Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-22/2025 29.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı bildirir ki, o, Biləsuvar rayonu, Bəydili kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Bilasuvar rayonu, Bəydili kənd ərazində Bəydili bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli,Pr-67 saylı qərarı ilə 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin dövrdən torpaq sahəsi maneəsiz istifadə olunmuş və orada kənd təsəruffat təyinatlı tikinti (tövlə) tikmişdir. Təxminən 2 il əvvəl onunla qonşu torpaq sahibi olan Cavabdeh onun torpaq sahəsini zəbt edərək yonca əkmişdir. Mübahisəli məsələ ilə bağlı kənd bələdiyyəsinə, eləcə də hazırkı iş üzrə cavabdehə məlumat verilmişdir. Dəfələrlə cavabdehə onun sənədinin qanuni olması və zəbt etdiyi ərazini azad edilməsi təklif olunsa da, heç bir müsbət cavab ala bilməmişdir. Eyni zamanda öz ərazisində olan tikilinin də qonşu tərəfindən zəbt olunmuş və qanunsuz olaraq mülkiyyətindən məhrum olmuşdur. Tərəfindən əraziyə cəlb olunmuş mütəxəssis rəyində də ona məxsus ərazinin zəbt olunması öz əksini tapmışdır. Hesab edir ki, cavabdah qanuni mülkiyyətinə verilmiş torpaq sahəsini zəbt etməklə yanaşı ona maddi və mənəvi zərər vurmuşdur. İddiaçının tələbi: Biləsuvar rayonu, Bəydili kənd ərazisindən, Bəydili kənd bələdiyyəsinin 29 dekabr 2005-ci i! tarixli, Pr-67 saylı qərarı ilə mülkiyyətinə ayrılmış 0.08 ha torpaq sahəsinin zəbt olunmuş 250 kv metr hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, cavabdeh tərəfindən çəkilmiş metal torun onun hesabına sökülməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar Rayon Dövlət Arxivinin 30 oktyabr 2023-cü il tarixli, 3-48-10RA/2-293-2023 nömrəli arxiv arayışının surətindən görünür ki, Biləsuvar rayon Dovlət Arxivində mühafizə olunan Biləsuvar rayon Bəydili bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli, 67 saylı qərarına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, İddiaçı Bəydili bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli, 67 saylı qərarı ilə Bəydili kənd ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaqların alqı-satqısına dair 19 avqusr 2006-cı il tarixli aktın surətindən görünür ki, Bəydili bələdiyyəsi ərazisində 0.08 ha torpaq sahəsinin İddiaçı 29 dekabr 2005-ci il tarixdə 67 nömrəli qərar əsasında satılmışdır. Biləsuvar rayon Bəydili bələdiyyəsinin 18 aprel 2024-cü il tarixli arayışının surətindən görünür ki, Bəydili bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli. 67 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi alqı-satqı edilmişdir. X5 və X4 Məsuliyyətli Cəmiyyətinin 14 may 2024-cü il tarixli, 97 nömrəli məktubunun surətindən görünür ki. İddiaçı X1 müraciətinə baxılmış və müəyyən olunmuşdur ki, Biləsuvar rayonu Bəydili bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli Pr-67 saylı qərarı ilə İddiaçı satılmış 0,08 ha torpaq sahəsinin 250 kvadrat metri qonşusu Cavabdeh tərəfindən zəbt olunaraq, metal torla əhatəyə alınıb öz həyətyanı sahəsinə qatılaraq oradan istifadə edilir. Zəbt olunmuş həmin ərazidə İddiaçı məxsus yardımçı tikili yerləşir. Qonşu Cavabdeh istifadə etdiyi ərazi 250 kvadratmetrdir və qonşunun həyətyanı sahəsi istiqamətindədir. AR-İİİ seriyalı 374256 nömrəli etibarnamənin surətindən görünür ki, etibar edən şəxs İddiaçı, etibar edilən şəxs isə Vəkildur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyul 2025ci il tarixli, 10/5024 nömrəli ekspert rəyindən görünür ki, Biləsuvar rayonu Bəydili kəndi ərazisində İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin cənub-şərq istiqaməti hissəsində mövcud olan metal tor sərhəd mərzinin iddia tələbinə görə cavabdeh X3 tərəfindən çəkilmiş olduğu müəyyənləşdirildi. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22 reyestr nömrəli çxarışla İddiaçı mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsinə cənub-şərq istiqamətində bitişik yerquruluşu planından çıxarışın cizgisinə ya ölçülərinə görə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,08 ha həyətyanı torpaq sahəsindən 0,0261 ha hissəsi fiziki sərhədlərlə əhatələnmiş, Cavabdeh faktiki istifadə etdiyi 0.1626 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyən edildi. İddiaçının və cavabdehin faktiki istifadə etdiyi həyətyanı torpaq sahələrinin yerləşmə vəziyyət, ölçüləri və döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. 06 iyun 2024-cü il tarixli, 10786 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 101 (yüz bir) manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 164.1-ci maddəsinin tələbinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir; 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003cü il tarixli, 2 nömrəli Qərarının: 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında yalnız torpaq vergisi ödəmək şərti ilə ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarı: Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, Biləsuvar rayonu Bəydili kəndi ərazisində İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin cənub-şərq istiqaməti hissəsində mövcud olan metal tor sərhəd mərzinin iddia tələbinə görə cavabdeh X3 tərəfindən çəkilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22 reyestr nömrəli çxarışla İddiaçı mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsinə cənub-şərq istiqamətində bitişik yerquruluşu planından çıxarışın cizgisinə ya ölçülərinə görə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,08 ha həyətyanı torpaq sahəsindən 0,0261 ha hissəsi fiziki sərhədlərlə əhatələnmiş, Cavabdeh faktiki istifadə etdiyi 0.1626 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneələr yaratmış, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etsə də, cavabdeh bu cür hərəkət etməyə davam etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etməsinə baxmayaraq, cavabdehin ona məxsus torpaq sahəsindən çıxmaması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçının mülkiyyətində olan Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə cənub-şərq istiqamətində bitişik yerquruluşu planından çıxarışın cizgisinə ya ölçülərinə görə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,08 ha həyətyanı torpaq sahəsinin 0,0261 ha hissəsindən çıxarılmalı, Cavabdeh torpaq sahəsini boşaldaraq İddiaçı təhvil verməli, cavabdeh tərəfindən çəkilmiş metal tor onun öz hesabına sökülməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 (yüz bir) manat pul vəsaiti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, mühəndis-texniki ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müxbir hesabına (AZ41NABZ********************4) ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə cənub-şərq istiqamətində bitişik yerquruluşu planından çıxarışın cizgisinə ya ölçülərinə görə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,08 ha həyətyanı torpaq sahəsinin 0,0261 ha hissəsindən çıxarılsın, Cavabdeh torpaq sahəsini boşaldaraq İddiaçı təhvil versin, cavabdeh tərəfindən çəkilmiş metal tor onun öz hesabına sökülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 (yüz bir) manat pul vəsaiti Cavabdehdan tutularaq İddiaçı ödənilsin. Mühəndis-texniki ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müxbir hesabına (AZ41NABZ********************4) ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-22/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-22/2025
29.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver