məcburi köçkün olduqlarından həmin torpaq sahəsinin oğlunun sabiq qaynanası Cavabdeh adına rəsmiləşdirmək qərarına gəldilər. O, 13000 manat pulu torpaq alınması üçün X2 vermişdir. Həkimxan isə öz növbəsində notariusa gələrək həmin torpağı oğlunun qaynanasının adına rəsmiləşdirmişdir. Bildirir ki, oğlunun sabiq qaynanası hazırda həmin torpağı və üzərində olan evi onlara vermək istəmir. O, dəfələrlə evin onun adına rəsmiləşdirilməsini tələb etməsinə baxmayaraq bundan boyun qaçırır. O, hazırda həmin torpağı və ya ödədiyi 13000 manat pulu geri tələb edir. Ona görə məcbur qalıb məhkəmədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iddiaçının oğlundan özünə məxsus torpaq sahəsinin alqı-satqısına görə 11800 manat pul aldığını bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsiylə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, X4 torpaq sahəsi və üzərindəki evi iddiaçının oğlu Bəhruza satdı. Pulu Bəhruz verdi, lakin torpaq sahəsi hazırki iş üzrə cavabdeh Tofiqə xanımın adına rəsmiləşdir. İddiaçı Məhluqə xanım da alqısatqıda iştirak edirdi. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AZE seriyalı 14968289 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1979-cu ildə Laçın rayonunda doğulmuşdur. İş materiallarında olan AZE seriyalı 16657193 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5- xx.xx.1982-ci ildə Bərdə şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 16796125 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1982-ci ildə Ağdərə rayonu, Xatınbəyli kəndində doğulmuşdur. Ağdam rayonu, Xatınbəyli kəndində qeydiyyatdadır. Ağdam RİHB-nın Xatınbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 həqiqətən Ağdam rayonu Xatınbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində daimi pasport qeydiyyatındadır, məcburi köçkündür və hal-hazırda Bərdə şəh., 9 saylı DBZ-nin yataqxanasında müvəqqəti məskunlaşmışdır. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, X1 xüsusi mülkiyyətində ünvan 1ində 0,075 ha torpaq sahəsi mövcud olmuşdur. İş materiallarında olan 08 noyabr 2017-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X4 tam mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,075 ha torpaq sahəsini 12000 manat qiymətinə Cavabdeh satmışdır. Ağdam RİHB-nın Xatınbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Ağdam rayonu Xatınbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində daimi pasport qeydiyyatındadır, məcburi köçkündür və hal-hazırda Bərdə rayon 9 saylı DBZ-nin yataqxanasında müvəqqəti məskunlaşmışdır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1941-ci ildə Ağdam rayonu, Manikli kəndində doğulmuşdur. Ağdam rayonu, Xatınbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AA 260480 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüş və Bərdə ərazisində məcburi köçkün kimi məskunlaşmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir Bundan başqa mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki, məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə iddianın X4 ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2017-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, hazırki işdə müqavilənin etibarsız hesab edilməsinə dəlalət edən hallar iş materiallarında mövcud deyil və işin hallarından müəyyən olunmur. Belə ki, tərəflər müstəqil iradələrini ifadə etməklə sərbəst surətdə qanunvericiliyin tələbinə uyğun olaraq notarial qaydada alqı-satqı müqaviləsi bağlamışlar. Həmçinin, hazırki iş üzrə müqavilənin etibarsızlığı üzrə kəsici müddət də bitmişdir və müqavilənin bağlandığı tarixdən xeyli müddət keçmişdir. Buna görə həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin pulun verilməsi ilə bağlı hissəsinə gəldikdə isə hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, üçüncü şəxsin izahatından və şahidin ifadəsindən məhkəməyə məlum olur ki, İddiaçı öz oğlu Bəhruz vasitəsilə üçüncü şəxs X8 rayonu, Alaçadırlı kəndində 0,075 ha torpaq sahəsini almağa görə 11800 manat məbləğində pul vəsaiti vermiş, lakin iddiaçı və iddiaçının oğlu məcburi köçkün olduqlarından torpaq sahəsi Cavabdeh adına rəsmiləşmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin həm torpaq sahəsi əldə etməsi, həm də həmin torpağın dəyərini ödəməməsi onun əsassız varlanması ilə nəticələnmişdir. Buna görə iddiaçıya dəymiş zərərin aradan qaldırılması və onun hüququnun bərpa edilməsi üçün iddiaçı tərəfindən cavabdehə satılmış torpağın dəyəri qismində üçüncü şəxsə verilmiş 11800 manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbində qeyd edilən 1000 manat əlavə xərcin çəkilməsinə dair mötəbər sübutlar (qəbz, çek, kassa mədaxil orderi və ya qəbzi) iş materiallarına əlavə edilmədiyindən və məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddia sübut edilmir və təmin edilməməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı mvafiq olaraq məcburi köçkün olmaqla iş üzrə dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddianın təmin edilən hissəsinə mütənasib olaraq hazırki iş üzrə ödənilməli olan 125 manat dövlət rüsumu Cavabdeh tutuluraq dövlət büdcəsinə ödənməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 11800 (on bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilsin. İddia tələbi üzrə ödənilməli olan 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-722/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-722/2024
24.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver