Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-726/2024 05.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Mülkiyyətə dair əmlakdan pay almaq” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Bərdə rayonu Hüseynalılar kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 42 kv.m., yaşayış sahəsi 24 kv.m. olan yaşayış yeri, 31,5 kv.m. olan mal tövləsi daxil olmaqla mülkiyyətindən çıxarılması və ya qiymətləndirilərək ona tam şəkildə pul məbləği ödəmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ildən atası X5 və anası X1 rayonu Hüseynalılar kəndində yaşamışlar. Hazırda valideyninin himayəsində, yəni anasının yanında yaşayır. Hüseynalılar kəndində 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 42 kv.m., yaşayış sahəsi 24 kv.m. olan yaşayış yerini və 31,5 kv.m. ölçüdə mal tövləsini ona valideynləri vermişlər. Sözügedən daşınmaz əmlakdan illər boyu cavabdehlə birdə yaşayaraq istifadə etmişlər. Üç ildir ki, ailəsi ilə birlikdə yaşamır. Cavabdeh ona məxsus daşınmaz əmlakda yaşasa da, onun öz mülkündən istifadə etməsinə imkan vermir. Hesab edir ki, anasının ona hədiyyə etdiyi mülkdən cavabdeh çıxmalı və ya həmin əmlak qiymətləndirilərək ona tam şəkildə məbləğ ödənilməlidir. Məhkəmə iclasında dindirilmiş İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, Bərdə rayonu Hüseynalılar kəndində anası ilə birlikdə yaşayır və həmişə anası ilə yaşamışdır. Bərdə rayonu Hüseynalılar kəndində 0.10 ha torpaq sahəsində 24 kv.m. yaşayış sahəsi və 31.5 kv.m. mal tövləsi var. Cavabdeh onun keçmiş arvadıdır, üç ildir ki, cavabdehlə ayrılmışdır. Hazırda digər qadınla qeyri-rəsmi olaraq ailə qurub yaşayır. Cavabdeh isə həmin 0.10 ha torpaq sahəsində yaşayır və onu həmin torpağa və evə buraxmır. O, həmin torpaq sahəsində və həmin evdə yaşamışdır. Ailə qurarkən cavabdehlə ata evində yaşamış, atası Rusiya Federasiyasından gəldikdən sonra onlarla birgə yaşamaq istəməmiş və onları evdən çıxarmışdır. Atası gələrkən, atasına məxsus ev onun mülkiyyətində olmuşdur. Atası məhkəmə qaydasında yaşadıqları evin onun adına olan mülkiyyət hüququna dair çıxarışı etibarsız hesab etdirərək, onları evdən çıxarmışdır. Həmin dövrdə qayınatası “Çəkil bağı” deyilən perspektivli inkişaf fonduna aid 0,30 ha bələdiyyə torpağını icarəyə götürmüş, lakin sənədsiz istifadə etmişdir. Qayınatası həmin 0.30 ha torpaq sahəsinin 0.10 ha hissəsini ona vermiş və bildirmişdir ki, evi də atası tiksin. Hətta qeyd olunan 0.10 ha torpaq sahəsini onun adına zəbt kimi qeyd etdirmişdir. Həmin torpaq bələdiyyə mülkiyyətində olan torpaq deyil, bu barədə onun arayışı da vardır. Atası da həmin torpaqda, yəni bu gün mübahisəli olan torpaqda qeyd oluna mübahisəli evi tikmiş və onlar cavabdehlə həmin torpaqda tikilən evdə yaşamağa başlamışlar. Hazırda isə cavabdeh onu həmin evdən qovmuşdur. Həmin evin bir hissəsini atası tikmişdir. Evin ümumi sahəsi 42 kv/m-dən ibarətdir. Yerdən olan iki otaqdan ibarət evdir. Onları yaşadıqları evdən çıxardığı il, yəni 2009-cu ildə atası həmin evi tikmişdir. Həmin 0.10 ha torpaq sahəsinin sahibi kimdir bilmir. Atası ona 10000 ABŞ dolları pul vermişdir ki, özünə ev tiksin. O da həmin pulu qayınatasına vermiş, qayınatası özünə mağaza almışdır. Atası qeyd olunan 0,10 ha torpaq sahəsində ona ev tikmiş, tikinti ustası atası olmuş, özü də atasına fəhləlik etmişdir. Bütün tikinti materiallarını atası öz vəsaiti hesabına almış, o isə fəhlə kimi onun bütün işlərini görmüşdür. Atası ev ustası olmuş, evi daşdan və kərpicdən inşa etmişdir. Hazırda atası rəhmətə getmişdir. Özü sonradan kərpic kəsmiş və evin digər xırda işlərini özü icra etmişdir. Həmin vaxt cavabdehlə ailəli olmuş, əlbəttə ki, cavabdeh ona çay, su, yemək verməklə, köməklik etmişdir. Cavabdehdən ona dəymiş maddi ziyanı tələb edir. Onun tələbi cavabdehin evdən çıxarılması deyil, ona dəymiş maddi ziyanın alınıb ona verilməsidir. Tikilidə işıq, qaz və su var və hər biri abunəçi olaraq onun adınadır. 0.10 ha torpaq sahəsi rəsmi olaraq onun mülkiyyətində deyil. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X9 iddianı qəbul etməyərək göstərdi ki, nümayəndəsi olduğu Cavabdeh onun bacısı, İddiaçı isə bacısının keçmiş əri, yəni keçmiş yeznəsidir. Bacısı ilə İddiaçı üç ildən artıqdır ki, boşanmışlar. Mübahisə edilən 0.10 ha torpaq sahəsində yerləşən evi Mais və onun atası deyil, özünün və nümayəndəsi olan cavabdehin atası olan Abbas Əliyevin sifarişi ilə 1995-ci ildə Mahiyyət və Natiq adlı ustalar tikmişlər və orada barama qurdu saxlanılmışdır. İddiaçı bu barədə dedikləri tamamilə yalandır. İddiaçı özünün iki mərtəbəli evi olmuş, məhkəməyə hazırkı mübahisə ilə bağlı iddia qaldırdıqdan sonra evi adından çıxarmışdır. İddiaçının 0.10 ha torpaq sahəsində yerləşən evə köçüb yaşamaqda məqsədi isə dövlətdən sosial yardım almaq olmuşdur. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş üçüncü şəxs Bərdə rayon Hüseynalılar Bələdiyyəsinin sədri X7 göstərdi ki, iki ildən artıqdır Bərdə rayon Hüseynalılar Bələdiyyəsinin sədri vəzifəsində çalışır. İddiaçının mübahisələndirdiyi 0,10 ha torpaq sahəsi Bərdə rayon Hüseynalılar Bələdiyyəsinin mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsində tikilini kimin tikdiyini bilmir, həmin vaxt kənddə olmamışdır. Lakin hazırda tikili Cavabdeh istifadəsindədir. Həmin ərazidə ayrı-ayrılıqda 0,30 və 0,30 ha olan iki torpaq sahəsi olmuşdur. İcarə müqaviləsi əsasında həmin yerləri ayrı-ayrı şəxslər istifadə etmişlər. Həmin yer çəkillik bağı olmuş və bir hissəsi, yəni 0,30 ha hissəsi Abbas Əliyevin istifadəsində olmuşdur. Lakin torpaq bələdiyyənin mülkiyyətində olmuşdur. Həmin 0,10 ha torpaq sahəsində olan tikili barama qurdu saxlamaq üçün nəzərdə tutulmuş tikili olmuşdur. 0,30 ha torpaq sahəsi Abbas Əliyevin istifadəsində olmuş və tikili həmin torpaq sahəsinin 0,10 ha hissəsində tikilmişdir. Həmin tikilinin işığı, qazı və suyu var. Məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilmiş və şahid qismində dindirilmiş X11 göstərdi ki, cavabdehin atası Abbasla qonşu olmuşdur. Təxminən 2002-2003-cü illərdə özünə məxsus traktorla həmin tikilinin daşını, qumunu, sementini, taxtasını gətirmiş və barama qurdu saxlamaq üçün orada tikili inşa edilmişdir. Həmin materialları qonşusu Abbas Əliyevin sifarişi ilə gətirmişdir. Ona zəhmət haqqını Abbas Əliyev vermişdir. Tikilini Mahiyyət və adı yadında qalmayan başqa bir usta tikmişdir. Hazırda həmin tikilidə kimin yaşadığını bilmir. İddiaçı başqa bir ikimərtəbəli evdə yaşamışdır. Məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilmiş və şahid qismində dindirilmiş X12 göstərdi ki, özünə et tikmək üçün şifer və taxta almış, həmin materialları işlətdikdən sonra bir hissəsi artıq qalmışdır. Nicat Əliyev ona müraciət edərək həmin materialları ona satmasını xahiş etmiş, o da materialları Nicata satmışdır. Sonuncunun həmin materialları hara işlətdiyini bilməmişdir. İddiaçı özünə məxsus ikimərtəbəli evdə yaşamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı xx xxx 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur, Bərdə rayonu Hüseynalılar kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1980-ci ildə Bərdə rayonu Hüseynalılar kəndində anadan olmuşdur, Bərdə rayonu Hüseynalılar kəndində qeydiyyatdadır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, AZ-İ 339731 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli, 647 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Hüseynalılar kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2020-ci il tarixli, 285 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Hüseynalılar kəndində istifadəsində 0,10 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 42 kv.m., yaşayış sahəsi 24 kv.m. olan evi, 31,5 kv.m. olan tövləsi vardır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli, 02 nömrəli məktubdan görünür ki, İddiaçı Bərdə rayonu Hüseynalılar kəndi ərazisində istifadəsində olmuş 0,10 ha torpaq sahəsi həyətyanı torpaq sahəsi deyildir. Hüseynalılar Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 01 saylı arayışına əsasən həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və heç bir hüquqi sənədi yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 28 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Bərdə rayonu Hüseynalılar kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsində qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-298/2024 nömrəli qətnaməsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(021)- 952/2009 nömrəli qətnaməsi ilə həmin yaşayış evinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına edilmiş qeydiyyatın ləğv edilməsi, Bərdə rayonu Hüseynalılar kəndində 0,16 ha torpaq sahəsində yerləşən həmin fərdi yaşayış evinə X2 adına mülkiyyət sənədinin verilməsinin reyestr orqanına həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli 3-21-3-46/2-1039/2024 saylı məktubundan görünür ki, İddiaçı və Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsində əmlak qeydiyyata alınmamışdır. Bildiriş-Xəbərdarlıqdan görünür ki, "xxxx" ASC tərəfindən ödəniləcək məbləğ barədə abonent Bərdə rayonu Hüseynalılar kənd sakini Cavabdeh adına bildiriş verilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 25 dekabr 2015-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Bərdə rayonu Hüseynalılar kəndində fərdi yaşayış evinə quraşdırılmış sayğacın sifarişçisi İddiaçıdur. Bərdə Rayon Hüseynalılar Bələdiyyəsinin 27 iyun 2024-cü il tarixli, 07 saylı arayışından görünür ki, Hüseynalılar kənd sakini İddiaçı iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və həmin torpaqdan 0,10 ha sahəsində 18 kv.m. tikili vardır. Həmin tikili Hüseynalılar kənd sakini Cavabdeh istifadəsindədir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, Bərdə rayonu Hüseynalılar kəndində yerləşən iddiaçının mülkiyyətindən çıxarılması və ya qiymətləndirilərək ona pul məbləğinin ödənilməsini tələb etdiyi 0,10 ha torpaq sahəsi Bərdə rayon Hüseynalılar Bələdiyyəsinin mülkiyyətindədir. Qeyd olunan torpaqda 1990-cı illərin sonu-2000-ci illərin əvvəllərində barama qurdu saxlanılması üçün tikili inşa edilmiş, sonradan həmin tikilidə iddiaçı və cavabdeh yaşamışlar. İddiaçı qeyd olunan tikilini özü və atası inşa etdiklərini bildirsə də bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Əksinə, cavabdeh və cavabdeh tərəfindən dəvət olunmuş şahidlər qeyd olunan tikilinin cavabdehin atası Abbas Əliyevin sifarişi ilə Mahiyyət adlı usta tərəfindən barama qurdu saxlanılması üçün inşa etdiyini bildirmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3-cü maddəsinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13 mart 2024-cü il tarixli 1/2024 nömrəli qərarının 4.11-ci bəndində qeyd edilmişdir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Göründüyü kimi, özbaşına tikili ər-arvadın ümumi əmlakı hesabına inşa edildikdə və ər-arvaddan biri özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olunduqda, onlardan birinin iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tələb etmək hüququ vardır. İşin hallarından görünür ki, iddiaçı Bərdə rayonu Hüseynalılar kəndində yerləşən və bələdiyyənin mülkiyyətində olan 0,10 ha torpaq sahəsində inşa edilmiş iddia tələbinin predmeti olan tikililərin inşasında hər hansı formada iştirak etməsi və həmin tikililərin inşasına xərc çəkməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə də iddiaçının iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Mülkiyyətə dair əmlakdan pay almaq” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-726/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-726/2024
05.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver