Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1064/2024 30.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ BiləsuvarRayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 adlı uşaqları ilə birlikdə cavabdehlərin yaşadıqları Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsi 12 saylı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə Cavabdeh1 ilə el adətinə uyğun olaraq ailə həyatı qurmuş və toyları olmuşdur. Həmin vaxtdan rayonun Bəydili kəndində yerləşən Cavabdeh1 atası Cavabdeh2 evinə gəlin köçmüşdür. 2023-cü ilin yaz aylarına qədər həmin evdə fasiləsiz olaraq yaşamış və bütün cehiz əmlakı da hazırda həmin evdədir. O, Cavabdeh1 ilə 09 aprel 2018-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmuşdur. Cavabdehlə birgə yaşayış dövründə xx.xx.2018-ci ildə X8 və xx.xx.2020-ci ildə isə X7 adlı uşaqları anadan olmuşdur. Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-893/2023 saylı qətnaməsinə əsasən nikahları pozulmuş və hər iki uşağının onun yanında saxlanılması müəyyən edilmişdir.Cavabdehlər onu evdən məcburi qaydada çıxardıqdan sonra hazırkı vaxta qədər 2 azyaşlı uşağı ilə birlikdə atası evində yaşayır. Atasının evində uşaqların saxlanılması üçün heç bir normal şərait yoxdur. Bundan başqa hər iki uşaq cavabdehin uşaqları olmaqla onların soyadlarını daşıyırlar. Onlar üçün cavabdehlər heç bir iş görmür, uşaqların necə və hansı şəraitdə yaşaması ilə maraqlanmırlar. Bu hal onu çox narahat edir. Hazırda onun bütün cehiz əmlakı cavabdehlərin evindədir. O, 6 ilə yaxın fasiləsiz olaraq həmin evdə yaşamışdır. Həmin evdə iki uşağı dünyaya gəlmişdir.Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, ona görə də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddia tələbini qəbul etmədiyini, ona görə də iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında iddianın əsassız olduğuna görə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Biləsuvar RİHB-nin Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 fevral 2024-cü il tarixli № 5-39-4/2-75/2024 saylı arayışından görünür ki, Əliyeva X4 rayonu Əliabad kəndində yaşayır. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)- 893/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh X5 arasında 09 aprel 2018-ci il tarixdə Biləsuvar rayonu Bəydili kənd icra nümayəndəliyində 06 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci təvəllüdlü X3 anaları X1 yanında qalmaları müəyyən edilməklə, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa 200 (iki yüz) manat olmaqla, cəmi ayda 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh1 alınıb cavabdeh X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar rayonu Bəydili kəndində 0,25 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 119,8 kvm, yardımçı sahəsi 112,9 kvm, ümumi sahəsi 232.7 kvm-dən ibarət fərdi yaşayış evi Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə xx.xx.2011-ci il tarixdə (qeydiyyat nömrəsi ********** olan) qeydiyyata alınmışdr. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, «Beləliklə, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir». 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında eyni zamanda göstərilmişdir ki, «Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanının hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbədən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayə müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimetin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədlə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər». Konstitusiya Məhkəməsi 24 sentyabr 2020-ci il tarixli «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə Qərarında bir daha hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, «Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir». İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 2017-ci ildə Cavabdeh1 ilə el adətinə uyğun olaraq ailə həyatı qurmuş və qaynatası iş üzrə Cavabdeh2 Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsi 12 saylı yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxt Biləsuvar rayonu Bəydili kəndində 0,25 ha həyətyanı torpaq sahəsində yerləşən mübahisə olunan yaşayış evinin mülkiyyət hüququ ilə 2011-ci ildən Cavabdeh2 adına qeydiyyatda olmasına baxmayaraq iddiaçının Cavabdeh1 ilə ailə münasibətinin 2017-ci ildən yaranması nəzərə alınmaqla mübahisə Mənzil Məcəlləsinin 30-cü maddəsinin tələbinə uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020ci il tarixli Qərarında göstərildiyi kimi «Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir». İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)- 893/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh X5 arasında 09 aprel 2018-ci il tarixdə Biləsuvar rayonu Bəydili kənd icra nümayəndəliyində 06 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuşdur. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi iddiaçının yaşayış sahəsinin mülkiyyətçisi ilə aralarında hər hansı bir razılaşma olmamış, iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verilmiş və hazırda iddiaçı validenlərinə məxsus evdə yaşayır. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunan işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 adlı uşaqları ilə birlikdə cavabdehlərin yaşadıqları Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsi 12 saylı evə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №2(022)-1064/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1064/2024
30.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver