Məhkəmə qərarları › İş №2(022)-121/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-121/2023

16.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-121/2023 16.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X4 X1 Fərid Elşən oğluna qarşı Salyan meşəbəyliyinin 11-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 3 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X4 X3 Fərid Elşən oğluna qarşı Salyan meşəbəyliyinin 11-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 3 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, 17 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının əraziyə baxış keçirməsi zamanı Cavabdeh2 Salyan meşəbəyliyinin 11-ci kvartalının bir hissəsində taxıl əkdiyi məlum olmuş və bununla əlaqədar 18 yanvar 2022-ci il tarixdə akt tərtib edilmişdir. Cavabdeh1 həmin sahənin boşaldılması yazılı qaydada tələb olunsa da, cavabdeh hal-hazıradək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 Təsərrüfatı Mərkəzi əməkdaşlarının qanuni tələblərinin icrasından imtina etmişdir. Sonda, Nümayəndə1 iddianın təmin olunaraq, cavabdehin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 Təsərrüfatı Mərkəzinin 11-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 3 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini tam etiraf edərək izahatında göstərdi ki, o, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşayır. O, Salyan meşəbəyliyinin 11-ci kvartalında, Biləsuvar-Cəlilabad yolunun kənarında, meşə fonduna aid ərazidə yerləşən 3 hektar torpaq sahəsində yonca əkir. Onun həmin sahadə əkdiyi məhsulu o, iyin ayının ortalarında biçdikdən sonra həmin torpaq sahəsini boşaldaraq, X4 Təsərrüfatı Mərkəzinə təhvil verəcəkdir. Sonda, Cavabdeh2 məhkəməyə yazılı ərizə təqdim etməklə iddianı etiraf edərək, iddianın təmin olunmasına razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 yanvar 2022-ci il tarixli, 002611 saylı Salyan meşəbəyliyinə baxış keçirilməsi barədə aktdan görünür ki, Salyan meşəbəylinin 5 saylı meşə dolayına baxış keçirilmiş, baxış zamanı Biləsuvar rayonu Əsgərabad kənd sakini Cavabdeh2 həmin ərazidə 3 hektar sahədə taxıl əkdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 8-ci maddəsinə görə meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya, girov qoymaya və digər əqdlərə yol verilmir. Həmin Məcəllənin 11-ci maddəsinə görə Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 37-ci maddəsinin 1-ci hissəsinə görə meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin tələbinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələbinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında yalnız torpaq vergisi ödəmək şərti ilə ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 X2 meşəbəyliyinin 11-ci kvartalında özbaşına zəbt etdiyi 3 hektar ölçüdə torpaq sahəsi Cavabdeh1 vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməklə, iddiaçıya qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə görə dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 Təsərrüfatı Mərkəzinin iddiası təmin edilsin. Cavabdeh2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 X2 meşəbəyliyinin 11-ci kvartalında özbaşına zəbt etdiyi 3 (üç) hektar ölçüdə torpaq sahəsindən çıxarılaraq, X4 Təsərrüfatı Mərkəzinə təhvil verilsin və həmin ərazi Cavabdeh2 vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilsin. Cavabdeh2 dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi nəfinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar