Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-24/2023 18.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarma və əldən çıxmış faydaya görə pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz zəbt etdiyi və birgə mülkiyyətlərində olan 0,58 ha torpaq sahəsindən çıxarılması, həmin sahədə mərz nişanlarının bərpa olunması, 2006-cı ildən hazırkı vaxta qədər həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə vurduğu zərərə (əldən çıxmış faydaya) görə ondan 15.568 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, torpaq islahatı vaxtı Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli 30 saylı qərarına əsasən iddiaçıya və ailə üzvlərinə, o cümlədən 1-ci Qarabağ müharibəsində şəhid olmuş oğlu Fariz Məmmədova görə əlavə olaraq bir pay olmaqla cəmi 4.35 ha torpaq sahəsi əvəzsiz olaraq mülkiyyətlərinə verilmişdir. Həmçinin Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi **********3, qeydiyyat tarixi xx.xx.2022 olan Çıxarışa əsasən isə 4,26 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətindədir. İslahat komissiyasının yuxarıda qeyd edilmiş qərarına əsasən hazırda mülkiyyətlərinə verilmiş torpaq sahəsinin naturada 0,09 ha az olması ilə razılaşaraq Çıxarışı almışlar.Bununla bağlı heç bir narazılıqları yoxdur.Uzun illər boyudur ki, yəni 2006-cı ildən etibarən şəhid oğluna görə verilmiş 0,58 ha torpaq sahəsini Cavabdeh qanunsuz zəbt edərək şəxsi mənafeyi ilə əlaqədar istifadə etməklə, iddiaçıya külli miqdarda ziyan vurmuşdur.Cavabdehdən həmin torpaq sahəsini qaytarmasını dəfələrlə xahiş etsələr də nəticəsi olmamışdır.Sonda İddiaçı nümayəndəsi X2 Cavabdeh qanunsuz zəbt etdiyi və birgə mülkiyyətlərində olan 0,58 ha torpaq sahəsindən çıxarılması, həmin sahədə mərz nişanlarının bərpa olunması, 2006-cı ildən hazırkı vaxta qədər həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə vurduğu zərərə (əldən çıxmış faydaya) görə cavabdehdən 15.568 manat alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddianın tam əsassız olduğunu, kimsənin torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsinin ona aid olduğunu bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında saşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı Biləsuvar rayonu Nərimankənd kəndində kənd təsərrüfatı təyinatlı 4.2639 ha torpaq sahəsi verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində (reyestr nömrəsi **********54) xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli 10/1498 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-44/2-344/2023 saylı mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçülərək koordinatları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-44/2-344/2023 saylı mütəxəssis rəyinə əsasən TEKUİS İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.47 hektaradək hissəsinin Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə şimal-şərq tərəfdə üst-üstə düşdüyü müəyyən edilmişdir.İddiaçının iddia etdiyi torpaq sahəsinin TEKUİS xəritəsində İddiaçı mülkiyyətində olduğu müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-44/2-344/2023 saylı mütəxəssis rəyinə əsasən **********54 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 4.2639 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin 0,47 hektara qədər hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Mübahisəli 0,47 ha torpaq sahəsinin TEKUİS xəritəsində İddiaçı mülkiyyətində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 16-cı bəndində göstərilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında yalnız torpaq vergisi ödəmək şərti ilə ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İddia tələbindən görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməklə istifadə edilməsi nəticəsində 15,568 manat məbləğində zərərə (əldən çıxmış fayda) məruz qaldığını göstrərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MPM-nin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-nin 101.3-cü maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətinə verilmiş 4.2639 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal-şərq istiqamətində qalan 0,47 hektaradək hissəsindən Cavabdeh çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. MPM 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Habelə, İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına 128 manat məbləğdə ödəniş edilmiş və buna görə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülmüş 128 manat məbləğdə pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətinə verilmiş Biləsuvar rayonunun Nərimankənd kəndində olan 4.2639 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal-şərq istiqamətində 0,47 hektar hissəsindən Cavabdeh çıxarılsın. Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin tərtib edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülmüş 128 (yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2(022)-24/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-24/2023
18.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver