Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1642/2025 14.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X5 məhkəmə-iclas katibliyi, iddiaçı Biləsuvar rayonu Amankənd bələdiyyəsinin nümayəndəsi Hüseynli Rahim Hilal oğlunun, cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “bələdiyyəyə aid 42 kvadrat metr torpaq sahəsindən zəbtdən azad olunması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Amankənd bələdiyyəsinə aid olan 42 kvadrat metr torpaq sahəsini Dərvişli kənd sakini X4 zəbt etmişdir. Belə ki, o, bələdiyyəyə aid torpaq sahəsində özü üçün dəmirdən hasar çəkmişdir. Hazırda həmin torpaq sahəsi onun istifadəsindədir. Buna görə digər kənd sakini X6 ilə aralarında münaqişə yaranmışdır. Sonuncu tərəfindən Yenigül Əliyeva tərəfindən kanal bağlanıldığına görə X8 Rayon Məhkəməsində iddia qaldırılmış və iddiası təmin olunaraq münaqişəli каnal açılmışdır. Lakin sonradan Yenigül Əliyeva tərəfindən bələdiyyə torpağı hasara alınmışdır. Həmin yerin bələdiyyə mülkiyyətinə aid olmasına aydınlıq gətirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuş və bələdiyyəyə daxil olmuş 01 noyabr 2024-cü il tarixli məktubda sözügedən münaqişəli yerin 42 kvadratmetr hissəsinin bələdiyyəyə aid olduğu göstərilmişdir. Bələdiyyə tərəfindən dəfələrlə Yenigül Əliyevaya xəbərdarlıq edilsə də, bu günə kimi həmin hasarı sökməmişdir. Həmçinin sonda bələdiyyə tərəfindən məcbur qalınaraq aidiyyəti məhkəməyə müraciət edilməsi qərara gəlinmişdir. Buna görə sözügedən məsələ bələdiyyənin 07 mart 2025-ci il tarixli, 05 saylı iclasında müzakirə edilmişdir. Bələdiyyənin doqquz üzvündən yeddisi iclasda iştirak edərək məhkəmədə iddia qaldırılması barədə qərar qəbul edilmişdir. İddiaçının tələbi: X4 tərəfindən zəbt olunan bələdiyyə mülkiyyətinə aid 42 kvadratmetr torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılması, X1 öz vəsaiti hesabına dəmir hasar sökülməsi və məhkəməyə ödənilən rüsumun bələdiyyəyə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdehin etirazı: Cavabdeh X4 yazılı etriaz ərizəsi təqdim edərək bildirmişdir ki, 70 yaşı var. Həyətyanı torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən dövlət reyestrindən çıxarış almışdır. Çıxarışa əsasən 0,19 ha həyətyanı torpaq sahəsi var. Sonra bələdiyyə sədri dedi ki, evdə otura bilmir ( bələdiyyə sədri Qədir Abbasov həyət qonşusudur) "maraqlı tərəf" Faiq Qulamov ondan yazır. Dedi ki, onun həyətində 42 kvadratmetr torpaq var onu da verməlidir. Şəxsinə qarşı 42 kvadrat metr bələdiyyə torpağının zəbtdən azad olunması tələbini qəbul etmir. Həyətyanı torpağı ölçülmədən, bu barədə bələdiyyə tərəfindən xəbərdarlıq edilmədən, 42 kvadratmetr bələdiyyə torpağını zəbt etdiyi barədə heç bir akt tərtib edilmədən və həmin aktda da onun imzası olmadan, onu məhkəməyə vermişlər. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı Biləsuvar rayonu Amankənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdiyini, cavabdeh tərəfindən bələdiyyəyə aid 42 kvadratmetr torpaq sahəsinin zəbt edildiyini, cavabdehin həmin torpaq sahəsini hasara almasını və bu da kənd sakinlərinin narazıçılığa səbəb olmasını bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçı tərəfin qeyd etdiyi torpaq sahəsində təkcə onun yaşamadığını, digər kənd sakinlərinin də bələdiyyə torpağından istifadə etdiyini, həmçinin onun torpaq sahəsinə dair çıxarışının olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində çıxış edən X6 bildirmişdir ki, bu proses 4 ilə yaxındır ki, gedir. X2 baxılan iş üzrə mübahisə predmetindən kənar aidiyyatı olmayan, anlaşılmaz izahat vermişdir. İş materiallarına əlavə edilmiş sənədlər: “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, hüququ rəsmiləşdirilən şəxs Cavabdeh, daşınmaz əmlakın növü fərdi yaşayış evi, daşınmaz əmlakın ünvanı (olduğu yer) ünvan 1zərində hüquq növü mülkiyyət, daşınmaz əmlakın ümumi sahəsi 147.7 kvadratmetr, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, torpaq sahəsinin ölçüsü 0.19 ha, daşınmaz əmlakın reyestr nömrsi **********xx-xx- 3101 nömrəlidir. “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin 01 noyabr 2024-cü il tarixli, 3-21-3-44/2-6279/2024 nömrəli müraciətə baxılması barədə” arayışın surətindən görünür ki, müraciətdə qeyd edilən su arxının 42 kvadratmetr hissəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. 23 kvadratmetr hissəsi isə torpaqların elektron kadastr uçotu informasiya sistemində xüsusi mülkiyytə aid torpaq sahəsi kimi göstərilmişdir. Biləsuvar rayonunun Amankənd bələdiyyəsinin 07 mart 2025-ci il tarixli, 5 nömrəli iclas protokolundan görünür ki, 42 kvadratmetr torpaq sahəsindən zəbtdən azad olunması barədə iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edilməsi ilə bağlı iclas keçirilmiş və bu iclasda 10 nəfər bələdiyyə üzvünün səs vermə yolu ilə lehinə olmaqla qərar qəbul edilmişdir ki, 42 kvadratmetr torpaq sahəsindən zəbtdən azad olunması barədə cavabdeh X3 qarşı iddia ərizsəi ilə bələdiyyə adından Biləsuvar Rayon Məhkəməsinə müraciət edilsin. 21 fevral 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında da qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı iş üzrə iddiaçı Biləsuvar rayonu Amankənd bələdiyyəsi iddia tələbinin əsası kimi cavabdeh tərəfindən bələdiyyə mülkiyyətinə aid olduğu iddia edilən 42 kvadratmetr torpaq sahəsinin zəbt edildiyini göstərmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı bu torpaq sahəsi üzərində öz subyektiv mülkiyyət hüququnun mövcudluğunu və hüdudlarını prosessual qanunvericiliyin tələblərinə uyğun, mötəbər və qənaətbəxş sübutlarla təsdiq edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş “Əmlak Məsələləri Dövlət Xidməti”nin 01 noyabr 2024-cü il tarixli arayışı yalnız elektron kadastr uçotu məlumatlarına istinad edir və mübahisəli 42 kvadratmetr torpaq sahəsinin faktiki olaraq cavabdehin istifadəsində olması, bu istifadənin onun mülkiyyət hüququndan kənara çıxması, habelə zəbt faktının mövcudluğu barədə hüquqi nəticə çıxarmağa imkan vermir. Həmin sənəd özlüyündə cavabdehin torpaq sahəsinə qanunsuz müdaxiləsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehin torpaq sahəsini zəbt etməsi faktını təsdiq edən ölçmə aktı, yerində baxış protokolu, inzibati qaydada tərtib edilmiş hər hansı akt, eləcə də cavabdehin imzası ilə təsdiqlənmiş sənəd məhkəməyə təqdim edilməmişdir. Bu isə iddiaçının iddia tələbinin əsasını təşkil edən halları sübut etmədiyini göstərir. Bununla yanaşı, cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, cavabdehin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatından keçmişdir və bu hüquq qüvvədə olan hüquqi aktlarla qorunur. İddiaçı tərəfindən cavabdehin mülkiyyət hüququnun hüdudlarını aşdığını sübut edən hər hansı mötəbər sübut təqdim edilmədiyindən, cavabdehin mülkiyyət hüququnun qanunsuz həyata keçirilməsi barədə nəticəyə gəlmək mümkün deyildir. Məhkəmə, həmçinin nəzərə alır ki, iddiaçı tərəfindən istinad edilən şahid ifadəsi mübahisə predmeti ilə birbaşa əlaqəli olmayıb, konkret faktlara əsaslanmayan, subyektiv və qeyri-müəyyən izahatlardan ibarətdir. Bu səbəbdən həmin ifadə iddia tələbinin əsaslandırılması baxımından sübut əhəmiyyəti daşımır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı bu prosessual vəzifəni yerinə yetirməmiş, iddia tələbinin faktiki və hüquqi əsaslarını sübut edə bilməmişdir. Beləliklə, iddiaçı tərəfindən müvafiq subyektiv mülkiyyət hüququnun mövcudluğu və həmin hüququn cavabdeh tərəfindən pozulması sübuta yetirilmədiyindən, cavabdehə qarşı tələb irəli sürmək üçün hüquqi əsas mövcud deyildir. Bu səbəbdən iddia tələbinin təmin olunması mümkün hesab edilmir. Bu səbəbdən də məhkəmə iddiaçı Biləsuvar rayonu Amankənd bələdiyyəsinin subyektiv hüququnun elementi kimi tələb etmə hüququnun olmadığı qənaətinə gəlindiyindən, bu tələb üzrə irəli sürülən digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddia tələbinin təmin olunması mümkün deyildir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda iddiaçı Biləsuvar rayonu Amankənd bələdiyyəsi mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair irəli sürdüyü tələbin əsası kimi istinad etdiyi halları sübut edə bilmir, əksinə cavabdeh həmin torpaq sahəsinin mülkiyyətçisi olduğunu təsdiq edən sənədi məhkəməyə təqdim edərək etirazının əsasını təsdiq etmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, irəli sürülmüş tələb təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-1642/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1642/2025
14.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver