Məhkəmə qərarları › İş №2(104)-2209/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2209/2024

28.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2209/2024 28.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abbasov Həkimxan Çingiz oğluna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abbasov Həkimxan Çingiz oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(021)-722/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Daşınmaz əmlakın 08 noyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abbasov Həkimxan Çingiz oğlu tam mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,075 ha torpaq sahəsini 12000 manata Cavabdeh satmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abbasov Həkimxan Çingiz oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abbasov Həkimxan Çingiz oğlu arasında bağlanmış 08 noyabr 2017-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi üzrə ödənilmiş 12000 manat, eləcədə əlavə çəkilmiş 1000 manat xərcin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq almaq üçün Abbasov Həkimxan Çingiz oğluna 13000 manat vermiş, lakin alqı-satqı müqaviləsi toğlunun qaynanasının adına rəsmiləşdirmişdir. Oğlunun sabiq qaynanası hazırda həmin torpağı və üzərində olan evi onlara vermək istəmir. Dəfələrlə evin onun adına rəsmiləşdirilməsini tələb etməsinə baxmayaraq bundan boyun qaçırmışdır. Ona görədə həmin torpağı və ya ödədiyi 13000 manatı geri tələb edir.

4. Bərdə Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(021)-722/2024 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 11800 (on bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi; İddia tələbi üzrə ödənilməli olan 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi; İddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1,354.2, 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 1091, 1092 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4, 222, 216-220, 227, 233, 357, 360 maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh iddianın təmin edilməsi hissədə qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, İddiaçı 300 manat pensiya alır və 11800 manat ödəniş edib ev alması mümkün deyil. Ev onun və qızı Hüseynova Elnarə Pənah qızının vəsaiti hesabına alınmışdır. Belə.ki, kifayət qədər aylıq gəliri, torpağı, evi və digər daşınmaz əmlakları var. Həmçinin qızı ali təhsilli fizika müəllimidir və işlədiyi məktəbdən əlavə “Zəfər kursunda”, “Kaspi” kursunda dərs tədris edir və kifayət qədər yüksək məbləğdə gəliri var. Qızının əri Qafarov Bəhruz Bəşir oğlu heç yerdə işləmir və gəlir də yoxdur. Qızı ilə boşandığından sonra qərəzli olaraq ona qarşı iddia qaldırmışdır. Həmçinin şahid Cabbarov Kamil Fazil oğlu yalançı şahiddir. Belə ki, həmin adamı tanımır və evin alınması üçün pulu qızıyla Bəhruza vermişlər ki, aparıb Həkimxan Abbasova versin. 2017-ci ildə alınmış evə görə 7 ildən sonra iddia qaldırmaqdsa səbəb onun qızı ilə iddiaçının oğlu boşanması olmuşdur.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, torpaq sahəsini qızı üçün almışdır. “ASAN xidmət”ə gedərkən pulu özü ilə aparmış və depozitə qoymaq üçün pulu Bəhruza vermişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, iddianın təmin edilməsi hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə də iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçı məcburi köçkün olduğuna görə torpaq sahəsini cavabdehin adına almışdır. Pulu depozitə Bəhruz qoysada əslində pul Məhluqənin olmuşdur. Məhluqə özüdə həmin vaxt “ASAN xidmət”də olmuşdur. Vəkil sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abbasov Həkimxan Çingiz oğlu məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 157.2. Mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilr.

13. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

14. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

19. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

20. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasslar; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;

Apellyasiya baxışının hədləri

21. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissədə mübahisələndirildiyindən hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Abbasov Həkimxan Çingiz oğlu ilə Cavabdeh arasında 08 noyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və Həkimxan Abbasov mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,075 ha torpaq sahəsini 12000 manata Cavabdeh satmışdır. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, torpaq sahəsini əslində Həkimxandan o almışdır. Məcburi köçkün olduğu üçün alqı-satqı oğlunun qaynanası Cavabdeh ilə bağlanmışdır. Torpağın pulunuda Həkimxana özü vermişdir. Birinci instansiya məhkəməsi alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi hissədə iddianı rədd etmiş, pul tələbi hissədə isə iddia qismən təmin edilmişdir. İddianın təmin edilməsi hissədə qətnamə Cavabdeh tərəfindən mübahisələndirilsədə, iddianın təmin edilməsi hissədə qətnamə İddiaçı tərəfindən mübahisələndirilməmişdir.

26. Kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

27. Belə ki, İddiaçı torpağın alqı-satqısı ilə bağlı verilmiş pulun ona məxsus olmasını bildirsədə, lakin onun bu dəlili sübut olunmur. Yuxarıda da qeyd olunduğu kimi alqı-satqı müqaviləsi Abbasov Həkimxan Çingiz oğlu ilə Cavabdeh arasında balanmış və torpağın alınması üçün 12000 manat ödənilmişdir. Alqı-satqının aparılması üçün qeyd olunan məbləğin isə İddiaçı tərəfindən Cavabdeh verilməsi təsdiq olunmur. Əksinə işdən müəyyən olunur ki, torpaq sahəsinin alqı-satqısı ilə bağlı bütün danışıqlar iddiaçının oğlu Bəhruzla aparılmış, qiymətin müəyyənləşdirilməsi və satıcıya ödənilməsidə onun tərəfindən həyata keçirilmişdir. İşin qeyd olunan bu halı üçüncü şəxs Abbasov Həkimxan Çingiz oğlu və şahid qismində dindirilmiş Cabbarov Kamil Fazil oğlunun birinci instansiya məhkəməsində verdiyi izahat və ifadələrlə təsdiq olunur.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

29. Göründüyü kimi, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur.

30. Qeyd olunanları nəzərə alan kollegiya bir daha qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin alınması üçün İddiaçı tərəfindən cavabdeh Məhluqə Hüseynovaya 12000 manat verməsi, eləcədə torpağın alınması üçün onun tərəfindən 1000 manat əlavə xərc çəkməsi iş materialları ilə təsdiq olunmur. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(021)-722/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh İddiaçı xeyrinə 11800 (on bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi” hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372- 376, 378-382, 384-385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(021)-722/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh İddiaçı xeyrinə 11800 (on bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar