Məhkəmə qərarları › İş №2(022)-1921/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1921/2025

07.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1921/2025 07.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı Binnət oğlunun cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək müqaviləsinin bildirişinin ləğv edilməsi tələbi” barədə iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Binnət oğlu cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək müqavilsinin bildirişinin ləğv edilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; 149.2 - ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur; “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarı: 13-cü bəndinə əsasən iddia ərizəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçı İddiaçı Binnət oğlu iddia ərizəsində cavabdeh kimi göstərdiyi “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanını qeyd etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinni məhkəmə qeyd etməyi zəruri edir ki, Biləsuvar Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2(022)-1657/2025 saylı qərardadı ilə eyni nöqsanların aradan qaldırılmasının zərurəti İddiaçı Binnət oğluna bildirilsə də, İddiaçı heç bir nöqsanı aradan qaldırmayaraq, eyni sənədləri məhkəməyə yenidən təqdim etmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: İddiaçı Binnət oğlunun cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək müqaviləsiin bildirişinin ləğv edilməsi tələbi” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Binnət oğluna izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən (və ya alındığı) gündən 10 gün müddətində ondan Biləsuvar rayon məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar