Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-102/2025 17.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçı Biləsuvar rayon Bəydili bələdiyyəsinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Biləsuvar rayon Bəydili bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsində əkin-becərmə işlərinin aparılmasının qadağan olunması, vurulmuş zərərə görə 1232 manat pul tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Biləsuvar rayon Bəydili bələdiyyəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Cavabdeh1 və Cavabdeh2 Biləsuvar rayonu Bəydili bələdiyyəsinin mülkiyyətində olan 2.2 hektar torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinə daxil olaraq orada əkin- becərmə işlərinin aparılmasının onlara qadağan olunması, vurulmuş zərərə görə 1232 manat pulun alınıb Biləsuvar rayonu Bəydili bələdiyyəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Biləsuvar rayon Bəydili bələdiyyəsinin nümayəndəsi X2 məhkəmı iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bələdiyyənin mülkiyyətində olan 2,2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 tərəfindən qanunsuz zəbt olunaraq öz şəxsi məqsədləri üçün istifadə olunur. Həmin torpaq sahəsini boşaldaraq bələdiyyəyə təhvil vermək ona dəfələrlə şifahi formada təkilf edilmişdir. Lakin o, torpaq sahəsini bələdiyyəyə verməməklə boşaltmır və öz şəxsi maraqlarına uyğun istifadə edir.Həmin torpaq sahəsi bələdiyyə tərəfindən kənd sakini X3 icarəyə verilmişdir. 04 və 10 oktyabr 2022-ci il tarixlərdə icra nümayəndəsi, icarəçi və digər nümayəndələrlə birlikdə mərz nişanlarının icarəçiyə təqdim edilməsi üçün sahəyə gedilmiş, baxış zamanı 2,2 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Əsgərabad kənd sakini Cavabdeh1 tərəfindən pambıq bitkisinin əkilməsi müəyyən edilmişdir. Cavabdeh1 təklif edilmişdir ki, pambıq məhsulunu yığdıqdan sonra sahəni azad edərək bələdiyyəyə təhvil versin. Lakin o, heç bir əsaslı səbəb göstərmədən torpaq sahəsini boşaltmayacağını bildirmişdir. Bundan sonra bələdiyyə tərəfindən cavabdehə bildiriş göndərilərək torpaq sahəsini boşaltması təkilf edilmişdir. Lakin Cavabdeh1 bildirişi alsa da, bildirişə əməl etməkdən qərəzli şəkildə boyun qaçırmaqla torpağı boşaltmamışdır. Hazırda isə Faiq Əzizov bildirir ki, həmin torpaq sahəsini həmkəndlisi Cavabdeh2 vermişdir. Pambığı isə Cavabdeh2 əkmişdir. Bələdiyyə mülkiyyətində olan əkin təyinatlı torpaqların hər hektarı ildə 280 manata icarəyə verilir. Həmin torpaq sahəsi 2022-ci ildən başlayaraq kənd sakini X4 icarəyə verilmişdir. İcarə müqaqviləsinə görə onun tərəfindən hər hektara görə 280 manat olmaqla, 2,2 ha. əkin təyinatlı torpaq sahəsinə 616 manat bələdiyyəyə ödənilməli idi. Lakin həmin torpaq sahəsini 2 ildir ki, icarəçiyə təqdim edə bilmirlər. Orxan Ocanlı da həmin torpaq sahəsindən istifadə edə bilmir. Artıq ikinci ildir ki, Cavabdeh1 və Cavabdeh2 bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt edərək qanunsuz istifadə etdiyindən bələdiyyəyə 1232 manat ziyan vurulmuşdur. Sonda iddiaçının nümayəndəsi Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Cavabdeh1 və Cavabdeh2un Biləsuvar rayonu Bəydili bələdiyyəsinin mülkiyyətində olan 2.2 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə daxil olaraq orada əkin- becərmə işlərinin aparılmasının onlara qadağan olunması, zərərə görə 1232 manat pulun alınıb Biləsuvar rayonu Bəydili bələdiyyəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında ayrı-ayrılıqda izahatlarında iddia tələbini qəbul etmədiklərini və iddianın rədd olunmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar rayonu Bəydili kəndində kənd təsərrüfatı təyinatlı 0,248 ha torpaq sahəsi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi **********) Cavabdeh1 adına qeydiyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar rayonu Bəydili kəndində kənd təsərrüfatı təyinatlı 1,2404 ha torpaq sahəsi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi **********) Cavabdeh1 adına qeydiyata alınmışdır. İş materiallarında olan 20 sentyabr 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan 0,248 ha torpaq sahəsini Cavabdeh2 xx.xx.2022-ci il tarixdə icarəyə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2025-ci il tarixli № 10/4139 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 19.05.25 tarixli 3-21-3-44/2-3483/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Torpaqların elektron kadastr uçotu informasiya sistemində **********29 (JN-303) və **********30 (JN-304) reyestr nömrəli Çıxarışların "Torpaq sahəsinin planı və Ölçüsü" sənədlərinin döngə nöqtələrinin koordinatlarına əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş (müvafiq olaraq) 0,248 ha və 1,2404 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində **********29 (JN-303) və **********30 (JN-304) reyestr nömrəli Çıxarışların "Torpaq sahəsinin planı və Ölçüsü" sənədlərinin döngə nöqtələrinin koordinatlarına əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş (müvafiq olaraq) 0,248 ha və 1,2404 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən başqa, Cavabdeh2 faktiki istifadəsi kimi plana alınmış 1,6901 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan 2,1915 ha ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilərək yerləşmə vəziyəti, ölçüləri, döngə nöqtələrinin kordinatarı rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli 2 nömrəli qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında yalnız torpaq vergisi ödəmək şərti ilə ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 **********29 (JN-303) və **********30 (JN-304) reyestr nömrəli Çıxarışların "Torpaq sahəsinin planı və Ölçüsü" sənədlərinin döngə nöqtələrinin koordinatlarına əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş (müvafiq olaraq) 0,248 ha və 1,2404 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən başqa, bələdiyyə mülkiyyətində olan 2,1915 ha torpaq sahəsinin 1,6901 ha hissəindən faktiki olaraq istifadə etməklə həmin torpaq sahəsini zəbt etmişlər. İddia tələbindən görünür ki, Bəydili bələdiyyəsi mülkiyyətində olan torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadəsi nəticəsində 1232 (bir min iki yüz otuz iki) manat zərərə məruz qaldığını göstərmişdir. Lakin iş materiallarından cavabdehlərin bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadəsi nəticəsində bələdiyyənin maddi zərərə məruz qalmasına dair iddiaçı istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddaçı Biləsuvar rayonu Bəydili bələdiyyəsinin mülkiyyətində olan Biləsuvar rayonu Bəydili kəndi ərazisində yerləşən 2.1915 hektar torpaq sahəsinin 1.6901 hektar hissədən çıxarılmalı, həmin torpaq sahəsində əkin-becərmə işlərinin aparılması Cavabdeh1 və Cavabdeh2 qadağan edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, cavabdehlərdən ekspertiza tədqiqinin dəyərini təşkil edən 100 (bir yüz) manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Biləsuvar rayonu Bəydili bələdiyyəsinin mülkiyyətində olan Biləsuvar rayonu Bəydili kəndi ərazisində yerləşən 2,1915 ha torpaq sahəsinin 1,6901 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar. Həmin torpaq sahəsində əkin-becərmə işlərinin aparılması Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ekspertiza tədqiqinin dəyəri olan 100 (bir yüz) manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2(022)-102/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-102/2025
17.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver