Məhkəmə qərarları › İş №2(022)-1254/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1254/2024

31.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1254/2024 31.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullav Vüsal Ramiz oğlunun katibliyi, İddiaçı, cavabdeh Günəşli kənd Fazil Hökməliyev adına ümumi orta məktəbinin direktoru X1 iştirakı ilə, İddiaçı cavabdeh Günəşli kənd Fazil Hökməliyev adına ümumi orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı verilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 2004-cü ildə Astara Pedeqoji texnikumunu bitirmişdir. Bu barədə iddiaçıya BB- İİ 006219 saylı diplom verilmişdir. 15 sentyabr 2004-cü il tarixdən 27 iyun 2024-cü il tarixə qədər olan iyirmi il müddət ərzində Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbdə müəllimi işləyib. Məktəb direktorunun 27 iyun 2024-cü il tarixli, 84 nömrəli əmrinə əsasən bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən ləğv edilmişdir. Əmək kitabçasında qeyd edilmişdir: “təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə keçirilmiş təkrar sertifikatlaşmada müəyyən olunmuş keçid balı toplaya bilməyən Biləsuvar rayonu Günəşli kənd F.Hökməliyev adıņa ümumi orta məktəbin sinif müəllimi təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “C” bəndinə əsasən ləğv edilsin” Həmin əmr iddiaçıya aid əmək kitabçasına yazılsa da, kimin işdən azad edilməsi göstərilməmişdir. Əmrin məzmunundan belə məlum olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi yox, kiminləsə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əmək müqaqviləsinin ləğv edilməsi barədə əmrdə iddiaçının adı, soyadı və ata adı göstərilmədiyinə, əmək müqaviləsinə hansı tarixdən xitam verilməsi göstərilmədiyinə və həmçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş rəsmi sənədlər göstərilmədiyindən iddiaçı hesab. edir ki, qanuniliyi tərəfindən mübahisələndirilən əmr məhkəmə, tərəfindən etibarsız hesab edilə bilər. Bundan. başqa, xəstə oğlu Əzizov- Cəfərağa Çingiz oğlu 07 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177,2.2 və 177.2:3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Oğlu yetkinlik yaşına çatmadığı üçün həmin tarixdə iddiaçı onun qanuni nüməyəndəsi kimi tanindı. Ertəsi gün 08 iyul 2024-cüil tarixdə isə iddiaçı imtahanda iştirak etdi. Həmin vaxt iddiaçı çox gərgin idi və fikri dağınıq idi. Buna görə də 26 sualı düzgün cavablandırdı. İddiaçı məktəb direktoruna oğlu tərəfindən törədilmiş cinayət hadisəsi barədə məlumat verib, onun vəziyyətinin nəzərə alınmasını və iddiaçıya növbəti imtanana qədər möhlət verilməsini xahiş etdi. Lakin iddiaçını eşidib dinləyən olmadı. Lakin iddiaçı hesab edir ki, onun vəziyyəti nəzərə alınmaqla iddiaçıya müvəqqəti növbəti imntahana qədər möhlət verilməliydi. İddiaçının tələbi: Biləsuvar rayonu Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbin direktorunun 27 iyun 2024-cü il tarixli, 84 nömrəli əmrinin ləğv edilməsi və yeni əmək müqaviləsi bağlanana qədər məcburi iş buraxmağa görə əmək haqqı verilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehin yazılı etirazı: Cavabdeh Günəşli kənd Fazil Hökməliyev adına ümumi orta məktəbinin direktoru X3 tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Günəşli kənd Fazil Hökməliyev adına ümumi orta məktəbinin direktoru X3 iddianı qəbul etmədiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: X2 BB-İİ 006219 nömrəli diplomundan görünür ki, İddiaçı fərdi və ibtidai sinif müəllimi ixtisası verilmişdir. Əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 15 sentyabr 2024-cü il tarixdə Günəşli kənd Fazil Hökməliyev adına ümumi orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsinə qəbul edilib, 27 iyun 2024-cü il tarixli, 84 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatının 26 avqust 2024-cü il tarixli MŞL/MT014/2024- 01175 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən, İddiaçı cavabdeh Günəşli kənd Fazil Hökməliyev adına ümumi orta məktəbinə qarşı əmrin ləğv edilməsi ilə bağlı tələbinə dair 26 avqust 2024-cü il tarixdə saat 17:00-da nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 sertifikatlaşdırmadan keçməyənlər barədə 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2- 13F/2024 nömrəli əmrindən görünür ki, Şirvan-X6 İdarəsinə (Sənan Mənsimli) 08 iyun 2024-cü ll tarixdə keçirilən tekrar sertifikatlaşdırmadan keçməyən tehsilverənlerin (siyahı əlavə olunmaqla) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəllesinin 70-ci maddəsinin "c" bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədblrlərin görülməsinin təmin edilməsi tapşırılmışdır. Həmin siyahıda cavabdehin nümayəndəsi Günəşli kənd Fazil Hökməliyev adına ümumi orta məktəbinin direktoru X1 adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonu Günəşli kənd Fazil Hökməliyev adına ümumi orta məktəbinin 84 nömrəli 27 iyun 2024-cü il tarixli əmrindən görünür ki, Günəşli kənd Fazil Hökməliyev adına ümumi orta məktəbinin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-ü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-1-ci maddəsinə əsasən sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur; 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar; 36-2.6-cı maddəsinə əsasən Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarının: 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar; 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, baxılan mülki iş üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsi təşkil edir və tələbdə göstərilən maddənin dispozitiv şərtləri mövcuddur. Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 15 sentyabr 2024-cü il tarixdə Günəşli kənd Fazil Hökməliyev adına ümumi orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsinə qəbul edilib, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonu Günəşli kənd Fazil Hökməliyev adına ümumi orta məktəbinin 84 nömrəli 27 iyun 2024-cü il tarixli əmri ilə təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Hazırda iddiaçı sözügedən əmrin ləğv edilərək işə bərpa olunmasını və 27 iyun 2024cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsini xahiş edir. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək iddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün 27 iyun 2024-cü il tarixli əmrinin qanuni olduöunu göstərərək iddianın rədd olunmasını xahiş edir. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə işçinin işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmuşdur. İşəgötürən əmək qanunvericiliyinə riayət etməklə, işçinin təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə keçirilmiş təkrar sertifikatlaşmada müəyyən olunmuş keçid balını toplaya bilməməsi səbəbindən təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş sadalanan əsaslar qanunvericilin tələblərinə tam uyğundur. Belə ki, məhkəmə iclaslarında da iddiaçının verdiyi izahatlardan da müəyyən edildi ki, həqiqətən də İddiaçı təkrar sertifikatlaşmada iştirak etmiş və müəyyən olunmuş keçid balını toplaya bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi təmin edilməməli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonu Günəşli kənd Fazil Hökməliyev adına ümumi orta məktəbinin 84 nömrəli 27 iyun 2024-cü il tarixli əmri qanuni hesab olunduğu üçün qüvvədə qalmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar