Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1241/2023 21.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X29 oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə1, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili, Biləsuvar rayon vəkil bürsounun vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 0.28 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evindən çıxarılması barədə iddiasına dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Qasımov İddiaçı Şəhla Ələşrəf qızına qarşı cavabdehin iddiaçıya məxsus Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 0.28 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, göstərdi ki, o, hazırda Biləsuvar rayonu, Xırmandalı kəndində ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Onun hazırda yaşadığı ev, o cümlədən mübahisə predmeti olan və cavabdeh tərəfindən zəbt edilmiş ev Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 6 saylı qərarı ilə onun və digər ailə üzvlərinin – arvadı X12, uşaqları – X3, X5 və X6 mülkiyyətinə verilmiş Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 0.28 hektar torpaq sahəsində tikilmişdir. Belə ki, mübahisəli torpaq sahəsində iki ev yerləşir. Həmin evlərdən biri, yəni onun hazırda yaşadığı ev onun mərhum atası tərəfindən kərpicdən tikilmişdir, digər ev isə onun özü tərəfindən daşdan tikilmişdir. O, həmin evi 1990-cı illərin sonlarında, Sovet hakimiyyəti dövründə tikməyə başlamış və evin tikintisi 2000-ci illərin əvvəllərində bitmiş və o, ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Həmin evlər torpağın mülkiyyətə verilməsinə dair JN – 787A seriyalı şəhadətnamədə 787AJ və 787AK inventar nömrələri ilə göstərilmişdir. 1994-cü ildə mərhum anasının yas mərasimi də həmin evdə keçirilmişdir. Həmin vaxt evin qapısı və pəncərələri olmasa da, evin üstü bağlanmışdır. Təxminən 2000-ci ildə o, evin tikintisini tam başa çatdırmış və yaşayış üçün tam hazır vəziyyətə gətirdikdən sonra evə öz vəsaiti hesabına əldə etdiyi mebellərini də yerləşdirmişdir. Həmin vaxt o, həmin evə qaz xətti çəkdirməsə də, elektrik enerjisi çəkdirmiş, o cümlədən evdə isitmə sistemi qurmuşdur. Mübahisəli evi tikdiyi dövrdə qardaşı X2 Respublikasında yaşamış və ildə bir neçə dəfə bir neçə günlüyə Azərbaycana gəlmişdir. B.İ.Qasımov hətta Azərbaycan Respublikasına səfərlərinin birində Ukrayna Respublikasında yaşayan ailəsini də özü ilə gətirmişdir. Həmin vaxt B.İ.Qasımovun Ukraynalı ailə üzvləri onun ailə üzvləri ilə birlikdə mübahisəli evdə qalmış, hətta orada fotoşəkillər də çəkmişlər. Onun məhkəməyə təqdim etdiyi fotoşəkillərdə də görünür ki, həmin evdə yaşayış üçün hər cür şərait olmuşdur. Əks halda o və qardaşı B.İ.Qasımov ailə üzvlərinin həmin evdə qalmalarına icazə verməzdilər. 2008-ci ildə təxminən 60 yaşı olan qardaşı B.İ.Qasımov Azərbaycan Respublikasına gəldiyi zaman qonşusu Cavabdeh ilə hımin vaxt nikaha daxil olsa da, cavabdeh bir neçə il öz valideynlərinin evində yaşamağa davam etmişdir. Bundan bir neçə il sonra B.İ.Qasımov Cavabdeh onun rəsmi nikahda olduğu arvadı olduğunu, lakin özünün Azərbaycan Respublikasında evi olmadığını bildirərək, Cavabdeh müvəqqəti olaraq ona məxsus olan hazırki mübahisəli evə köçüb yaşamasını xahiş etmişdir. O, qardaşı B.İ.Qasımovun xətrini əziz tutduğuna və bacıları da ondan eyni xahişi etdiklərinə, habelə oğlu hələ yetkinlik yaşına çatmadığına görə o, Cavabdeh, evin kommunal xərclərini ödəməsi şərtilə, müvəqqəti olaraq həmin evdə yaşamağa icazə vermişdir. Cavabdeh evə köçdüyü zaman özü ilə cehiz gətirməmiş və buna görə də B.İ.Qasımov və Cavabdeh həmin evə köçdükdən sonra onun əşyalarından istifadə etmişlər. O, B.İ.Qasımov ilə etdiyi söhbətlər zamanı həmin şəxsə hər dəfə evi müvəqqəti şəkildə onlara verdiyini bildirmiş və B.İ.Qasımov da ona Bakı şəhəri, Novxanı kəndində ev tikdirdiyini və evin tikintisi başa çatdıqdan sonra arvadını da götürüb ora gedəcəyini bildirmişdir. O, Cavabdeh bir gəlin kimi hörmətlə yanaşmış və ona əlindən gələn köməyi etmişdir. Tərəflər həmin evə köçdükdən təxminən 1-2 ay sonra Ukrayna Respublikasına getmişlər və orada Çerkas vilayətində 4-5 il yaşamışlar. O, özü də Ukrayna Respublikası vətəndaşı ilə evli olduğuna görə sonradan həmin ölkəyə ailəsi ilə birlikdə getmişdir. Həmin müddətdə isə onun qardaşı B.İ.Qasımov da işləmək üçün Ukrayna Respublikasına getdiyinə görə Cavabdeh onun evində yaşamağa davam etmiş və həmin evin təsərrüfat işlərini həyata keçirmişdir. Cavabdeh mübahisəli evdə yaşadığı dövrdə öz kommunal xərclərini ödəmək məqsədi ilə müvafiq enerji təminatçısı olan müəssisələrə müraciət edərək qaz xətti çəkdirmiş, habelə öz adına müvafiq hesablar açmaqla və sayğaclar quraşdırmaqla, evin kommunal haqlarını özü ödəmişdir. O, güman etmişdir ki, qardaşı B.İ.Qasımov tezliklə arvadı Cavabdeh da öz yanına – Ukrayna Respublikasına aparacaq və həmin şəxslər ona məxsus evi tərk edəcəklər. Lakin zaman keçdikcə qardaşı B.İ.Qasımov nadir hallarda Azərbaycan Respublikasına gəlmiş və Cavabdeh da onun evində köklü şəkildə məskunlaşmağa başlamışdır. Habelə B.İ.Qasımov və Cavabdeh birgə nikahları dövründə Bakı şəhərində bağ sahəsi alaraq, orada bağ evi də saldırsalar da, həmin şəxslər onun evini tərk etməmişlər. O isə qardaşı ilə münasibətləri pisləşməməsi üçün Cavabdeh evdən çıxması barədə heç bir rəsmi tələb irəli sürməmişdir. Cavabdeh və B.İ.Qasımov Biləsuvar rayon Məhkəməsinin 14 iyul 2023cü il tarixli qətnaməsi ilə rəsmi şəkildə ayrılmışlar. Həmin qətnamə ilə eyni zamanda tərəflərin birgə nikah dövründə aldıqları əmlakları hər iki tərəf arasında bölünmüş və həmin əmlakların hər birinin ½ hissəsində Cavabdeh payı müəyyən edilmişdir. Lakin tərəflər arasında nikah pozulduqdan sonra da Cavabdeh onun evində yaşamağa davam etmişdir. O, həmin şəxsdən evini tərk etməsini xahiş etdiyi zaman sonuncu onunla razı olmamış və evin əslində özünün olduğunu bildirmişdir. O, hazırda mərhum atasının inşa etdiyi köhnə evdə yaşayır və özünün maddi vəsaiti hesabına inşa etdiyi evində cavabdeh həmin evi tərk etmədiyinə görə yaşaya bilmir. O, Cavabdeh dəfələrlə ona məxsus evdən çıxmasını tələb etsə də, həmin şəxs onun xəbərdarlıqlarına heç bir əhəmiyyət verməmişdir. Cavabdeh həmin evi özünün tikdiyini və təmir etdiyini iddia etsə də, həmin şəxs yalnız evin dam hissəsində cüzi təmir işləri və evin həyətində bir neçə tikinti işləri aparmışdır. Belə ki, onun məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də görünür ki, həmin ev çoxdan tikilmiş və təmir edilmişdir. Həmçinin o, cavabdehin mane olması səbəbindən həmin evə dair heç bir rəsmi sənəd ala bilməmişdir. Belə ki, o, dəfələrlə - təxminən 5 dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarını torpaq sahəsində yerləşən evlərin sərhədlərinin müəyyən edilməsi, planın çəkilməsi məqsədi ilə dəvət etsə də, cavabdeh hər dəfə həmin əməkdaşlara mane olmuş və buna görə də o, mübahisəli evdə öz mülkiyyət hüququnu təsdiq edən sənədləri əldə edə bilməmişdir. Hazırda onun oğlu evlənmiş və buna görə də ailəsi genişlənmişdir və yaşadığı ev kiçik olduğuna görə həmin evə ailəsi ilə birlikdə artıq yerləşə bilmirlər. Cavabdehin zəbt etdiyi ona məxsus ev isə kifayət qədər böyükdür və onun ailəsinin ehtiyaclarını qarşılamağa imkan verir. O, hazırda öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilmir və cavabdehin təqsirli hərəkətləri nəticəsində o, öz əmlakından məhrum olmuşdur. O, dəfələrlə cavabdehlə razılaşmağa cəhd göstərib, həmin şəxsə Bakı şəhərindəki bağ evinə köçməsini təklif etsə də, Cavabdeh onunla razılaşmayaraq, onun öz evindən də ona pay ayrılmasını istəmişdir. Buna görə də o, mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Sonda, İddiaçı məhkəmədən iddianın təmin edilməsini və Cavabdeh ona məxsus Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 0.28 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evindən çıxarılması barədə qətnamə qəbul edlməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, B.İ.Qasımov ilə 29 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Evləndikləri zamanı yaşları çox olduğuna görə toy mərasimi həyata keçirməmiş, yalnızca kiçik yığıncaqla kifayətlənmişlər. Həmin yığıncaq isə hazırda yaşadığı, yəni Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 0.28 hektar ölçüdə torpaq sahəsində tikilmiş evdə həyata keçirilmişdir. B.İ.Qasımov onu bir gəlin kimi hazırda yaşadığı evə gətirmiş, lakin həmin ev yarım tikili vəziyyətdə olmaqla, yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. Onun ailəsinin maddi vəziyyəti yaxşı olduğuna görə, o, evə köçdüyü zaman gətirdiyi cehizində hər növ mebel və avadanlıq olmuşdur. Həmin ev onun əri B.İ.Qasımovun vəsaiti hesabına tikilmiş və o, həmin gündən hazırki tarixədək həmin evdə yaşamışdır. Həmçinin həmin torpaq sahəsində onun yaşadığı evlə yanaşı qaynı İddiaçı da evi olmuşdur. O və İddiaçı mehriban şəkildə yola getmişlər və həmin şəxs ona və ya onun əri B.İ.Qasımova heç vaxt onların evdən çıxmalı olmaları ilə bağlı hər hansı irad bildirməmişdir. O, B.İ.Qasımov ilə evli olduğu müddətdə yalnız iki dəfə Ukrayna Respublikasına getmiş və orada 2-3 ay qaldıqdan sonra geri qayıtmışdır. Lakin İddiaçı o, mübahisəli evdə yaşadığı müddətdə Ukrayna Respublikasında olmuş və 2016-cı ildə geri qayıtmışdır. Onun əri B.İ.Qasımovun yaxşı imkanı olduğuna görə İddiaçı və onun ailəsinə maddi yardımlar göstərmiş, o cümlədən mübahisə predmeti olan evin tikintisi üçün pul vəsaiti də vermişdir. O, həmin evdə yaşadığı vaxt evi yenidən təmir etdirmiş, evin üstünü dəyişmiş, həyətdə bağ salmış, digər yardımçı tikililər – besedka, qaraj, hasar, hovuz və bir neçə dam inşa etmişdir. O, həmin evə köçdüyü vaxt evdə qaz və ya su olmamış, o, özü evinə ayrıca elektrik, qaz, su xətləri çəkdirmiş və evində quraşdırılmış sayğaclar vasitəsi ilə öz xərclərini özü ödəmişdir. Bir sözlə, o, həmin evdə yaşadığı müddətdə o və əri B.İ.Qasımov evdə zəruri təmir işləri aparaq, onu yaşayış üçün yararlı hala salmışlar. İddiaçı isə onun və ərinin həmin evdə etdiyi işləri Ukrayna Respublikasından Azərbaycan gəldiyi vaxtlar görmüş və heç bir söz deməmişdir. Əgər həmin şəxsin evə dair iddiası var idisə, elə həmin vaxt ona və ərinə evdə təmir və tikinti işləri gördükləri, habelə İddiaçı ilə yaşadığı ev arasında hasarın çəkildiyi vaxt irad bildirərdi. O və B.İ.Qasımov rəsmi olaraq 14 iyul 2023cü il tarixdə boşanmışlar və Biləsuvar rayon Məhkəməsinin həmin tarixli qətnaməsi ilə onların birgə nikahları dövründə aldıqları əmlaklar üzərində hər ikisinin bərabər həcmdə payı müəyyənləşdirilmişdir. O, məhkəmədə əmlaklara onun da payının müəyyən edilməsi məqsədi ilə müraciət etdiyi zaman, mübahisəli evə dair iddia tələbi irəli sürməmişdir. Buna səbəb isə həmin evə mülkiyyət hüququna dair onun rəsmi sənədinin olmaması olmuşdur, çünki iddiaçı 10 il müddətində onu və keçmiş ərini aldadaraq, torpağı B.İ.Qasımovun adına qeydiyyata aldırdığını bildirmişdir. Onunla və B.İ.Qasımov arasında nikah pozulduqdan sonra İddiaçı ona olan rəftarı dəyişmiş və ondan evdən çıxmasını tələb etmişdir. Belə ki, İddiaçı həmin evin özünə məxsus olduğunu bildirərək, ondan evi tərk edib, Bakı şəhərində yerləşən bağ evinə köçməsini tələb etmişdir. Lakin o, Biləsuvar rayonunda böyüyüb, boyabaşa çatdığına və artıq 17 ilə yaxındır ki, həmin evdə yaşadığına görə başqa şəhərdə yaşamaq istəməmişdir. İddiaçı onun yaşadığı evin üzərində tikildiyi torpağın ona məxsus olduğunu təsdiq edən dövlət sənədini məhkəməyə təqdim etsə də, mübahisə predmeti olan və onun məskunlaşdığı evin həqiqətən də özünə məxsus olmasını təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəmədə həmin evin plan çertyojunun çəkilməsi məqsədi ilə dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarını dəvət etdiyini və onun həmin şəxslərə mane olduğunu bildirsə də, belə bir hal baş verməmişdir. Həmin evin tikildiyi torpaq sahəsi onun keşmiş əri B.İ.Qasımovun valideynlərinə məxsus olduğuna görə B.İ.Qasımovun da həmin torpaq sahəsində payı vardır. O, yaşlı qadındır və hazırda gedə biləcəyi yer yoxdur. Sonda, Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, onun vəkilini, cavabdehi və onun nümayəndəsi və vəkilini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X15 məhkəmədə göstərdi ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayır və daş ustası kimi fəaliyyət göstərir. O, kənd sakinləri arasında “Əbil” deyə çağırılan şəxsi, yəni İddiaçı həmkəndlisi kimi tanımış və həmin şəxsin xahişi ilə mübahisəli evin tikilməsində iştirak etmişdir. Belə ki, həmin ev 1990-cı ilin yaz aylarında, daha dəqiqliklə isə “20 Yanvar” hadisələri baş verdikdən bir neçə ay sonra tikilmişdir. O, mübahisəli ev tikildiyi zaman bütün daş dişlərini – divar hörülməsini icra etmişdir. O, əvvəlcə bir neçə saat evin çertyojunu (planını) çəkmiş, daha sonra isə evin inşasında 6-7 gün növbəli şəkildə, ümumilikdə isə 15 gün müddətində işləmişdir. O, gündə 1.000 ədəd daş hörmüşdür və həmin ev iki mərtəbəli olmuşdur. İşini yekunlaşdırdıqdan sonra onun zəhmət haqqını İddiaçı vermişdir. O, evi tikdiyi vaxt İddiaçı qardaşı B.İ.Qasımovu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərdi ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayır və ağac ustası kimi fəaliyyət göstərir. O, R.E.Dadaşov həmin evin daşını hördükdən sonra mübahisəli evin damını qurmuşdur. Bundan bir neçə il sonra isə o, evin qapı və pəncərələrini hazırlamışdır. Onu usta kimi işləməyə İddiaçı dəvət etmiş və həmin şəxs də onun zəhmət haqqını ödəmişdir. O, evin sahibi kimi İddiaçı tanımış və həmin şəxsin qardaşı B.İ.Qasımovu tikinti zamanı görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X13 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, mübahisə predmeti olan ev 1990-cı illərdə, yəni “20 Yanvar” hadisələri baş verdikdən bir neçə ay sonra tikilməyə başlamış və o, usta R.E.Dadaşovun yanında fəhlə kimi çalışmışdır. Həmin evin tikintisi zamanı yeganə fəhlə o özü olmuşdur. O, evi tez tikib qurtarmaq üçün gecələr də işləmiş və 15 gün ərzində evin divarları hörülüb qurtarmışdır. O, işini yekunlaşdırdıqdan sonra onun zəhmət haqqını İddiaçı vermişdir. İş üzrə şahid qismində dindirilmiş X16 məhkəmə iclasında göstərdi ki, o, İddiaçı qardaşıdır. Həmin ev iddiaçı tərəfindən “20 Yanvar” hadisələri baş verdikdən bir neçə ay sonra tikilməyə başlanmışdır. İddiaçı mübahisə predmeti olan evi onun anası ilə birlikdə tikmişdir. Onun iki qardaşı, o cümlədən B.İ.Qasımov həmin ev tikildiyi vaxt Ukrayna Respublikasında olmuş və Azərbaycan Respublikasına ildə təxminən bir-iki dəfə qonaq kimi gəlmişlər. B.İ.Qasımovun evi isə Ukrayna Respublikasında, həmçinin Bakı şəhərində olmuşdur. Mübahisəli ev tikildiyi vaxt İddiaçı kömək etmək məqsədi ilə o, evin betonunun tökülməsində iştirak etmişdir. O və digər bacı və qardaşları öz valideynlərinin torpağında paylarından imtina edərək, evi və torpağı İddiaçı vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş X7 göstərdi ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayır və usta kimi fəaliyyət göstərir. O, mübahisə predmeti olan evdə təxminən 2008-2010-cu illərdə usta kimi işləmişdir. O, həmin evdə su hovuzunun, qarajın tikilməsində, hasarın hörülməsində, həmçinin darvazanın qurulmasında usta kimi çalışmışdır. Evdə işlədiyi vaxt onun yeməyini, çayını Cavabdeh, zəhmət haqqını isə cavabdehin əri B.İ.Qasımov vermişdir. O, həmin evdə işlədiyi vaxt İddiaçı görməmişdir. İş üzrə şahid qismində dindirilmiş X17 məhkəmə iclasında göstərdi ki, o, mabahisə predmeti olan evdə malyar ustası kimi işləmişdir. Belə ki, o, mübahisəli evin yalnız birinci mərtəbəsində 2 otağı təmir etmişdir. Mübahisəli evdə işlədiyi vaxt onun zəhmət haqqını Cavabdeh vermiş və o, evdə işlədiyi vaxt İddiaçı görməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair 15 iyul 2002-ci il tarixli, JNº-787A saylı (kod ********) şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı İsrafil oğlunun, X12, X3, X5 və X6 mülkiyyətinə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində 0,28 hektar ölçüdə fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamənin “Verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü” adlı sxemində torpaq sahəsinin planı 1:1000 miqyas ölçüsündə göstərilmiş və torpaq sahəsində inşa edilmiş evlər 787AJ və 787AK inventar nömrəsi ilə göstərilmişdir. İşdə olan Biləsuvar rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(022)-157/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh və X9 arasında 29 aprel 2008-ci il tarixdə Biləsuvar rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 119 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuş və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əlakın dövlət reyestrindən çıxarışa əsasən B.İ.Qasımovun adına qeydiyyata alınmış 0,06 hekat torpaq sahəsindən ibarət Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 837a nömrəli bağ sahəsinin və “Lexus LX 470” markalı, **-OV- *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə Cavabdeh payı müəyyən edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyini tərəfindən təqdim edilmiş 28 avqust 2023-cü il tarixli, 5-39-3/2-1482 saylı arayışından görünür ki, İddiaçı İsrafil oğlu həqiqətən də Xırmandalı kənd icra nümayəndəliyində mövcud olan 13 saylı təsərrüfatbaşına kitabda qeydiyyatdadır. Həmin kitabın 22-ci səhifəsində 1139 saylı təsərrüfatda 0.25 hektar həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. İddiaçı adına olan 0.25 hektar həyətyanı sahədə 2 ədəd yaşayış evi və digər tikililər vardır. İşdə olan X28 İstismarı İdarəsinin 13 oktyabr 2023-cü il tarixli, 14-2-2-10/2- 1863/2023 nömrəli arayışından görünür ki, Cavabdeh **********02480 saylı abunə kodu ilə X28 İstismarı İdarəsinin Biləsuvar xidmət sahəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyini tərəfindən təqdim edilmiş 09 may 2023-cü il tarixli, 5-39-3/2-788 saylı arayışından görünür ki, Cavabdeh İddiaçı İsrafil oğlu ilə birlikdə Xırmandalı kənd icra nümayəndəliyində mövcud olan 13 saylı təsərrüfatbaşına kitabda qeydiyyatdadır. Həmin kitabın 24-cü səhifəsində 1140 saylı təsərrüfatda yaşayış evi, 2 ədəd hər biri 12 kvadratmetr olmaqla qaraj, 9 kvadratmetr besedka, 6 kvadratmetr su hovuzu, 15 metr daş hasar, 1 ədəd giriş qapısı qeydiyyata alınmışdır. Mülki işdə olan “Azərişıq” açıq səhmdar cəmiyyətinin arayışından görünür ki, X1 elektrik şəbəkəsinin hesabatlarında **********00065 saylı abonent kodu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 05 yanvar 2023-cü il tarixli, 619258 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli” müqaviləsindən görünür ki, Biləsuvar elektrik şəbəkəsi və X9 arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmış və B.İ.Qasımov **********00065 abonent kodu ilə qeydiyyata alınmışdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı İsrafil oğlunun və onun ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində 0,28 hektar ölçüdə fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində iddiaçının valideyni tərəfindən inşa olunmuş evdən başqa 1990-ci ildən sonra tikilməyə başlanmış digər bir fərdi yaşayış evi də mövcuddur. Hazırki mülki iş üzrə mübahisə predmeti olan, 1990-ci ildən sonra inşa edilməyə başlanmış fərdi yaşayış evi 2008-ci ildən əvvəl, Cavabdeh iddiaçının qardaşı B.İ.Qasımovla nikaha daxil olmazdan öncə yaşayış üçün istifadəyə hazır olmuş və cavabdehin məhkəmədə verdiyi izahata görə hətta Cavabdeh ilə iddiaçının qardaşı B.İ.Qasımovun nikahı münasibətilə təşkil edilmiş yığıncaq da həmin evdə baş tutmuş, nikahdan sonra Cavabdeh yaşamaq üçün həmin evə köçmüşdür. Belə ki, Cavabdeh 29 aprel 2008-ci il tarixdə iddiaçının qardaşı B.İ.Qasımovla rəsmi nikaha girmişdir və həmin dövrdən hal-hazıradək mübahisəli evdə yaşamağa davam edir. Cavabdeh və B.İ.Qasımov arasında nikah Bilsuvar rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(022)-157/2023 saylı qətnaməsi ilə ləğv edilmiş, eyni zamanda həmin qətnamə ilə Cavabdeh və B.İ.Qasımovun birgə nikahı dövründə əldə etdikləri əmlakları - Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 837a nömrəli bağ sahəsinə və “Lexus LX 470” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh ½ hissədə payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV bəndinin tələbinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Marcks Belçikaya qarşı” işi üzrə 13 iyun 1979cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair 15 iyul 2002-ci il tarixli, JNº-787A saylı (kod ********) şəhadətnamə İddiaçı İsrafil oğlunun və həmin şəxsin ailə üzvlərinin mübahisə predmeti olan torpaq sahəsinə ümumi mülkiyyət hüququnu şəksiz təsdiq edir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, hazırki mülki iş üzrə Cavabdeh məhkəmə iclasında öz izahatında hazırki mülki iş üzrə mübahisə predmeti olan evin onun B.İ.Qasımovla nikaha daxil olmazdan əvvəl inşa edildiyini və iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnu mübahisələndirməsə də, qeyd edilən evin 2008-ci ilədək yaşayış üçün yararsız olduğunu, nikahdan sonra isə məhz cavabdehin özü tərəfindən həmin evdə təmir işləri aparıldıqdan və torpaq sahəsində əlavə tikililər inşa edildikdən sonra yaşayış üçün yararlı vəziyyətə gətirildiyini bildirməklə, habelə iddiaçının mübahisəli evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını əsas tutaraq, mübahisəli evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən çıxmaqdan imtina edir. Lakin işdə olan sübutlara müəyyən edilir ki, iddiaçının mübahisəli evə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair 15 iyul 2002-ci il tarixli, JNº-787A saylı (kod ********) şəhadətnamədə “Verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü” adlı sxemdə həmin torpaq sahəsində tikilmiş hər iki ev, o cümlədən mübahisə predmeti olan ev 787AJ və 787AK inventar nömrələri ilə göstərilmişdir. Habelə İddiaçı tərəfindən iş üzrə sübut qismində məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, 2007-ci ildə iddiaçının ailə üzvlərinin iştirakı ilə çəkilmiş həmin fotoşəkillərdə mübahisə predmeti olan evin yaşayış üçün əlverişli olmuşdur və evdə mebel avadanlıqları da yerləşdirilmişdir. Bu sübutlar isə mübahisə predmeti olan evin Cavabdeh iddiaçının qardaşı ilə 2008ci ildə nikaha daxil olmazdan əvvəl inşa edildiyini və yaşayış üçün hazır olduğunu təsdiq edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan və hazırda cavabdehin yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmasa da, həmin şəxs torpağın mülkiyyətə verilməsinə dair 15 iyul 2002-ci il tarixli, JNº-787A saylı (kod ********) şəhadətnamə üzrə mübahisəli evin faktiki sahibi olduğuna görə qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İşdə olan sübutlarla müəyyən edilir ki, Cavabdeh iddiaçının qardaşının keçmiş arvadı olsa da, İddiaçı ailə üzvü hesab edilmir və həmin şəxsin mübahisə predmeti olan evdən istifadə hüququnu təsdiq edən mülkiyyətçi hüquqlarına malik şəxslə bağlanan yazılı razılaşması mövcud deyil. Bununla əlaqədar məhkəmə hesab edir ki, cavabdehin uzun müddət mübahisəli evdə yaşaması, orada təsərrüfat aparması, habelə müvafiq enerji paylayıcısı olan müəssisələrlə abunə müqavilələri bağlaması həmin şəxsin mübahisə predmeti olan yaşayış evindən istifadə hüququnun yaranmasına səbəb olmur və buna görə də cavabdehin mübahisəli yaşayış evindən istifadə hüququ yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, Cavabdeh Biləsuvar rayon Məhkəməsinə B.İ.Qasımov ilə aralarında olan nikahın pozulması və tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaklarında onun payının müəyyən edilməsi üçün iddia ərizəsi ilə müraciət etsə də həmin şəxs hazırki iş üzrə mübahisə predmeti olan evdə özünün payının müəyyən edilməsi və ya mübahisəli evə istifadə hüquqlarının tanınması barədə məhkəmədə iddia qaldırmamışdır. Bundan başqa, İddiaçı mübahisə predmeti olan evi özünün inşa etdirdiyini onun vəsatəti ilə məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələri ilə sübut etsə də, cavabdeh tərəfin vəsatəti ilə məhkəmə iclasında ifadə vermiş şahidlər yalnız həmin evdə Cavabdeh tərəfindən təmir işləri aparıldığını və evin ətrafında əlavə tikililər inşa olunduğunu göstərmiş, habelə cavabdeh tərəf mübahisəli evin 2008-ci ilədək yarımçıq tikili olduğunu, məhz Cavabdeh iddiaçının qardaşı B.İ.Qasımovla 2008-ci ildə nikaha daxil olduqdan sonra inşa edildiyini və ya istifadəyə hazır vəziyyətə gətirildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin hazırki Cavabdeh mübahisəli evin keçmiş əri B.İ.Qasımovun vəsaiti hesabına inşa edildiyini və həmin evin B.İ.Qasımova məxsus olduğunu iddia etsə də, cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməməklə yanaşı, hazırki mülki iş üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla İddiaçı doğma qardaşı olan B.İ.Qasımovun mübahisəli evə hüquqlarının və ya hər hansı iddiasının olduğu müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsin görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.3-cü maddələrinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.1 və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir. Bundan başqa, «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələbinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında yalnız torpaq vergisi ödəmək şərti ilə ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh Qasımova X11 rayonu, Xırmandalı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN – 787A seriyalı şəhadətnamə əsasında İddiaçı, X12, X3, X5 və X6 birgə mülkiyyətinə verilmiş 0,28 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaqda inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Cavabdeh izah edilməlidir ki, o, mübahisə predmeti olan torpaq sahəsini və həmin torpaqda inşa edilmiş fərdi yaşayış evini yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin iddiaçıdan onun xeyrinə tutulması barədə məhkəmədə iddia qaldırmağa haqlıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddiası təmin edilsin. Qasımova X11 rayonu, Xırmandalı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN – 787A seriyalı şəhadətnamə əsasında İddiaçı, X12, X3, X5 və X6 birgə mülkiyyətinə verilmiş 0,28 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaqda inşa edilmiş fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh izah edilsin ki, o, torpağın mülkiyyətə verilməsinə dair JN – 787A seriyalı şəhadətnamə əsasında İddiaçı, X12, X3, X5 və X6 birgə mülkiyyətinə verilmiş torpaq sahəsini və həmin torpaqda inşa edilmiş fərdi yaşayış evini yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1241/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1241/2023
21.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver