Məhkəmə qərarları › İş №2(022)-1164/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1164/2025

19.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1164/2025 19.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi vəkil X7, cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı torpaq sahəsindən tikililər sökülməklə çıxarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X4 mülkiyyətində olan 0,0505 hektar həyətyanı torpaq sahəsindən, tikdiyi tikililər onun hesabına sökülməklə çıxarılması, cavabdehdən dövlət rüsumuna görə ödədiyi 100 manat, vəkilə hüquqi xidmətə görə ödədiyi 200 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonunun Xırmandalı kəndində qeydiyyatdadır. ünvan 1 ünvanda şəxsi mülkiyyətində 0,0505 hektar həyətyanı torpaq sahəsi vardır. Buna dair DƏDRX-nin reyster nömrəsi **********08 olan Çıxarışı da vardır. Cavabdeh 2-3 il əvvəl onun mülkiyyətində olan torpaq sahəsini alacağını ona demiş, o da həyətyanı torpaq sahəsini ona göstərmişdir. Daha sonra cavabdeh pul toplayaraq onunla həmin torpaq sahəsinin alqı-satqısı barədə müqavilə bağlayacağını ona bildirmişdir. O, özü başqa rayonda işlədiyindən bir müddət əvvəl ona məlum olmuşdur ki, cavabdeh aralarında heç bir müqavilə olmadan mülkiyyətində olan torpaq sahəsində tikili tikmiş və bir qadınla orada yaşayır. Bunu bilən kimi cavabdehlə görüşmüş və ondan dərhal tikilisini sökməklə mülkiyyətindən çıxmasını tələb etmişdir. O, bir neçə gün ona möhlət verilməsini xahiş etmişdir. Lakin onu aldatdığını görüb bir neçə dəfə 102 xidmətinə məlumat vermişdir. Oradan ona bildirilmişdir ki, mülki mübahisə olduğundan məhkəməyə müraciət etməlidir.Hazırda qanuni əsaslarla mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən faktiki tutulmaqla istifadə olunur və bununla onun mülkiyyət hüququ pozulur. Odur ki, cavabdeh X4 mülkiyyətində olan 0,0505 hektar həyətyanı torpaq sahəsindən, tikdiyi tikililər onun hesabına sökülməklə çıxarılması, cavabdehdən dövlət rüsumuna görə ödədiyi 100 manat, vəkilə hüquqi xidmətə görə ödədiyi 200 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, ünvan 2 ünvanında şəxsi mülkiyyətində olan 0,0505 hektar həyətyanı torpaq sahəsindən 2,5 sot hissəsini cavabdeh X2 barədə onunla razılaşaraq həmin torpaq sahəsinin 1 sot hissəsinin dəyəri olan 1400 manatını cavabdehdən almışdır. O, da həmin torpaq sahəsində Əliağa Əzizovun yaşayış evi tikməsinə icazə vermişdir. Cavabdeh həmin torpaq sahəsində yaşayış evi tikdikdən sonra onun qalan 1,5 sot torpaq sahəsini almaqdan imtina etmişdir Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil X10 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onunla qonşu olan Biləsuvar şəhəri Ə .Cəfərzadə 21 də yaşayan İddiaçı iddia tələbində göstərmişdir ki, güya o, 2- 3 il bundan qabaq ona demişdir ki,onun həyətyani torpaq sahəsini almaq istəyir, onunla alqı-satqı müqaviləsi baglayacaq.O, ona torpaq sahəsini göstərmiş və 2-3 il başqa rayonda işləməklə yaşamışdır. 3 ildən sonra Rəsmiyyə Rzayevaya məlum olmuşdur ki, o, iddiaçının ona göstərdiyi torpağı zəbt edərək ev tikmiş, hansisa qadinla o mənzildə yaşayir. Rəsmiyyə Rzayevanın iddia ərizəsində göstərdikləri bütünlüklə yalan və böhtandır. Belə ki, İddiaçınin özü 04 dekabr 2020 cı ildə Biləsuvar rayon prakurorunun böyük müstəntiqi Fəxrəddin Mircavadovun icraatinda olan 172c-20 sayli materialın araşdirilmasinda, 03 oktyabr 2020-ci il Biləsuvar RPŞ-nin TB-nin polis mayoru X5 hk-1/1334 saylı icra etdiyi yoxlama materialinda verdiyi ifadələrində 2019-cu ildə ondan şifahi razılaşma yolu ilə 1400 AZN alaraq 1 sot torpaq satmasını bildirməklə təsdiq etmişlər. O, 2019-cu ildə şifahi razilaşma ilə 1400 manta İddiaçı aldığı 1 sot torpaqda mənzil inşa edərək, həyat yoldaşi Rüstəmov Aynurə və oğlu X16 oglu ilə birlikdə həmin evdə yaşamışlar, hazırda da həmin ünvanda yaşayır, kammunal xidmətləri ödəməklə sudan və təbii qaz istifadə edirlər. Onun əvvəllər İddiaçı ilə qonşuluq münasibətləri çox yaxşı olmuş, o, İddiaçı həmişə qonşu kimi xidmətində olmuşdur. İddia ərizəsində başqa rayondakı iş yeri dediyi 15 km məsafədə yerləşən Alar kəndindəki yanacaq doldurma məntəqəsinə İddiaçı səhər saat 8-də aparmış və bəzən də onu işdən evinə gətirmişdir. Onun 2-3 il evində olmadığını iddia ərizəsində qeyd etməsi yalandır. İddiaçı oglu Nurlan Məmmədzadə ilə bir yerdə yaşayir və mənzillərini heç vaxt uzun müddətə tərk etməmişlər. İddiaçınin ona qarşı soyuq münasibəti onun 1.5 sot torpaq sahəsini almaq təklifini qəbul etməməsi olmuşdur. İddiaçı ona 1.5 sot torpağin pulunu verdikdən sonra onun torpagini sənədləşdirəcəyini bildirmişdir. Onun buna imkanının olmadığını dedikdən sonra İddiaçınin oglu Nurlan Məmmədzadənin onun ailəsinə qarşi qərəzli, böhtan, yalan, şantaj və təhdid dolu hucumları başlamışdır. O, 2019 cu ildən oğlu və arvadı Rüstəmzadə Aynurə ilə İddiaçı 1400 manata razılaşaraq aldiğı Biləsuvar şəhəri Ə.Cəfərzadə küçəsində inşa etdiyi evdə yaşayır. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı adına ünvan 2 ünvanında olan yaşayış məntəqələri torpaqlarından 0,0505 ha torpaq sahəsi ( reyestr nömrəsi **********08, tam paylı qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il) mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Biləsuvar rayon prokurorluğunun böyük müstəntiqi kiçik ədliyyə müşaviri X1 «cinayət işi başlanmasının rədd edilməsi haqqında» 04 dekabr 2020ci il tarixli qərarından görünür ki, İddiaçı izahatında göstərmişdir ki, X9 və X8 yaxın qonşularıdır, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Əliağa Əzizov uzun müddət idi ki, ailəsi ilə birlikdə onların yaşadığı evin yaxınlığında kirayədə yaşamış, məhəllədə təzə olduqlarından, yaşadıqları evin şəraiti olmadığından su lazım olduğu üçün və onlara gəlibgetdiklərindən həmin vaxtdan qonşu kimi münasibətləri yaranmışdır. Bundan sonra onlara tez-tez gəlib-getməyə başlamışlar və hədda Aynur ona ana deyə müraciət etmişdir. Tarixini dəqiq xatırlamadığı vaxtda 2019-cu ilin yay aylarında Əliağa Əzizov ona yaxınlaşaraq onlara torpaq sahəsi satmasını istəmiş, lakin ona o, torpaq satmadığını bildirmişdir. Bundan sonra bir müddət aralarında torpaqla bağlı heç bir söhbət olmamışdır. Tarixini dəqiq xatırlamadığı vaxtda Əliağanın azyaşlı oğlunun kiçik toyu ərəfəsində onların kirayədə yaşadığı evdə olan zaman Əliağa yenidən ona yaxınlaşaraq ondan ev tikməsi üçün öz həyətyanı sahəndən torpaq sahəsi satmasını istəmişdir. Yenə də ona torpaq satmaq fikiri olmadığını bildirmiş, lakin həmin ərəfədə yaşadığı evin təmirinə pul lazım olduğu üçün Əliağaya yaşadığı evin arxasında yerləşən 5 sot torpaq sahəsinin 2,5 sotunu sata biləcəyini demişdir. Əliağa da onunla torpağın 5 sotunu almağa razılaşmış, lakin həmin vaxt torpağın qiymətini bilmədiyi üçün ona heç bir qiymət deməmiş, qiymətləri öyrənəndən sonra deyəcəyini bildirmişdir. Bundan təxminən 3-4 gün sonra həmin ərazidə yerləşən torpağın 1 sotunun 1500 manata satıldığını öyrənərək bu barədə Əliağaya demiş və ona torpağın sotunu 1400 manata satacağını bildirmişdir. Əliağa da onunla razılaşmış və bu söhbətlərindən təxminən 1 ay sonra Əliağa ona yaxınlaşaraq 1400 manat pul gətirdiyini, ev tikməsi üçün 10 metr eni və 10 metr uzunluğunda ona torpaq sahəsi verməsini, artıq kirayədə qala bilmədiyini, hazırda biri Biləsuvar rayonunda xəstəxananın yaxınlığında və digəri Bakı şəhərində olan evləri satışa qoyduğunu, həmin evlərin biri satılandan sonra 2.5 sot torpağın pulunun hamısını verəcəyini bildirmişdir. Uzun müddətdir ki, qonşu olduqlarından, biri-birinin evinə gediş-gəlişləri olduğundan, yaxın münasibətləri olduğu üçün həmin vaxt pulu ondan yarımçıq götürmək istəməmiş, pulun onda qalmasını, sonra hamısını birlikdə verməsini bildirmiş, lakin Əliağa ona bu pulu götürməsini, ona borclu qalmayacağını, qalan hissəsini də tezliklə verəcəyini bildirmişdir. Ona inandığına görə razılaşıb 1400 manat pulu almış və torpağda ev tikməsinə icazə vermişdir. Bundan sonra Əliağa torpaq sahəsində ev tikmiş və həmin evin işıq, qaz və su xətti onların evindən çəkilmişdir. Əliağa yaşadığı evdə istifadə etdikləri suyun, qazın və işığın pulunu onların evinin sayğaclarından istifadə etdiklərinə görə hər ay ona 15 manat pul ödəmiş, dəfələrlə Əliağadan torpağın qalan pulunu nə zaman verəcəyini soruşduqda, o da evlər nə zaman satılsa verəcəyini bildirmişdir. Lakin onlara torpağı verməsindən təxminən 5-6 ay keçməsinə baxmayaraq Əliağanın ona heç bir pul verməyəcəyini hiss etmiş, ondan pulu nə zaman verəcəyini soruşduqda o, söhbətdən yayınmağa çalışmış və bu söhbətlər artdıqca aralarında sözlü şəkildə mübahisələr yaranmağa başlamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Əliağanın əvvəlcədən məqəsədi və fikri ondan 1 sot torpaq sahəsi alıb ev tikmək, qalan torpağa görə pul verməmək olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasəq mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1116/2025 saylı baxılan mülki iş üzrə xx.xx.2025-ci il tarixli Qərarının 92-ci bəndində hüquqi mövqeyini açıqlayaraq göstərilmişdir ki, «Məhkəmə təcrübəsində özünün torpaq sahəsində başqasının tikinti aparmasına razılıq vermiş, bununla da həmin şəxsin tikintiyə münasibətdə vicdanlı sayılmasına öz davranışı ilə səbəb olmuş mülkiyyətçinin sonradan əvvəlki rəftarına zidd şəkildə, müvafiq kompensasiya vermədən həmin tikilinin sökülməsi barədə tələbləri əsassız sayılır. Belə yanaşma, hüquqdan sui-istifadə qadağasına uyğun olduğu kimi (MM, m. 560.1-560.2, 560.3.4), tikili sökülmədən torpağın tərkib hissəsi kimi qaldıqda isə torpaq mülkiyyətçisinin tikili hesabına əsassız varlanmasının da qarşısını alır.

93. Bu halda torpaq sahəsinin mülkiyyətçisinin ödədiyi kompensasiya müqabilində inşaat aparmış şəxsin tikili üzərindəki hüququ aradan qalxır, torpaqla möhkəm bağlı olan həmin tikili bir iqtisadi dəyər olaraq əvəzini ödəmiş mülkiyyətçiyə qalır.

94. Bununla yanaşı, əksinə bir vəziyyətin meydana çıxması da istisna edilmir. Yəni, göstərilən şərtlər daxilində başqasının ərazisində vicdanlı şəkildə tikili inşa edildikdə və torpaq mülkiyyətçisi də buna dözməyə məcbur olduqda, inşaat aparmış şəxsə həmin torpaq sahəsi üzərində hüququn verilməsi, əvəzində isə ərazinin mülkiyyətçisinə kompensasiya ödənilməsini tərəflərdən birinin tələb etməsi də mümkündür». Həmin «Qərar»ın 109-cu bəndində göstərilir ki, kassasiya məhkəməsi vurğulayır ki, müqavilə olmasa belə, torpaq mülkiyyətçisinin üzərinə bu cür yükün qoyulması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Ona görə ki, əvvəla, mülkiyyət hüququ sahibinə təmin etdiyi imkanlarla yanaşı, qanundan irəli gələn öhdəlikləri də özündə ehtiva edir. Bu səbəbdən Mülki Məcəllənin 152.5-ci maddəsi mülkiyyətçinin qanunda müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərlə, habelə qonşuların və ya üçüncü şəxslərin hüquqlarınının pozulmaması, yaxud hüquqdan sui-istifadə olmaması nəzərə alınmaqla öz əşyasına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu tanımışdır (§ 39). İkincisi, mülkiyyət hüququ zəruri olduqda, qanunda nəzərdə tutulan əsaslarla, qanuni məqsədlərlə (o cümlədən başqa şəxslərin hüquq və mənafelərinin qorunması üçün) mütənasib şəkildə məhdudlaşdırıla bilər. Bu imkan Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin V və Vİ hissələrində, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1, 3.4, 3.5-ci maddələrində, habelə İnsan Hüquqlarının və X3 X2 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir (§ 27-28, 30-33)». Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdeh X6 ünvan 3 ünvanda şəxsi mülkiyyətində olan 0,0505 hektar həyətyanı torpaq sahəsindən 1 sot hissəsini satması barədə şifahi razılaşma əldə etməklə Əliağa Əzizovdan 1400 manat pul almış və həmin torpaq sahəsində yaşayış evinin inşasına razılıq vermişdir. İddiaçının razılığı ilə cavabdeh mübahisə olunan torpaq sahəsində 2019-cu ildə yaşayış evi inşa etməklə ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. Lakin iddiaçı həmin torpaq sahəsinin mülkiyyətçisi olmasını əsas gətirməklə cavabdehin torpaq sahəsində inşa etdiyi yaşayış evini sökməklə həmin torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. Göründüyü kimi iddiaçının hərəkətləri Mülki Məcəllənin 560.1-560.2, 560.3.4-cü maddərinin tələblərinə uyğun olaraq hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1116/2025 saylı baxılan mülki iş üzrə xx.xx.2025-ci il tarixli Qərarından göründüyü kimi işin qeyd olunan halları mülkiyyət hüququnun pozulması kimi qiymətləndirlə bilməz. Beləliklə, məhkəmə qeyd olunan işin faktiki hallarını və maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh X6 qarşı torpaq sahəsindən tikililər sökülməklə çıxarılması tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ:

İddiaçı cavabdeh X6 qarşı ünvan 4 ünvanda torpaq sahəsindən tikililər sökülməklə çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar