Məhkəmə qərarları › İş №2(022)-132/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-132/2023

09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-132/2023 09.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu, Bəydili kəndində fəaliyyət göstərmiş «Lenin» adına kolxozda işləməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu, Bəydili kəndində yerləşən «Lenin» adına kolxozda və 1997-2001-ci illərdə Bəydili Aqroservis və İslahat Komissiyasında işləməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılmağa hazırlıq dövründə Ərizəçi tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1975-1976-cı illərdə Biləsuvar rayonu Bəydili kəndində fəaliyyət göstərmiş «Lenin» adına kolxozda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xahişini müdafiə edərək izahatında bildirdi ki, o, xx xxxx 1959-cu ildə Biləsuvar rayonunda anadan olmuşdur və qızlıq soyadı Abbasova olmuş, 01 avqust 1983cü il tarixində X2 ilə nikah bağladıqdan sonra Abbasova soyadından imtina edərək Ağamalıyeva soyadını qəbul etmişdir. O, 1975-2001-ci illərdə fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuş, 1975-1996-cı illərdə Biləsuvar rayonu, Bəydili kəndində yerləşən “Lenin” adına kolxozda çalışmışdır. Belə ki, o, 1975-1976-cı illərdə həmin kolxozda alaqtəmizləyən fəhlə işinə qəbul edilmiş, daha sonra kolxozda makinaçı işləmişdir. 2022-ci ildə o, pensiyaya çıxmaq üçün sənədlərini topladığı zaman əmək stajını təsdiq edəcək əmək kitabçası olmadığına görə Biləsuvar Rayon Dövlət Arxivinə müraciət etmişdir. Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən təqdim edilən 91A saylı arayışda onun faziləsiz olaraq 1975-1996-cı illərdə Biləsuvar rayonu Bəydili kəndində fəaliyyət göstərmiş «Lenin» adına kolxozda çalışması təsdiq olunsa da, 1975-1976-cı illərdə tərtib olunmuş əmək stajını təsdiq edən sənədlərdə onun tam adı X1 yazılmışdır. Çünki, rəsmi sənədlərdə onun adı Şölə kimi qeyd edilsə də, əslində uşaq vaxtlarından bütün qohumları və tanışları onu Validə adı ilə çağırmış və həmin adla tanımışlar. Qeyd edilən səbəbdən də o, 1975-ci ildə Biləsuvar rayonu Bəydili kəndində fəaliyyət göstərmiş «Lenin» adına kolxozda işə qəbul edilərkən, kolxoz sənədlərini tərtib etmiş vəzifəli şəxs onun adını Şölə kimi yox, Validə kimi qeyd etmişdir. Buna görə də onun 26 il fasiləsiz əmək stajı olmasına baxmayaraq, Maraqlı şəxs tərəfindən həmin müddət 18 il 6 ay kimi müəyyən edilmişdir. Onun əmək stajı əmək kitabçasında qeyd olunmadığına və əmək fəaliyyətinə dair arxiv sənədlərində onun adı və soyadı 1975-1976-cı illər üzrə X1 yazıldığına görə o, sosial təminat hüquqlarından istifadə edə bilmir. Belə ki, onun əmək pensiyasının hesablanması zamanı 1975-1976-cı illərdə Biləsuvar rayonu «Lenin» adına kolxozda işləməsi ilə əlaqədar sosial sığorta stajı nəzərə alınmamışdır və əmək stajı müddəti 18 il 6 ay kimi müəyyən edildiyinə görə ona yaşa görə sosial müavinət təyin edilmişdir. Bu məsələ ilə bağlı o, Maraqlı şəxsna müraciət etmişdir, lakin Maraqlı şəxs Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən ona ünvanlanmış cavab məktubunda həmin sosial sığorta stajının əmək pensiyasına hesablanması üçün 1975-1976-cı illərdə Biləsuvar rayonu «Lenin» adına kolxozda işləməsi faktının məhkəmə qətnaməsi ilə təsdiq edilməsi zərurəti bildirilmişdir. Nəticə olaraq, o, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda, Ş.H.Ağamalıyev xahişinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi Nümayəndə1 Biləsuvar Rayon Məhkəməsinə 01 dekabr 2022-ci il tarixdə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Ərizəçi məhkəməyə ünvanladığı xahişi əsassızdır. Belə ki, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə görə, müəyyən səbəblərə görə iş stajını təsdiq edən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir, lakin məhkəmə qərarına əsasən iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələrini sübut edən sənədləri təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrləri (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Sonda, Ərizəçi tərəfindən tələbin əsaslı olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyinə görə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilməlidir. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, ərizəçini həmkəndlisi və keçmiş iş yoldaşı kimi tanıyır. O və ərizəçi həmyaşıd olduqlarına görə, eyni vaxtda, 1975-ci ildə Biləsuvar rayonu Bəydili kəndində fəaliyyət göstərən «Lenin» adına kolxozda alaqtəmizləyən fəhlə işinə başlamış, həm kolxozda işlədiyi dövrdə, həm də sonralar dostluq münasibətlərində olmuşlar. Buna görə də o, Ərizəçi 1975-ci ildən 1996-cı ilədək Biləsuvar rayonu «Lenin» adına kolxozda işlədiyini dəqiq bilir. O, ərizəçinin Validə adı ilə tanımışdır. Çünki, həmkəndiləri ərizəçini bir qayda olaraq Validə adı ilə çağırırlar. Yalnız məhkəmə iclasına şahid qismində çağrılmazdan az öncə ona məlum olmuşdur ki, ərizəçinin əsil adı Şölə imiş. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, 1975-76-cı illərdə Biləsuvar rayonu Bəydili kəndində fəaliyyət göstərmiş «Lenin» adına kolxozda işlədiyini təsdiq etdi İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1959-cu il tarixdə Biləsuvar rayonu, Bəydili kəndində doğulmuşdur. Mülki işdə olan Biləsuvar rayonu notariat konturu tərəfindən təsdiq olunmuş 298257 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və X3 01 avqust 1983cü il tarixdə nikah bağlamışlar. Ş.H.Abbasova nikah bağlandıqdan sonra Ağamalıyeva soyadını qəbul etmişdir. İş materiallarında olan Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli, 91A saylı arayışdan görünür ki, Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu «Lenin» adına kolxozda işləmişdir. Onun adı həmin dövr ərzində arxiv sənədlərində «X5» kimi qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Maraqlı şəxs sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən 03 avqust 2022-ci il tarixli, **********0 nömrəli “Yaşa görə əmək pensiyasının təyin olunmasında imtina edilməsi haqqında” cavab məktubundan görünür ki, Ərizəçi təqdim etdiyi arxiv arayışına əsasən, onun sığorta stajı 18 il 6 ay təşkil edir və həmin staj müddəti Ərizəçi yaşa görə əmək pensiyası təyin etməyə əsas vermir. Buna görə Ərizəçi yaşa görə sosial müavinət təyin edilmişdir. Mülki iş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli, 916 nömrəli arayışdan görünür ki, Ərizəçi, həqiqətən də, ünvan 1 ünvanında yaşayır. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu «Lenin» adına kolxozda işləmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu «Lenin» adına kolxozda işləməsi adı və soyadının əmək stajını təsdiq edən sənədlərdə «X5» kimi qeyd olunduğuna görə ərizəçinin 1975-1976-cı illərdə Biləsuvar rayonunda fəaliyyət göstərmiş «Lenin» adına kolxozda işləməsini təsdiq edən sənədləri almaq imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu «Lenin» adına kolxozda işləməsi işləməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xahişi təmin edilsin. Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonunda fəaliyyət göstərmiş «Lenin» adına kolxozda işləməsi faktı müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar