Məhkəmə qərarları › İş №2(021)-79/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-79/2025

29.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-79/2025 29.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı X3 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddia tələbi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh məxsus “Köşk” ün ona məxsus Bərdə rayonu Şorəlli kəndində yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılmasına və torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və cavabdehdən iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli “ Çıxarışdan görünüdüyü kimi Bərdə rayonu Şorəlli kəndində tam mülkiyyət hüququ ona məxsus olmaqla 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 85,5 kv. metr sahəsi olan qeyriyaşayış sahəsi vardır. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələolri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən sözügedən qeyri-yaşayış binasına Texniki pasport verilmişdir. Bu günlərdə qeyri-yaşayış binasının həyətində hasarlama işləri aparmaq istədikdə məlum olmuşdur ki, Cavabdeh ona məxsus torpaq sahəsinin bir hissəsinə özünə məxsus “köşk” yerləşdirmişdir. Dəfələrlə cavabdehə qanunsuz olaraq onun torpağını zəbt edərək yerləşdiriyi “köçkü” Bərdə rayonu Şorəlli kəndində 0,06 ha torpaq sahəsindən çıxarılmasını tələb etsə də o bununla razılşamayaraq onun haqlı tələbinə məhəl qoymamışdır. Bu səbəbdəndə məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 29 avqust 1970-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki pasporun surətindən görünür ki, Bərdə rayonu Şorəlli kəndində yerləşən qeyri-yaşayış binası **********32-06301 reyestr nömrəsi ilə İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reystirindən çıxarışdan müəyyən olunur ki, ********** nömrəli, 10 iyun 2020-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə Bərdə rayonu Şorəlli kəndində 0,06 ha torpaq sahəsində yerləşən 85.5 kv. metr qeyri- yaşayış binası qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/4854 nömrəli arayışdan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən 15 avqust 2017-ci ildə qiymətləndirilmə aparılmış İddiaçı məxsus olan Bərdə rayonu Şorəlli kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 85, 5 kv. metr, əsas sahəsi 69.8 kv. metr, köməkçi sahəsi 15,7 k.v metr olan 2 otaqlı qeyri- yaşayış binasının 15 avqust 2017-ci il tarixə 33500 manat təşkil edir. Bərdə rayon İcra Hakimiyyəti Başçsının Güloğlular kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli, 1482 nömrəli arayışdan görünür ki, X1 rayonu Divanlı kəndində yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nairliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 13 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********32 reyest nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa İddiaçı mülıkiyyətində olan 0,06 ha torpaq sahəsinin 7,62 kv. metr hissəsi Cavabdeh tərəfindən köşk qoyaraq istifadə edir. Bərdə Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(021) 215/2024 saylı qərardadı İddiaçı X3 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli 10/1154 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, TEKUİS məlumat bazasına əsasən hüquqların dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********32 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 06 hektar torpaq sahəsinin 7,62 kv. metr hissəsi Cavabdeh tərəfindən köşk qoyularaq istifadə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində göstərilir ki, torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 49-cu maddəsinin 1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 55-cı maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 82-ci maddəyə əsasən, torpаq mülkiyyətçiləri, istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr. 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci mаddəsinə əsаsən, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və q urğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfind ən və ya onların hesabına həyata keçirilir. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 3 iyul 2015-ci il Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biri Torpaq Məcəlləsidir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinəmüvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, 0,06 ha torpaq sahəsinin 7,62 kv. metr hissəsindən cavabadeh Cavabdeh çıxarılmalıdır. Məhkəmə bu cür nəticəyə gələrkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli 10/1154 nömrəli rəyi nəzərə almışdır. Belə ki, MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Hazırkı iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2024-cü il tarixli, rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli 10/1154 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, TEKUİS məlumat bazasına əsasən hüquqların dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********32 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 06 hektar torpaq sahəsinin 7,62 kv. metr hissəsi Cavabdeh tərəfindən köşk qoyularaq istifadə edilir. Məhkəmə müvafiq rəylə tam razılaşaraq qeyd edir ki, ilk növbədə həmin rəy Xidmətin mütəxəssisi tərəfindən tədqiqat obyektinə baxış keçirilərək və aparılmış araşdırma nəticəsində hazırlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reystirindən ********** nömrəli, 10 iyun 2020-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bərdə rayonu Şorəlli kəndində yerləşən 0,06 ha torpaq sahəsinin 7,62 kv. metr hissəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestirinin ********** nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Bərdə rayonu Şorəlli kəndində yerləşən 0,06 ha torpaq sahəsinin 7,62 kv. metr hissəsindən Cavabdeh məxsus köşk torpaq sahəsindən çıxarılsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar