Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1201/2024 16.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinin vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinə qarşı “işə bərpa" tələbinə dair iddiası üzrə mülki işə Biləsuvar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 1999-cu ildən Amankənd kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir. 03 iyun 2024-cü il tarixdən 15 iyun 2024-cü il tarixədək iddiaçı bülletendə olmuşdur. Buna dair rəsmi sənədi də vardır. 16 iyun 2024-cü il tarixdə işə gedib bülletenini təqdim etmək istəyərkən məktəbin direktoru iddiaçıya bildirdi ki, onu işdən çıxardıb. Səbəbini soruşanda direktor iddiaçıya bildirdi ki, 08 iyun 2024-cü il tarixdə sertifikasiya imtahanında iştirak etməməsi səbəbindən işdən çıxarılmışdır. İddiaçı bildirdi ki, onun yaşı 60-dan yuxarıdır və ikincisi imtahan vaxtı iddiaçı bülletendə olmuşdur. Dəfələrlə, iddiaçı direktorun yanına getsə də direktor bu gün sabaha salmaqla əmrini və əmək kitabçasını vermədi. Bu günə kimi iddiaçının əmri və əmək kitabçası verilməmişdir. İddiaçı məcburiyyət qarşısında qalıb mediasiyaya müraciət etmişdir. Mediasiya prosesi keçirilsə də, məktəbin direktoru gəlməmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın barəsində verdiyi 14 iyun 2024-cü il tarixli əmri qanunsuz və əsassızdır. İddiaçının tələbi: Cavabdeh1ndə ibtidai sinif müəllimi vəzifəsindən çıxarılmaya dair 14 iyun 2024-cü il tarixli əmri ləğv edilməklə əvvəlki iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsinə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Cavabdehin yazılı etirazı: Cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinin vəkili Nümayəndə2 yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 oğlu məhkəmənin 02 avqust 2024cü il tarixli hazırlıq iclasında iddianı qəbul etmədiyini bildirmişdir. Cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinin vəkili Nümayəndə2 bildirdi ki, iddiaçının iddiası yanlışdır, burada göstərilmiş tələblərin cavabdeh tərəfindən təmin edilməsi mümkün deyildir. İddiaçı göstərib ki, onunla bağlanmış olan əmək müqaviləsinə sertifikasiya imtahanında iştirak etmədiyi üçun xitam verilmişdir və ona xitam bildirişi təqdim edilməmiş, sertifikasıya imtahanında iştirakının könüllü olması və bülletendə olması nəzərə alınmamış, bununla da qanun pozuntusuna yol verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam 27 iyun .2024-cü il tarixində verilmişdir. Dolayısı ilə iddiaçıya bunun 16 iyun 2024-cü il tarixində bildirilməsi iddianın əsassız hesab edilməsi uçün birinci hal kımı çıxış edir. Həmçinin, iddiaçı 2023-2024-cü tədris ili üçün 20 iyun 2023-cü il tarixində olan və 2023-2024-cü tədris ili üçün 08 iyun 2024-cü il tarixində olan hər iki sertifikasiya imtahanında iştirak etməmişdir 20 iyun 2023-cü il tarixində keçirilmiş sertifikasiya imtahanı zamanı iddiaçının 60 yaşı tamam olmamışdı və bu fakt iddiaçının Azərbaycan Respublikası Nazırləı Kabinetinin 2020-cı il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydasının 1.5-ci maddəsindən faydalanmaq üçün imtahanda qəsdən iştirak etməmiş olduğunu göstərir. Yekun olaraq, işdən azad olunma zamanı yol verildiyi iddia olunan prosessual pozuntular barədə qeyd etmək yerində olardı ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-13F/2024 nömrəli əmrinə əsasən sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərin əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə əsasən xitam verilmişdir, iddiaçının əmək müqaviləsi də bu qəbildən olan müqavilələrə daxil olub, zəruri prosedur qaydalarına riayət edilmişdir və işçi xitam əmri ilə tanış edilmişdir, yalnız bundan sonra işçinin əmək kitabçası geri verilmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin vəkili iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Amankən ümumi orta məktəbinin 27 iyun 2024-cü il tarixli 13 nömrəli aktından görünür ki, məktəbin direktoru və digər beş səlahiyyətli şəxsi tərəfindən məktəbin ibtidai sinif müəllimi İddiaçı onların ştirakı ilə iddiaçıya məxsus olan əmək kitabçasını şəxsi işi ilə birgə İddiaçı təhvil verilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2- 13F/2024 nömrəli əmrindən görünür ki, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "с” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi Amankənd ümumi orta məktəbinin 27 iyun 2024-cü il tarixli 46 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı təkrar serfikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "с” bəndinə əsasən 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması barədə SN seriyalı ******* nömrəli 15 iyun 2024-cü il tarixli vərəqədən görünür ki, İddiaçı 03 iyun 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixinədək işdən azad edilmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatının 15 avqust 2024-cü il tarixli MŞL/MT014/2024-01142 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən, İddiaçı oğlunun Amankənd ümumi orta mətəbinə qarşı əmək mübahisəsi ilə bağlı tələbinə dair 15 avqust 2024-cü il tarixdə saat 12:30-da nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; 74-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiasi təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya öz razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır; 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-ü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 05 iyul 2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, əmrin ləğv edilməsi tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında əmək müqaviləsinə əsaslanan əmək münasibətləri mövcud olmuş və həmin münasibətlərə 27 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən cavabdehin 46 nömrəli əmri ilə xitam verilmişdir. Hazırda iddiaçı sözügedən əmrin ləğv edilməsini xahiş edir və iddiasını iki istiqamətdə əsaslandırır:
1. Cavabdehin əmək müqaviləsinə xitam verməsi iddiaçının həmin tarixdə əmək qabiliyyətinin olmamasına görə qanunsuzluğu;
2. İddiaçının yaşı 60 yaşdan yuxarı olduğu üçün onun sertifikatlaşmada iştirakının könüllü olması. Məhkəmə araşdırması zamanı İddiaçı onun barəsində verilmiş əmrin qanunsuz olduğunu qeyd etmiş və ləğv edilərək iddiaçının işə bərpa olunması, eyni zamanda məcburi işburaxma müddəti üçün əmək haqqısının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi öz-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəlirini itirir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə işçinin işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmamışdır. Belə ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunun 28.2-1ci maddəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Mülki iş materiallarına əlavə edilmiş, həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatlara əsasən İddiaçı xx xxxx 1964cü il təvəllüdlüdür. Bu da o deməkdir ki, mübahisə predmeti ilə bağlı təkrar sertifikatlaşdırma imtahanının keçirildiyi gün, yəni 08 iyun 2024-cü il tarixdə iddiaçının artıq 60 yaşı tamam olmuşdur və şəxsin adı çəkilən imtahanda iştirakı qanunvericiliyin tələbinə əsasən imperativ deyil, könüllülük prinsipi əsasında müəyyən edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbi kobud şəkildə pozulmuş və iddiaçı xəstə olduğu gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edildiyi halda, əmək qabiliyyətini müvəqqəti itirdiyi gün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən qanunsuz olaraq xitam verilmişdir. Bütün bu hallar işə əlavə edilmiş “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş SN seriyalı ******* nömrəli 15 iyun 2024-cü il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsi, iddiaçının izahatı, mülki iş materiallarına əlavə olunmuş digər sənədlər ilə təsdiq olunur. Göründüyü kimi işəgötürən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə xitam verib, bu isə qanunla yolverilməzdir Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı barəsində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi haqqında 27 iyun 2024-cü il tarixli, 46 nömrəli əmr ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı barəsində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi haqqında 27 iyun 2024-cü il tarixli, 46 nömrəli əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilsin. Cavabdeh Amankənd Ümumi Orta Məktəbindən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM: Mədinə Rəsulova