Məhkəmə qərarları › İş №2(022)-20/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-20/2023

26.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-20/2023 26.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X11 oğlunun katibliyi, iddiaçı Biləsuvar rayonu Çaylı Bələdiyyəsinin sədri və nümayəndəsi X6 iştirakı ilə, Biləsuvar rayonu X1 Nurəddin Ələkbər oğluna qarşı cavabdehin iddiaçının mülkiyyətində olan 1.60 hektar ölçüdə torpaq sahəsindən çıxarılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Biləsuvar rayonu X5 Nurəddin Ələkbər oğluna qarşı cavabdehin iddiaçının mülkiyyətində olan 1.60 hektar ölçüdə torpaq sahəsindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi Ə.T.Aslanov vəsatətlə məhkəməyə müraciət edərək bildirdi ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 33 saylı qərarı ilə Biləsuvar rayonu, Çaylı (keçmiş Feoletovka) kəndi ərazisində 439,11 hektar ölçüdə torpaq sahəsi bələdiyyə mülkiyyətinə ayrılmış və Biləsuvar rayonu Çaylı Bələdiyyəsi təşkil olunduqdan sonra onun balansına verilmişdir. Biləsuvar rayonu Çaylı Bələdiyyəsi 2005-ci ildə mübahisəli torpaq sahəsini X9 adlı kənd sakininə icarəyə versə də, cavabdehin atası X4 həmin sahəni zəbt etdiyinə görə A.S.Hacıyev icarə hüquqlarını həyata keçirə bilməmişdir. Belə ki, Biləsuvar rayonu X3 rayonu, Çaylı kəndi ilə qonşuluqda yerləşən torpaq sahəsini cavabdehin atası Ə.Ə.Haxverdiyevə icrayə versə də, həmin şəxs ona icarəyə verilmiş torpaq sahəsindən kənara çıxaraq, həmçinin iddiaçı tərəfindən A.S.Hacıyevə icarəyə verilmiş torpaq sahəsini də zəbt etmişdir. Həmin şəxslər arasında məhkəmə mübahisəsi nəticəsində A.S.Hacıyevin xeyrinə çıxarılmış məhkəmə qətnaməsi olmasına baxmayaraq, Ə.Ə.Haxverdiyevin qanuni istifadəyə imkan vermədiyi və həmin torpaq sahəsindən çıxamadığına görə A.S.Hacıyev həmin torpaq sahəsindən istifadə edə bilməmiş və buna görə də iddiaçı ilə bağladığı icarə müqaviləsinin müddətini də uzatmamışdır. Ə.Ə.Haxverdiyev vəfat etdikdən sonra həmin şəxsin oğlu Cavabdeh mübahisəli topaq sahəsindən qanunsuz istifadəyə davam etmişdir. Biləsuvar rayonu Çaylı Bələdiyyəsi qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılmasını cavabdehdən tələb etməsinə baxmayaraq, Cavabdeh nəinki həmin torpaq sahəsini boşaltmaqdan imtina edir, əksinə özü həmin torpaq sahəsini müxtəlif şəxslərə qeyri-rəsmi şəkildə icarəyə verməklə, qazanc əldə edir. Mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında Biləsuvar rayonu Çaylı Bələdiyyəsinin adına qeydə alınmışdır. Cavabdeh mərhum atası Ə.Ə.Haxverdiyev mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənəd kimi güya Biləsuvar rayonu Bağbanlar Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə istinad etsə də, həmin ərazi iddiaçının hüdudları daxilində yerləşdiyinə görə Biləsuvar rayonu Bağbanlar Bələdiyyəsi həmin torpaq sahəsinə sərəncam verə bilməzdi. Sonda, Ə.T.Aslanov iddianın təmin edilərək, cavabdehin zəbt etdiyi Biləsuvar rayonu Çaylı Bələdiyyəsinə məxsus 1.60 hektar ölçüdə torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Ələkbər oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan torpağa mülkiyyət hüququna dair JNº-01 saylı (kod ********) dövlət aktının surətindən görünür ki, Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 38 saylı qərarı ilə Biləsuvar rayonu, Feoletovka (indiki Çaylı) kəndi ərazisində 439.11 hektar ölçüdə torpaq sahəsi bələdiyyə mülkiyyəti üçün ayrılmışdır. Mülki işdə olan 12 avqust 2021-ci il tarixli, **********6 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Biləsuvar rayonu, Çaylı kəndi ərazisində yerləşən 1.6 hektar ölçüdə torpaq sahəsi Biləsuvar rayonu Çaylı Bələdiyyəsinin mülkiyyətindədir. Torpaq sahəsi üzərində həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində **********16 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 10 oktyabr 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X7 icarə müqaviləsi əsasında istifadə etdiyi Biləsuvar rayonu, Çaylı kəndi ərazisində yerləşən torpaq sahəsində əkilmiş taxıl məhsulu X2 məxsus heyvanlar tərəfindən məhv edildiyinə görə iddiaçıya dəymiş ziyana görə 1.040 manat məbləğində pul vəsaiti Ə.Ə.Haxverdiyevdən A.S.Həsənovun xeyrinə tutulmalıdır. Mülki işdə olan Şirvan Apellyasiya Məhkəməsinin 26 avqust 2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Biləsuvar rayon Məhkəməsinin 10 oktyabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin 21 sentyabr 2023-cü il tarixli, 3-21-3-44/2- 4929/2023 saylı mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən torpaq sahəsinin döngə nöqtələrinin kordinatları naturada plana alınaraq kameral şəraitdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildiyi zaman “Torpaqların elektron kadastrı uçotu” informasiya sisteminin baza məlumatlarında **********16 reyestr nömrəli çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin kordinatlarına əsasən 1.60 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Biləsuvar rayonu Çaylı Bələdiyyəsinin mülkiyyətində olduğu və həmin torpaq sahəsinin şərq istiqamətində 1,32 hektar ölçüdə hissəsi Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə mövqeyi, ölçüləri və yerquruluşu planı rəyə əlavə olunmuş ölçü planında göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 29 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/8539 saylı rəyindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən **********16 reyestr nömrəli çıxarışa və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin kordinatlarına əsasən 1.60 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Biləsuvar rayonu Çaylı Bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınmışdır və həmin torpaq sahəsinin şərq istiqamətində 1,32 hektar ölçüdə hissəsi Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan Biləsuvar rayonu, Çaylı kəndi ərazisində yerləşən 1.60 hektar ölçüdə torpaq sahəsi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 38 saylı qərarına əsasən bələdiyyə mülkiyyəti üçün ayrılmışdır. Biləsuvar rayonu Çaylı Bələdiyyəsi təşkil edildikdən sonra həmin torpaq sahəsi iddiaçının mülkiyyətin verilmişdir. Biləsuvar rayonu Çaylı Bələdiyyəsinın həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində **********16 reyestr nömrəsi ilə qeydə alınmışdır. Məhkəmətikinti-texniki ekspertizasının 29 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/8539 saylı rəyinə və 21 sentyabr 2023-cü il tarixli, 3-21-3-44/2-4929/2023 saylı mütəxəssis rəyinə əsasən həmin torpaq sahəsinin şərq istiqamətində cəmi 1,32 hektar ölçüdə hissəsi Cavabdeh Ələkbər oğlunun faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.3-cü maddələrinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin maddənin 4-cü bəndinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələbinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı və Cavabdeh Ələkbər oğlu daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydə alınmış və həmin reyestrdən 12 avqust 2021-ci il tarixli, **********6 qeydiyyat nömrəli çıxarışa əsasən Biləsuvar rayonu Çaylı Bələdiyyəsinin mülkiyyətinə verilmiş, Biləsuvar rayonu, Çaylı kəndi ərazisində yerləşən 1,6 hektar ölçüdə torpaq sahəsinin şərq istiqamətində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin 21 sentyabr 2023-cü il tarixli, 3-21-3-44/2-4929/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilmiş 1.32 hektar ölçüdə hissəsindən çıxarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə və bələdiyyələr məhkəmə verilən iddia ərizələrinə görə dövlət rüsumundan azad edildiyi üçün məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 83 manat məbləğində hissəsi cavabdehə aid edilməli və cavabdehdən 83 manat məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin bir hissəsinin əvəzi qismində 41 manat 50 qəpik məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə, 21 sentyabr 2023-cü il tarixli, 3-21-3-44/2-4929/2023 saylı mütəxəssis rəyinin verilməsinə sərf edilmiş pul vəsaiti iddiaçı tərəfindən ödənildiyinə görə həmin pul vəsaitinin bir hissəsinin əvəzi qismində 87 (səksən yeddi) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Biləsuvar rayonu Çaylı Bələdiyyəsindən ekspertiza tədqiqinin dəyərini təşkil edən pul vəsaitinin digər hissəsinin əvəzi qismində 08 manat 50 qəpik məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Biləsuvar rayonu Çaylı Bələdiyyəsinin iddiası qismən təmin edilsin. Cavabdeh Ələkbər oğlu daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydə alınmış və həmin reyestrdən 12 avqust 2021-ci il tarixli, **********6 qeydiyyat nömrəli çıxarışa əsasən Biləsuvar rayonu Çaylı Bələdiyyəsinin mülkiyyətinə verilmiş, Biləsuvar rayonu, Çaylı kəndi ərazisində yerləşən 1,6 hektar ölçüdə torpaq sahəsinin şərq istiqamətində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin 21 sentyabr 2023-cü il tarixli, 3-21-3-44/2-4929/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilmiş 1.32 hektar ölçüdə hissəsindən çıxarılsın. Cavabdeh Ələkbər oğlundan iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 83 (səksən üç) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi nəfinə tutulsun. İş üzrə ekspertiza tədqiqatının dəyərinin bir hissəsinin əvəzi qismində 41 (qırx bir) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Cavabdeh Ələkbər oğlundan, digər hissəsinin əvəzi qismində 08 (səkkiz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti isə Biləsuvar rayonu Çaylı Bələdiyyəsindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Cavabdeh Ələkbər oğlundan mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 87 (səksən yeddi) manat məbləğində pul vəsaiti Biləsuvar rayonu Çaylı Bələdiyyəsinin xeyrinə tutulsun. Biləsuvar rayonu Çaylı Bələdiyyəsinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar