Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-89/2024 16.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və cavabdeh Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızının iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızına (bundan sonra cavabdeh və ya Cavabdeh (Hüseynova)) qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızının onun Bərdə rayonu Mollaisalar kəndində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən əmlakı ilə bərabər çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qardaşı X1 (Hüseynova) Kəmalə Rafəddin qızı ilə ailə həyatı qurmuş, nikahları xx.xx.2009-cu ildə rəsmən qeydiyyata alınmış, birgə yaşayış dövründə xx.xx.2006-cı ildə X10 adlı bir övladları doğulmuşdur. Qardaşı X1 (Hüseynova) Kəmalə Rafəddin qızı ilə ailə həyatı qurandan sonra onun Bərdə rayonu Mollaisalar kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. 2022-ci ildə ailə münasibətləri pozulmuş, ayrılmışlar. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları rəsmən pozulmuşdur. Hal-hazırda qardaşı Mənsur Bərdə rayonu Mollaisalar kəndində ata evində, onun sabiq arvadı, Cavabdeh isə onun Bərdə rayonu Mollaisalar kəndində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. Dəfələrlə Cavabdeh evindən əmlakını çıxarmaqla çıxmasını tələb etsə də, bir nəticəsi olmamış, yəni çıxmamışdır. Bununla da, evindən istifadə və sahiblik hüququ məhdudlaşdırılmışdır. Odur ki, Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızının onun Bərdə rayonu Mollaisalar kəndində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən əmlakı ilə bərabər çıxarılmasına dair məhkəmə qətnaməsinə ehtiyacı var. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh (Hüseynova) iddianı qəbul etməyərək göstərdi ki, yaşadığı Bərdə rayonu Mollaisalar kəndində yerləşən fərdi yaşayış evi iddiaçıya məxsus deyildir. Həmin evi 2010-2012-ci illərdə əri ilə birlikdə tikmiş, iddiaçı isə onun keçmiş əri ilə boşanmasından on gün əvvəl evi sənədləşdirərək öz mülkiyyətinə keçirmişdir. Ev iddiaçının adına saxta sənədlərlə sənədləşdirilmişdir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Bərdə rayonu Mollaisalar kəndində anadan olmuşdur, Bərdə rayonu Mollaisalar kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 1987-ci ildə Goranboy rayonu Zeyvə kəndində anadan olmuşdur, Bərdə rayonu Mollaisalar kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli 671 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Kolayır kənd İƏD-nin Mollaisalar kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli 33 nömrəli arayışdan görünür ki, Cavabdeh Bərdə rayonu Kolayır kənd İƏD-nin Mollaisalar kəndində yaşayır və qeydiyyatdadır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 28 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Mollaisalar kəndində olan 0.1 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********30-10301 olan, ümumi sahəsi 47,2 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Bərdə Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(021)-3180/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı “yaşadığı evdən istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(104)-737/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(021)-3180/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2(102)-3029/2023 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(104)-737/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki mübahisənin gerçək hallarından görünür ki, cavabdeh 2009-cu ildə iddiaçının qardaşı ilə evlənmiş, evləndikdən sonra Bərdə rayonu Mollaisalar kəndində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evinə köçərək orada yaşamışlar. Bərdə rayonu Mollaisalar kəndində 0.1 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 47,2 kv.m olan fərdi yaşayış evi 28 oktyabr 2022-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh Bərdə rayonu Mollaisalar kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-3180/2022 saylı mülki iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 oktyabr 2023-cü il tarixli 2(102)-3029/2023 saylı qərarına əsasən iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(104)-737/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə Cavabdeh (Hüseynova) İddiaçı mülkiyyətində olan və hazırda mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə hüququnun olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və X6 X3 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc (sərbəst) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 42-ci bəndində göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Qeyd olunan qərarın 44-cü bəndində göstərilmişdir ki, məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın (bax, İatridis Yunanıstana qarşı, № 31107/96, § 58, İHAM 1999-İİ). Konvensiyada «qanun» və «qanuni» anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətindən cavabdehin istifadə etməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. Cavabdehin həmin əmlakdan qanunsuz istifadə etməsi nəticəsində isə iddiaçının Azərbaycan Respublikası Konstitusiyası, istinad olunan mülki qanunvericilik normaları və Avropa İnsan Hüquqları Konvensiyasına əsasən qorunan mülkiyyət hüququ pozulur. Ona görə də iddia təmin edilməli və iddiaçının mülkiyyətində olan və Bərdə rayonu Mollaisalar kəndində 0.1 ha torpaq sahəsində yerləşən 47,2 kv.m. ümumi sahədən ibarət olan fərdi yaşayış evindən cavabdeh əmlakları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdeh Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızına qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızı əmlakı ilə birlikdə Bərdə rayonu Mollaisalar kəndində yerləşən və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-89/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-89/2024
16.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver