Məhkəmə qərarları › İş №2(022)-143/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-143/2024

24.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-143/2024 24.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X14 oğlunun katibliyi, İddiaçı1, iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi və İddiaçı4 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Cavabdeh2 qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış 1,1639 hektar ölçüdə torpaq sahəsindən iddiaçılara məxsus cəmi 0.978268433 hektar ölçüdə payların cavabdehlərə məxsus paylardan naturada ayrılması barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Cavabdeh2 qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış 1,1639 hektar ölçüdə torpaq sahəsindən İddiaçı1 məxsus 0.607220833 hektar, İddiaçı2 məxsus 0.0927619 hektar, İddiaçı3 məxsus 0.0927619 hektar və İddiaçı4 məxsus 0.1855238 hektar, cəmi 0.978268433 hektar ölçüdə payların cavabdehlərə məxsus paylardan ayrılması naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Biləsuvar rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(022)-143/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. 09 dekabr 2024-cü il tarixdə məhkəmə-tikinti-texniki ekspertizasının rəyi məhkəməyə daxil olmuş və mülki işin icraatı təzələnmişdir. Mülki işə məhkəmə baxışı zamanı İddiaçı1, habelə digər iddiaçıların nümayəndəsi və İddiaçı4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış 1,1639 hektar ölçüdə torpaq sahəsindən ona və digər iddiaçılara məxsus cəmi 0.978268433 hektar ölçüdə payların Cavabdeh1 və Cavabdeh2 məxsus paylardan naturada ayrılmasını xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı4 onun anası, İddiaçı1, İddiaçı2 və İddiaçı3, həmçinin Cavabdeh1 onun bacıları, digər Cavabdeh2 isə onun bacısının qızıdır. 2000-ci illərin əvvəllərində Biləsuvar rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onun və ailə üzvlərinin, o cümlədən hazırki iş üzrə digər iddiaçılar olan İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3, habelə cavabdehlərin mülkiyyətinə Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində, kənd təsərrüfatı təyinatlı təxminən 4 hektar ölçüdə torpaq sahəsi ayrılmışdır. Digər paylı mülkiyyətçilərə məxsus torpaq sahələri satıldıqdan sonra həmin ərazidə yalnız onun və mərhum atası Məmmədovun Xanoğlanın adına olan cəmi 1,12 hektar ölçüdə torpaq sahəsi qalmışdır. Onun atası öldükdən sonra onun mərhum atasının həmin torpaq sahəsindəki payı, vərəsəlik qaydasında onun, anasının və bacılarının arasında bərabər şəkildə bölüşdürülmüşdür. Buna görə də onun paylı təxminən 61 sot təşkil etmiş, bacılarından biri öz vərəsəlik payından anası İddiaçı4 xeyrinə imtina etdiyinə görə anasının hazırda payı təxminən 18 sot olmuş, digər vərəsələrə isə təxminən 9 sot pay çatmışdır. Bundan sonra onun bacısı İddiaçı3 Rusiya Federasiyası vətəndaşı ilə rəsmi nikaha daxil olmuş və Rusiya Federasiyası vətəndaşlığını qəbul etmişdir. Hazırda onun öz uşağı xəstədir və onun maddi vəziyyəti həmin uşağın müalicə xərclərini qarşılamağa imkan vermədiyinə görə o, mübahisəli torpaq sahəsindəki payını sataraq, uşağının müalicə xərclərini qarşılamağa qərar vermişdir. Həmçinin digər iddiaçılar onun maddi vəziyyətinin aşağı olduğunu anlayaraq, öz paylarından onun xeyrinə imtina etmək istəyirlər. Lakin cavabdehlər onun və digər iddiaçıların həmin torpaq sahəsinin təxminən 98 sot hissəsini əhatə edən paylarını naturada onlara məxsus paylardan ayrılması tələbklərinə əhəmiyyət verməmişlər. O, dəfələrlə cavabdehlərə ona və digər iddiaçılara məxsus payların ayrılması barədə təkliflər etsə də, həmin şəxslər onun təklifi ilə razılaşmamışlar. Cavabdeh1 özünə məxsus payı 3.000 manat müqabilində ona satmağı təklif etsə də, maddi imkanı aşağı olduğu üçün həmin şəxsin təklifi ilə razılaşmamışdır. Həmçinin o bildirdi ki, məhkəmətikinti-texniki ekspertizasının 15 noyabr 2024-cü il tarixli rəyi ilə razıdır. Həmin rəydə onlara məxsus payların ümumi şəkildə cavabdehlərə məxsus paylardan ayrılmasının yalnız həmin torpaq sahəsinə şimal-qərb küncdən şərq və cənub istiqamətində hasar çəkməklə, mümkün olacağı qeyd edilmişdir. Onlar öz şəxsi vəsaitləri hesabına həmin sərhəd hasarını çəkməyə razıdırlar. Sonda, İddiaçı1 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı4 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək bildirdi ki, iş üzrə digər iddiaçılar onun qızları, bir iddiaçı isə nəvəsidir. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onların ailəsinə Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı təxminən 4 hektar ölçüdə pay torpaq sahəsi verilmişdir. Onlar həmin torpaq sahəsinin bir neçə hektarını satmışlar və hazırda tərəflərin ümumi birgə mülkiyyətində cəmi 1,1639 hektar ölçüdə torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsindən onunla birlikdə digər iddiaçıların payı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilmişdir. Hazırda maddi ehtiyacları ilə əlaqədar həmin torpaq sahəsindi satmaq istəsələr də, cavabdehlər həmin torpaq sahəsinin satılmasına icazə vermirlər. Buna görə də onlar həmin torpaq sahəsindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilmiş paylarının cavabdehlərin paylarından naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Lakin məhkəmə qərarı ilə təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasının rəyinə əsasən ona və digər iddiaçılara məxsus payların ayrı-ayrılıqda həmin torpaq sahəsindən naturada ayrılması texniki cəhətdən qeyri-mümkün hesab edilmişdir. Həmin rəyə əsasən onların paylarının 1,1639 hektar ölçüdə torpaq sahəsindən ayrı-ayrılıqda naturada ayrılması mümkün olmasa da, onlara məxsus payların ümumi şəkildə cavabdehlərə məxsus paylardan naturada ayrılması mümkün hesab edilmişdir. Buna görə də o və digər iddiaçılar məhkəmə-tikinti-texniki ekspertizasının 15 noyabr 2024-cü il tarixli rəyi ilə razıdırlar. Həmçinin həmin rəydə onlara məxsus payların ümumi şəkildə cavabdehlərə məxsus paylardan ayrılmasının yalnız həmin torpaq sahəsinə şimal-qərb küncdən şərq və cənub istiqamətində hasar çəkməklə, mümkün olacağı qeyd edilmişdir. Onlar öz şəxsi vəsaitləri hesabına həmin sərhəd hasarını çəkməyə razıdırlar. Onun oğlu İddiaçı1 uşağı hazırda xəstədir və onların həmin torpaq sahəsində özlərinə məxsus payları cavabdehlərə məxsus paylardan ayırmasında əsas məqsəd payları sataraq, oğluna maddi cəhətdən yardım etməkdir. Sonda, İddiaçı4 iddianın təmin edilməsini, 1,1639 hektar ölçüdə torpaq sahəsindən ona və digər iddiaçılara məxsus cəmi 0.978268433 hektar ölçüdə payların cavabdehlərə məxsus paylardan naturada ayrılması bardə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Сavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki olduqları yer məlum olmadığına görə məhkəmə iclasında onların iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçılar İddiaçı1 və İddiaçı4 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan V-Ж seriyalı, 371018 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10 sentyabr 1977-ci il tarixdə doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atası qismində X5 və anası qismində X9 qeyd edilmişdir. İşdə olan Biləsuvar rayon notariat ofisinin xüsusi notoriusu tərəfindən təsdiq edilmiş Vİİ- Ж seriyalı, 384416 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 və X4 03 noyabr 2001-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Vİİ-ЖГ seriyalı, 493550 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1981-ci il tarixdə doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atası qismində X5 və anası qismində X9 qeyd edilmişdir. İşdə olan X-Ж seriyalı, 342539 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 28 iyul 1984-cü il tarixdə doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atası qismində X5 və anası qismində X9 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 1-ПН seriyalı, 565295 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsinin surətindən görünür ki, X7 və X3 17 aprel 2003-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Şahmarov, arvada Şahmarova soyadı verilmişdir. Mülki işdə olan 14 avqust 2008-ci il tarixdə Rusiya Federasiyası, Surqut rayonu, Xanti-Mansi muxtar dairəsi – Yuqra üzrə Rusiya FMXİ şöbəsi tərəfindən verilmiş 67 08 825646 nömrəli passportun notarial qaydada təsdiq edilmiş tərcüməsinin surətindən görünür ki, İddiaçı3 Rusiya Federasiyası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 29 aprel 2022-ci il tarixdə İddiaçı4 adına verilmiş, **********13 nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata dair müvafiq reyestrdən çıxarışın surətindən görünür ki, Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış 1,1639 hektar ölçüdə torpaq sahəsində İddiaçı1 0.607220833 hektar, İddiaçı2 0.0927619 hektar, İddiaçı3 0.0927619 hektar, İddiaçı4 0.1855238 hektar, Cavabdeh1 0,0927619 hektar və Cavabdeh2 0,0927619 hektar ölçüdə payları müəyyən edilmişdir. Mülki işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi dairəsinin tərəfindən təqdim edilmiş 01 avqust 2024-cü il tarixli mütəxəssis rəyindən və həmin rəyə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planından görünür ki, bölgüsü nəzərdə tutulan **********13 reyestr nömrəli 1,1638 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərb istiqamətindən gediş-gəliş yoluna çıxışı vardır. Mübahisə predmeti olan cəmi 1,1638 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payçıların paylarına uyğun naturada pay bölgüsü ardıcıllığı (siyahı üzrə), bölgü istiqaməti məhkəmə qərarı əsasında müəyyənləşəndən, təyin ediləndən sonra torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun bölgü planı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisi tərəfindən tərtib edilmiş bölgü planına görə Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən,ümumi paylı mülkiyyətçilərin hər birinin payının naturada ayrılması işi aparıla bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada payların naturada ayrılması mümkündür. **********13 reyestr nömrəli 1,1638 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərb istiqamətindən gediş-gəliş yoluna çıxışı vardır. Mübahisə predmeti olan cəmi 1,1638 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payçıların paylarına uyğun naturada pay bölgüsü ardıcıllığı (siyahı üzrə), bölgü istiqaməti məhkəmə qərarı əsasında müəyyənləşdirildikdən sonra torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin kordinatlarına uyğun bölgü planı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisi tərəfindən tərtib edilmiş bölgü planına görə Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, ümumi paylı mülkiyyətçilərin hər birinin payının naturada ayrılması işi aparıla bilər. Qanunvericiliklə müəyəyn edilmiş qaydada Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən ümumi paylı mülkiyyətçilərdən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birlikdə paylarının cəmi - 0,978268433 hektar torpaq sahəsinin ümumi 1,1638 hektar ölçüdə torpaq sahəsindən payların naturada ayrılması mümkündür. **********13 reyestr nömrəli 1,1638 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şərq istiqamətindən gediş-gəliş yoluna çıxışı vardır. Mübahisə predmeti olan cəmi 1,1638 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payçıların paylarına uyğun naturada pay bölgüsü ardıcıllığı (siyahı üzrə), bölgü istiqaməti məhkəmə qərarı əsasında müəyyənləşdirildikdən sonra torpaqların elektron kadastrı informasiya sestemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun bölgü planı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisi tərəfindən tərtib edilmiş bölgü planına görə Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, ümumi paylı mülkiyyətçilərin hər birinin payının naturada ayrılması işi aparıla bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, ümumi 1,1638 hektar ölçüdə torpaq sahəsindən digər paylı mülkiyyətçilər Cavabdeh1 və Cavabdeh2 hər birinin payının naturada ayrılması mümkündür. İşdə olan 15 noyabr 2024-cü il tarixli, 10/7042 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən və həmin rəydə qeyd edilmiş torpaq sahəsinin sxemindən görünür ki, Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış, həmin reyestrdən 29 aprel 2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeydə alınmış cəmi 1,1638 hektar ölçüdə torpaq sahəsinin yalnız qərb istiqamətindən gediş-gəliş yoluna çıxışının olmasını nəzərə alaraq, həmin torpaq sahəsinin ümumi paylı mülkiyyətçilərin hər birinin payı ayrılıqda müəyyən edilməklə və torpaq sahəsinin infrastrukturuna xələl gətirmədən, torpaq qanunvericiliyinə uyğun şəkildə naturada ayrılmasının texniki cəhətdən mümkün deyil. Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış, həmin reyestrdən 29 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeydə alınmış torpaq sahəsində ümumi paylı mülkiyyətçilərdən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birlikdə paylarının cəmi 0,978268433 hektar torpaq sahəsinin ümumi 1,1638 hektar ölçüdə torpaq sahəsindən, ərazinin infrastrukturuna xələl gətirmədən, torpaq qanunvericiliyinə uyğun şəkildə naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bunun üçün ümumi 1,1638 hektar ölçüdə torpaq sahəsinin şimal-qərb küncündən şərq istiqamətində 108,5 metr məsafədən və cənub istiqamətdə 17,3 metr məsafədən sonra torpaq sahəsinin daxilində sərhəd hasarı çəkilməlidir. Belə olan halda ayrılması nəzərdə tutulan 0,978268433 hektar torpaq sahəsinə 4,5-4,6 metr ölçüdə keçid qalacaqdır. Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış, həmin reyestrdən 29 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeydə alınmış cəmi 1,1638 hektar ölçüdə torpaq sahəsinin yalnız qərb istiqamətindən gediş-gəliş yoluna çıxışının olmasını nəzərə alaraq, həmin torpaq sahəsinin ümumi paylı mülkiyyətçilərdən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birlikdə paylarının cəmi 0,978268433 hektar hissəsinin ümumi 1,1638 hektar ölçüdə torpaq sahəsindən ayırdıqdan sonra digər paylı mülkiyyətçilər Cavabdeh1 və Cavabdeh2 hər birinin payı da ayrılıqda müəyyən edilməklə, qalan torpaq sahəsinin də, həmin ərazinin infrastrukturuna xələl gətirmədən, torpaq qanunvericiliyinə uyğun şəkildə naturada ayrılmasının texniki cəhətdən mümkün deyil. Həmçinin iş materiallarından görünür ki, iddiaçılar məhkəmədə Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış 1,1639 hektar ölçüdə torpaq sahəsinin özlərinə məxsus hissəsinin cavabdehlərə məxsus paylardan ayrı-ayrılıqda ayrılması barədə iddia qaldırsalar da, mülki işi məhkəmədə baxılması zamanı iddiaçılar iddia ərizəsinin dəqiqləşdiriməsi barədə ərizə ilə müraciət ederək, onlara məxsus payların birlikdə göstərilməklə, cavabdehlərə məxsus paylardan ayrılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materialları ilə müəyyən edilir ki, hazırki mülki iş üzrə məhkəmə-tikinti-texniki ekspertizasının rəyi məhkəməyə 09 dekabr 2024-cü il tarixdə, yəni həmin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra məhkəməyə daxil olmuşdur. Həmin rəydə isə iddiaçılara məxsus payların mübahisə predmeti olan torpaq sahəsində olan cavabdehlərə məxsus paylardan ayrı-ayrılıqda ayrılmasının qeyri-mümkün olduğu və yalnız ümumi şəkildə cavabdehlərə məxsus paylardan ayrıla biləcəyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, 15 noyabr 2024-cü il tarixli məhkəmə-tikinti-texniki ekspertizasının rəyi mübahisə predmeti olan torpaq sahəsində iddiaçılara məxsus payların naturada ayrılmasının yeganə həll yolunu özündə ehtiva etdiyinə görə həmin rəy iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi və dəyişdirilməsi üçün yeni əsasdır və buna görə də iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməli və həmin tələbə mahiyyəti üzrə qiymət verilməlidir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən mübahisə predmeti olan 1,1639 hektar ölçüdə torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətindədir. Həmin torpaq sahəsində iddiaçılar - İddiaçı1 0.607220833 hektar, İddiaçı2 0.0927619 hektar, İddiaçı3 0.0927619 hektar, İddiaçı4 0.1855238 hektar və cavabdehlər - Cavabdeh1 0,0927619 hektar və Cavabdeh2 0,0927619 hektar ölçüdə payları müəyyən edilmişdir. İddiaçıların qeyd edilən torpaq sahəsindəki ümumi payı 0,978268433 hektar təşkil edir və iddiaçılar mübahisəli torpaq sahəsinin onların paylı mülkiyyətində olan 0,978268433 hektar hissəsini, ümumilikdə 1,1638 hektar təşkil edən torpaq sahəsindən ayrılmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-213.4-cü maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin sayı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiiyyətdir. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixli, 02/2024 nömrəli Qərardadının 30 və 31-ci bəndlərinə görə bu iddialara baxılması zamanı mərhələli həll qaydasının müəyyən edilməsində məqsəd mülkiyyətçilərdən birinin (və ya bir neçəsinin) digər paylı mülkiyyətçiləri öz mülkiyyət hüquqlarından iradələrinə zidd şəkildə istədikləri vaxt istədikləri formada məhrum etmələrinə müəyyən məhdudiyyətlər qoymaqla, mülkiyyət hüququnun toxunulmazlığını qorumaqdan, həmçinin bütün mülkiyyətçilərin hüquqi mənafelərinin balanslı müdafiəsinə nail olmaqdan ibarətdir. Məhz bu məqsədlə qanunverici bu kateqoriyadan olan mübahisələrin həlli zamanı qanunla müəyyən edilmiş mərhələlərdən birini və ya bir neçəsini istisna etməklə, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqinin tələb edilməsini qadağan etmişdir. Bu baxımdan iddiaçının dispozitivlik prinsipindən çıxış edərək, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqini tələb etməsi iddianın rədd olunması üçün əsasdır. iddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmə hər bir halda həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdır. Bu, məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsi olmaqla, tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Həmin Qərardadın 42 və 43-cü bəndlərinə görə birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir. Digər hallarda isə məhkəmə payın naturada ayrılmasının formaları barədə hər bir tərəfin təklifini dinləməli, mübahisəli məqamların alternativ həlli yolları ilə bağlı qarşılıqlı müzakirələr aparmalıdır. Bundan sonra yekun təkliflər əsasında, bunun mümkün olmadığı halda isə tərəflərin mənafelərinə bərabər şəkildə xidmət edəcək ən əlverişli formada naturada ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməklə araşdırmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-tikintitexniki ekspertizasının rəyinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış 1,1639 hektar ölçüdə torpaq sahəsinin iddiaçılara məxsus hissəsini, həmin torpaq sahəsinin cavabdehlərə məxsus hissəsindən ayrıayrılıqda naturada ayrılması ərazinin infrastrukturuna xələl gətirmədən, torpaq qanunvericiliyinə uyğun şəkildə naturada ayrılmasının texniki cəhətdən mümkün deyil, iddiaçılara məxsus torpaq paylarıın yalnız ümumi şəkildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus paylardan ayrılması mümkündür. Həmçinin 15 noyabr 2024-cü il tarixli, 10/7042 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə görə Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış 1,1639 hektar ölçüdə torpaq sahəsinin iddiaçılara məxsus hissəsinin cavabdehlərə məxsus hissəsindən ayrılması üçün həmin torpaq sahəsində şimal-qərb küncündən şərq istiqamətində 108,5 metr məsafədən və cənub istiqamətdə 17,3 metr məsafədən sonra torpaq sahəsinin daxilində sərhəd hasarı çəkilməlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı4 ekspertiza rəyində nəzərdə tutulmuş sərhad hasarının o və digər iddiaçılar tərəfindən şəxsi vəsaitləri hesabına çəkməyə razı olduqlarını bildirdilər. Beləliklə, məhkəmə 15 noyabr 2024-cü il tarixli, 10/7042 nömrəli məhkəmə-tikintitexniki ekspertizasının rəyini əsas tutaraq hesab edir ki, Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış 1,1639 hektar ölçüdə torpaq sahəsinin iddiaçılara məxsus cəmi 0.978268433 hektar ölçüdə hissəsi cavabdehlərə məxsus hissəsindən iddiaçılar tərəfindən həmin torpaq sahəsinin şimal-qərb küncündən şərq istiqamətində 108,5 metr məsafədən və cənub istiqamətdə 17,3 metr məsafədən sonra torpaq sahəsinin daxilində sərhəd hasarı çəkilməklə, naturada ayrılmalıdır. Bundan başqa, iş materiallarında olan Rusiya Federasiyası vətəndaşının 67 08 825646 nömrəli pasportunun surətindən görünür ki, X1 Federasiyası vətəndaşıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü hissəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1 və 203.2-ci maddələrinə görə əgər qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə qanunla ona mənsub ola bilməyən əmlak düşmüşsə, həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir. Mülkiyyətçi əmlakı həmin Məcəllənin 206.1-ci maddəsində göstərilən müddətlərdə özgəninkiləşdirmədikdə, belə əmlak, onun xarakterini və təyinatını nəzərə almaqla, dövlət orqanının ərizəsi üzrə məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış pulu keçmiş mülkiyyətçiyə verilməli və ya dövlət mülkiyyətinə verilərək dəyəri keçmiş mülkiyyətçiyə ödənilməlidir. Bu zaman əmlakın özgəninkiləşdirilməsinə çəkilən xərclər çıxılır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı3 izah olunmalıdır ki, o, Rusiya Federasiyası vətəndaşı olduğuna görə, Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış 1,1639 hektar ölçüdə torpaq sahəsinin onun paylı mülkiyyətində olan 0.0927619 hektar ölçüdə hissəsini, 1 (bir) il ərzində, özgəninkiləşdirməlidir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsinin nümayəndəsinə izah edilməlidir ki, Rusiya Federasiyasının vətəndaşı olan Şahmarova X2 rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış 1,1639 hektar ölçüdə torpaq sahəsinin onun paylı mülkiyyətində olan 0.0927619 hektar ölçüdə hissəsini qanunla müəyyənləşdirilmiş 1 (bir) il müddət ərzində özgəninkiləşdirməzsə, həmin orqan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş tədbirləri görməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti və iş üzrə 01 avqust 2024-cü il tarixli mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərcin əvəzi qismində 95 manat, cəmi 195 manat cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə, ekspertiza tədqiqinin dəyəri qismində 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiası təmin edilsin. Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış 1,1639 hektar ölçüdə torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylı mülkiyyətlərində olan cəmi 0.978268433 hektar ölçüdə hissəsi, həmin torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 məxsus cəmi 0,659731567 hektar ölçüdə qalan hissəsindən, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən həmin torpaq sahəsinin şimal-qərb küncündən şərq istiqamətində 108,5 metr məsafədən və cənub istiqamətdə 17,3 metr məsafədən sonra torpaq sahəsinin daxilində sərhəd hasarı çəkilməklə, naturada ayrılsın. İş üzrə İddiaçı3 izah edilsin ki, o, Rusiya Federasiyası vətəndaşı olduğuna görə, Biləsuvar rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış 1,1639 hektar ölçüdə torpaq sahəsinin onun paylı mülkiyyətində olan 0.0927619 hektar ölçüdə hissəsini, 1 (bir) il ərzində, özgəninkiləşdirməyə borcludur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsinin nümayəndəsinə izah edilsin ki, Rusiya Federasiyasının vətəndaşı olan Şahmarova X2 rayonu, Aşağı Cürəli kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı, daşınmaz əmlakın dövlət reyestrində **********13 nömrəsi ilə qeydə alınmış 1,1639 hektar ölçüdə torpaq sahəsinin onun paylı mülkiyyətində olan 0.0927619 hektar ölçüdə hissəsini qanunla müəyyənləşdirilmiş 1 (bir) il müddət ərzində özgəninkiləşdirməzsə, həmin orqan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş tədbirləri görməyə borcludur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 100 (bir yüz) manat və iş üzrə 01 avqust 2024-cü il tarixli mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərcin əvəzi qismində 95 (doxsan beş) manat, cəmi 195 (bir yüz doxsan beş) manat məbləğində pul vəsaiti müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar