Məhkəmə qərarları › İş №2(022)-1259/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1259/2025

22.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1259/2025 22.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X5 məhkəmə-iclas katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı, cavabdeh Biləsuvar rayon Xırmandalı kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru X1 iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Xırmandalı kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı “işə bərpa" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Biləsuvar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Həsənov X4 rayonu, Xırmandalı kəndində yaşayır. 2007-ci ildən ingilis dili müəllim kimi Xırmandalı 1 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyətə başlamışdır. 2025-ci ilin iyun ayının 20-də sertifikasiyada iştirak etmişdir. 27 bal toplamışdır. Lakin, bəzi suallarda düzgünlük yox idi. İyun ayının 21-də sertifikasiyanın nəticəsindən "Dövlət ümumi təhsil müəssisələrində ( ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövclət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 3.22-ci bəndinə əsasən inzibati qaydada Təhsil Nazirliyinə şikayət etmişdir. X9 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru onu çağırıb bildirmişdir ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndi ilə işdən çıxardacaq. O, direktora bildirmişdir ki, qanunun tələbinə görə o, sertifikatlaşdırma Qaydasının 3.22-ci bəndinə əsasən inzibati qaydada Təhsil Nazirliyinə şikayət etmişdir. Şikayətin nəticəsini gözləmək qanundur. Lakin o, Ramilə bildirmişdir ki, onu yuxarıdan məcbur edirlər. Səni işdən çıxarmalıyam. Yoxsa onu işdən çıxaracaqlar. Ramil onunla razılaşmamışdır. Bu günlərdə ona məlum olmuşdur, ki, direktor onu 2025-ci ilin iyun ayının 30-da işdən çıxarıb. İddiaçı məcburiyyət qarşısında qalıb mediasiyaya müraciərt etmişdir. Cavabdeh təşkilat ora da gəlməmişdir. Mediasiya təşkilatı ona bildirmişdir ki, məhkəməyə getməlidir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın barəsində verdiyi, bu günə kimi ona verilməmiş, şifahi bildirilmiş 30 iyun 2025-ci il tarixli əmri qanunsuz və əsassızdır. İddiaçının tələbi: Biləsuvar rayon Xırmandalı 1 nömrəli tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi vəzifəsindən çıxarılmasına dair 30 iyun 2025-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsinə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin yazılı etirazı: Cavabdeh Biləsuvar rayon Xırmandalı 1 nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən İddiaçı iddia tələbinə qarşı etiraz və ya hər-hansı yazılı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin məhkəmənin hazırlıq iclasında iddia tələbini dəqiqləşdirərək Biləsuvar rayon Xırmandalı 1 nömrəli tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Biləsuvar rayon Xırmandalı kəndi ümumi orta məktəbinin direktoru X6 bildirdi ki, iddia tələbini qəbul etmir. Bu barədə iddiaçı ilə danışmış ona hüquqlarını izah etmişdir. Sonda cavabdeh iddianın təmin edilib-edilməməsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: BB-İİ seriyalı 058126 nömrəli diplomun surətindən görünür ki, İddiaçı X3 xarici dilingilis dili ixtisası üzrə təhsil almışdır. 20 noyabr 2007-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı 2007-ci ildə X3 “Xarici dili” ixtisası üzrə tam kursu bitirmişdir və ona 9-cu sinifə qədər ingilis dili fənnindən dərs demək hüququ verilmişdir. 30 iyun 2025-ci il tarixli 43 nömrəli əmrin surətindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırılmadan keçmədiyi üçün Biləsuvar Rayon Xırmandalı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. ünvan 2irəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli, 5-39-3/3- 275/2025 nömrəli arayışın surətindən görünür ki, iddiaçı Həsənov X4 rayonu, Xırmandalı kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. ünvan 2irəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli, 5-39-3/2- 421/2025 nömrəli arayışın surətindən görünür ki, İddiaçı aşağıdakı ailə üzvləri vardır: arvadı: X2-1985, oğlu: X7-2011, oğlu: X8-2013. Biləsuvar 1 saylı Mediasiya Təşkilatının 07 iyul 2025-ci il tarixli MŞB/MT0572025- 00016 nömrəli arayışından görünür ki, İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər; 67.5-ci maddəsinə əsasən İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər; 67.6-cı maddəsinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. 67-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər; 67-2.4-cü maddəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; 74-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiasi təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya öz razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır; 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 294.5-ci maddəsinə əsasən “Mediasiya haqqında”Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur; 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-ü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.6-1-ci maddəsinə əsasən sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 05 iyul 2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli Qərarı İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, işə bərpa tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında əmək müqaviləsinə əsaslanan əmək münasibətləri mövcud olmuş və həmin münasibətlərə 30 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən cavabdehin 43 nömrəli əmri ilə xitam verilmişdir. Hazırda iddiaçı əvvəlki işə bərpa edilməsini xahiş edir və iddiasını onunla əsaslandırır ki, cavabdeh qəbul edilmiş qərardan şikayət vermə müddətini gözləməyərək onunla olan əmək münasibətlərinə xitam vermişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi öz-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəlirini itirir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə işçinin işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsi ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının keçirilmiş imtahının nəticələrini mübahisələndirmək hüququ var. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək Məcəlləsinin 70-ci maddəsi əmək müqaviləsinin məhz işəgötürən tərəfindən ləğv olunmasının əsaslarını müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Yaranmış mübahisənin həllində şikayət vermə hüququnun həyata keçirilməsi və nəticələrinin əldə olunması ilə bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Göstərilən əsaslardan çıxış edərək məhkəmə qeyd edir ki, hər bir halda cavabdeh tərəf iddiaçının, yaranmış əmək mübahisəsi ilə bağlı şikayət vermə hüququnun həyata keçirilməsinə şərait yaratmadan, 20 iyun 2025-ci il tarixli təkrar sertifikatlaşdırılmadan keçmədiyi üçün Biləsuvar Rayon Xırmandalı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. Toplanmış sübutlar, tərəflərin izahatları və təqdim edilmiş sənədlər əsasında məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə, əmək münasibətlərində ədalət, bərabərlik və qanunun aliliyi prinsiplərinə zidd olaraq həyata keçirilmişdir. İddiaçının sertifikatlaşdırmanın nəticələrinə dair şikayət vermək hüququ təmin edilmədən, həmin şikayətin nəticəsi gözlənilmədən onun işdən azad edilməsi, işəgötürən tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş hüquqi prosedurların pozulması kimi qiymətləndirilməlidir. Əmək Məcəlləsinin 2-ci maddəsində təsbit olunmuş əmək münasibətlərində tərəflərin hüquqlarının bərabərliyinin təmin edilməsi, mənafelərin ədalət və qanunun aliliyi əsasında qorunması prinsiplərinə əsasən, işəgötürən işçini işdən azad edərkən onun hüquq və maraqlarının müdafiəsini təmin etməyə borcludur. Bu tələblərə riayət edilməməsi nəticəsində verilmiş 30 iyun 2025-ci il tarixli xitam əmri hüquqi əsasa malik olmadığından, məhkəmə nəticəyə gəlir ki, iddiaçının işdən azad edilməsi qanunsuzdur və o, əvvəlki işinə bərpa edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı Həsənov X4 rayon Xırmandalı kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbində əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Həsənov X4 rayon Xırmandalı kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbində əvvəlki vəzifəsinə bərpa edilsin. Cavabdeh Biləsuvar rayon Xırmandalı kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbindən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar