Məhkəmə qərarları › İş №2(022)-214/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-214/2024

14.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-214/2024 14.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mitzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması və sərhəd mərzlərinin bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, istifadəsində olan 100 hektar torpaq sahəsindən cavabdehin çıxarılmaqla sərhəd mərzlərinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini tələbini müdafiə edərək göstərmişdir ki, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 2017-ci il tarixli Sərəncamı ilə ona Biləsuvar rayon Dövlət Fond torpaqlarından 100 hektar örüş sahəsi verilmişdir. Bununla bağlı 19 iyun 2017-ci il tarixdə icarə müqaviləsi də bağlamışdır. Uzuin illərdir ki, həmin torpaq sahəsindən istifadə edir.Yaxın bir neçə aydır ki, həmin ərazimin yaxınlığında mal qara saxlayan Cavabdeh mütəmadi olaraq onun mülkiyyətində olan örüş torpaq sahəsinə heyvanlarını salaraq zəbt etmişdir. Dəfələrlə ondan torpaq sahəsinin zəbtindən əl çəkməklə heyvanlarını ona məxsus sahədən çıxarmasını tələb etsə də, bundan imtina etmişdir. Cavabdeh bir müddət əvvəl yaxınlıqda torpaq sahəsi olan oğlunun da torpaq sahəsini zəbt etmişdir. Bununla bağlı məhkəmənin 22 fevral 2008-ci il tarixli qətnaməsi də olmuşdur. Cavabdehla məhkəmədən kənar məsələni həll edə bilməmişdir. Dəfələrlə cavabdehdən istifadəsində olan torpaq sahəsindən çıxmasını tələb etsə də bundan imtina etmişdir. Bununla bağlı müxtəlif instansiyalara çoxsaylı şikayətlər etmişdir. Sonda məhkəməəyə müraciət etməyi təklif olunmuşdur.Odur ki, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, torpaqlar Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən mal qara saxlamaq üçün onlara icarəyə verildikdən sonra onlar Dövlət Əmək Komitəsi tərəfindən verilmiş koordinatlar əsasında qanuna uyğun şəkildə Azərbaycan Respublikası Konititusiyasının 13-cü maddəsinə söykənərək öz ərazilərini dövlət əmlak komitəsinin nümayəndəsinin iştirakı ilə müəyyən edib öz sahibkarlıqları ilə məşğul olurlar. İddiaçı Səfərov Orcəliyə gəldikdə isə torpaq sahəsinin koordinatlarını göstərən Əmlak Komitəsinin nümayəndəsi Orcəli Səfərovun torpaq sahəsinin koordinatlarında qeyri müəyyənliklər olduğunu bildirmiş və sənədlərin yenidən işlənməsini tövsiyə etmişdir. Sonda cavabdeh iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən iddiaçını və cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səfərov X1 rayonu Bəydili kəndi M.F.Axundov küçəsi ev 18-də qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 2017-ci il tarixli № 189 saylı Sərəncamından görünür ki, Biləsuvar rayonu Bəydili kənd sakini İddiaçı Dövlət Fond torpaqlarından heyvandarlıq məqsədi ilə 15 (on beş) il müddətinə 100.0 hektar qış otlaq sahəsi istifadə etmək məqsədi ilə icarəyə verilmişdir. İş materiallarında olan 19 iyun 2017-ci il tarixli 39 saylı icarə müqaviləsindən görünür ki, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 2017-ci il tarixli № 189 saylı Sərəncamına əsasən Biləsuvar rayonu Bəydili kənd sakini İddiaçı Dövlət Fond torpaqlarından heyvandarlıq məqsədi ilə 15 (on beş) il müddətinə 100.0 hektar qış otlaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 51-ci maddəsinin 3-cü hissəsinə əsasən icarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə onlarla bağlanan müqavilələrlə yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli 2 nömrəli qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur». İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, Cavabdeh iddiaçının icarəsində olan torpaq sahəsinə mal-qara salaraq otarmaqla həmin torpaq sahəsindən istifadə edir. Bundan əlavə, cavabdeh həmin ərazidə olan torpaq sahəsindən qanunla müəyyən edilmiş qaydada istifadə etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Həsənov X2 rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 2017-ci il tarixli № 189 saylı Sərəncamına əsasən Biləsuvar rayonu Bəydili kəndi ərazisində İddiaçı icarəsinə verilmiş 100.0 ha torpaq sahəsindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Həsənov X2 rayonu Bəydili kəndi ərazisində İddiaçı icarəsinə verilmiş 100.0 ha qış otlaq sahəsi olan torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar