Məhkəmə qərarları › İş №2(021)-735/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-735/2022

14.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-735/2022 14.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı, iddiaçının vəkili X6, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətində olan, ona məxsus fərdi yaşayış evinin həyətindəki yardımçı binadan uşaqları ilə bərabər Cavabdeh və əmlakının çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1960-cı il təvəllüdlüyəm, 1-ci qrup əlil oğul anasıdır, dul qadındır. Qardaşı X1 Bəsti Səlimxan qızı ailə həyatı qurmuş, birgə yaşayış dövründə 3 övladları doğulmuşdur. X2 05.01.2003-cü ildə vəfal etmişdir. Onun ailə üzvüləri, yəni həyat yoldaşı 3 uşağı ilə bərabər onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evinin həyətindəki yardımçı binada (dahalda) yaşayırlar. X12 ölümündən sonra yaşayışları mümkünsüz olmuşdur. Belə ki, cavabdeh X8 qardaşının ruhuna xəyanət edir, evlərinə başqa şəxsləri dəvət edir, mentalitetə uyğun olmayan mütamadi hərəkətlər etməkdədir. Bununla bağlı ona dəfələrlə irad tutsa da onu anlamamış, sanki etdiklərini həyatı norma kimi qəbul etmiş, onun evində yaşaya-yaşaya özünü evinin sahibi kimi aparır, hətta onu mütamadi təhqir və təhdid edir. Belə yaşamaq dözülməzdir. Odur ki, ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətində olan, ona məxsus fərdi yaşayış evinin həyətindəki yardımçı binadan uşaqları ilə bərabər Cavabdeh və əmlakının çıxarılmasına dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 15 fevral 2004-cü ildə iddiaçının X2 ilə evlənmiş, birgə nikahlarından 4 uşaqları doğulmuşdur. Uşaqlarından biri ölmüşdür. Mehman Cəfərovla evləndikdən sonra iddiaçının mülkiyyətində olan, Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi 18-də yerləşən evdə yaşamışdır. Uşaqları doğulduqdan sonra yaşadığı evin həyətində olan özbaşına tikiliyə köçərək orada yaşamağa başlamışdır. X21 2009-cu ildə vəfat etmiş, üç uşağı ilə birlikdə həmin özbaşına tikilidə yaşamağa davam etmişdir və hazırda da həmin evdə yaşayır. Başqa yerdə yaşamağa yerinin olmadığını, iddiaçının iddia ərizəsində göstərdikləri ilə razı olmadığını qeyd edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya MH ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, Zöhrabbəyov (R.Axundov) küçəsində istifadədə olan 0,011 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 36 kv.m ümumi, 15,1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 14.01.2008-ci ildə 2 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə rayonu Qaradəmirçi kənd İƏV üzrə icra nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə X3 09 fevral 2001-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Cəfərova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayonu Qaradəmirçi kənd İƏV üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2005-ci il tarixli AZ-İ 561859 saylı, 22 avqust 2012-ci il tarixli AZ-İİ 945051 saylı və Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 avqust 2009cu il tarixli AZ-İİ 304095 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 10.01.2005-ci ildə Aysel, 26.10.2007-ci ildə Aydan və 19 iyul 2009-cu ildə Rafil adlı uşaqları doğulmuşdur. 10.01.2005-ci il təvəllüdlü X4, 26 oktyabr 2007-ci il təvəllüdlü X5 və 19 iyul 2009-cu il təvəllüdlü X9 ata qrafasında atası kimi X10, ana qrafasında anası kimi Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 fevral 2009-cu il tarixli AZ-İ 300116 saylı ölüm haqqında şəhadətnamənin surətindən müyyən olunur ki, X10 30 yanvar 2009-cu ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qaradəmirçi kənd icra nümayəndəliyi tərəfindən verilmiş 07 mart 2016-cı il tarixli AZ-İ 793822 saylı ölüm haqqında şəhadətnamənin surətindən müyyən olunur ki, X11 18 yanvar 2016-cı ildə ölmüşdür. Məhkəmə tərəflərin iştirakları ilə Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi 18 ünvanına baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan ünvanın giriş qapısının sağ tərəfində 1 mərtəbəli, yaşayış evi yerləşir. Həmin yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. -Darvaza ilə üzbə-üz iddiaçının mülkiyyətində olan yaşayış evindən təxminən 4 metrə yaxın məsafədə qaraj və ona bitişik açıq eyvanı olan 1 mərtəbəli və 1 otaqdan ibarət yaşayış evi kimi istifadə olunan özbaşına tikili yerləşir. Qeyd oluna tikilidə cavabdeh yetkinlik yaşına çatmayan övladları ilə birlikdə yaşadığı müəyyən edildi. Həmin tikiliyə bitişik sanitar qovşağı yerləşir. Həmin sanitar qovşağından iddiaçı və cavabdehin ailə üzvləri istifadə edirlər. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh 2004-cü ildə iddiaçnın X2 ilə evlənmiş və ünvan 2 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olan yaşayış evinə köçərək ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Daha sonra cavabdeh ailə üzvləri ilə birlikdə köçərək həmin evin həyətində tikilmiş qanunsuz tikilidə yaşamağa başlamışdır. 2009-cu ildə cavabdehin əri vəfat etmiş, cavabdeh 3 uşağı ilə birlikdə qanunsuz tikilidə yaşamağa davam etmişdir. Cavabdehin yaşadığı özbaşına tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Yəni bu tikili özbaşına tikili hesab olunur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən mübahisənin həll edilməsi üçün tərəflər arasında hüquq münasibəti yarandığı vaxt qüvvədə olan 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsi tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 53-cü maddəsində qeyd olunmuşdur ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Göründüyü kimi cavabdeh evin həyətində yerləşən özbaşına tikiliyə köçürülən zaman tərəflər arasında heç bir qeyd şərt olmamış və hal hazırda iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmış özbaşına tikiliyə köçərək orada yaşamışdır. Həmin yaşayış evi hazırda iddiaçının mülkiyyətində olan yaşayış evindən aralı yerləşməklə iddiaçıya aidiyyatı yoxdur. Azərbaycan Respublikasının MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bu Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh 2004-cü ildə, yəni yaşayış evi iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl, ümumi razılıq əsasında, qeyd şərtsiz ünvan 2-də yerləşən özbaşına tikiliyə köçərək ailə üzvləri ilə birlikdə orada yaşadığından, iddianın predmeti olan özbaşına tikili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmadığından və iddiaçının həmin özbaşına tikiliyə hər-hansı sərəncamverici hüququ olmadığından iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar