Məhkəmə qərarları › İş №2(022)-266/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-266/2023

03.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-266/2023 03.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X1 və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, onun istifadəsinə verilmiş 6 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Biləsuvar rayonu İcra Hakimiyyəti Başçısının 29 dekabr 2010-cu il tarixli 361 saylı Sərəncamı ilə ona 25 il müddətə Biləsuvar rayonu ərazisində 6 hektar torpaq sahəsi bağçılıq məqsədə ilə verilmişdir. Bununla bağlı Biləsuvar rayon İH ilə onun arasında 85 saylı icarə müqaviləsi bağlanmiş və digər sənədlər də verilmişdir. Son illər cavabdeh ona icarəyə verilmiş torpaq sahəsini tutmaqla nə ona faktiki istifadəsində olan torpaq sahəsindən istifadə etməyə imkan verir, nə də adına çıxarış almağa imkan vermir. O, DƏDRX-nə müraciət etsə də ona cavab məktubunda sözügedən torpaq sahəsi mübahisli olduğundan həmin torpaq sahəsinə dair ona çıxarış verilməsinin mümkün olmadığını göstərmişlər. Ona görə də məcburiyyət qarşısında qalıb Biləsuvar RPŞ-nə şikayət etmiş, lakin cavabdeh barəsində çinayət işinin başlanması rədd edilmişdir.Cavabdeh torpaq sahəsindən çıxmadığına görə ona verilmiş 6 hektar torpaq sahəsindən nə özü stifadə edə bilir, nə də həmin torpaq sahəsini dövlət qeydiyyatına aldıra bilir. Halbuki, 6 hektar torpaq sahəsinə dair Biləsuvar rayon İB-nın Sərəncamı, icarə müqaviləsi, Sxematik Plan və icarə haqqının ödənəlməsinə dar sənədi vardır. Belə ki, Azərbaycan Respublikası MM-nin 158.1.2-ci maddəsinə əcacən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılar. Hazırda o, qanunla təsbit olunmuş torpaq sahəsindən istifadə hüquqlarından cavabdehin təqsiri üzündən məhrum olmuşdur.Odur ki, iddianın təmin olunmasını xahiş edir. İddiaçının vəkili X4 məhkəmə iclasında iddianı müdafiə edərək iddiaçı ilə eyni məzminda ifadə verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 izahatında iddianı qəbul etmədiyini, iddiaçıya məxsus torpaq sahəsini zəbt edilmədiyini, ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2010-cu il tarixli 361 saylı sərəncamından görünür ki, İmişli rayonu Aranlı kənd sakini İddiaçı bağçılıq məqsədi ilə X3 6 (altı) hektar torpaq sahəsi uzun müddətli istifadə etmək məqsədilə 25 il müddətinə icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş 29 dekabr 2010-cu il tarixli 85 saylı icarə müqavailəsindən görünür ki, Biləsuvar Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağçılıq məqsədi ilə X3 6 (altı) hektar torpaq sahəsinin 25 il müddətinə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinə əsasən icarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə onlarla bağlanan müqavilələrlə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinin tələbinə görə torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023 il tarixli 10/3832 nömrəli rəyində göstərilmişdir: «Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2010-cu il tarixli, 361 saylı sərəncamına əsasən İddiaçı icarəyə (müvəqqəti istifadəyə) verilmiş 6,0 ha torpaq sahəsinin yerin seçilmə aktında qeyd olunmuş məkan göstəricilərini (koordinatlarını) əks etdirən «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin olmaması səbəbindən bu torpaq sahəsinin sənəd üzrə sərhəd mərzlərinin yerini və döngə nöqtələrinin koordinatlarını düzgün müəyyən etmək mümkün olmadı. Məkan göstəricilərini (koordinatlarını) əks etdirən «Torpaq səhəsinin planı və ölçüsü» sənədinin olmaması səbəbindən Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında bu torpaq sahəsinin sənəd üzrə sərhəd mərzlərinin yerini cavabdehin faktiki istifaldəsində olan (iddia edilən) torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmadı. İddiaçı iddia etdiyi Cavabdeh faktiki istifadəsində olan ərazi kimi plana alınmış 6,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. (ölçü və koordinatlar mütəxəssis rəyinə əlavə olunmuş yerqurluşu planında göstərilmişdir) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-44/2-1680/2023 saylı mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi Cavabdeh faktiki istifadəsində olan ərazi kimi plana alınmış dövlət mülkiyyətində saxlanılan 6,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.43 hektaradək hissəsi məcburi köçkünlərə əkin məqsədilə müvəqqəti istifadəyə verilmiş 272, 272A, 273 və 274 nömrəli yerlərin, 4,8 hektaradək hissəsi isə örüş təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd olunan ekspert rəyində mübahisə olunan 6 ha torpaq sahəsinin «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin olmaması səbəbindən bu torpaq sahəsinin sənəd üzrə sərhəd mərzlərinin yerini və döngə nöqtələrinin koordinatlarını düzgün müəyyən etmək mümkün olmadığı, məkan göstəricilərini (koordinatlarını) əks etdirən «Torpaq səhəsinin planı və ölçüsü» sənədinin olmaması səbəbindən Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında bu torpaq sahəsinin sənəd üzrə sərhəd mərzlərinin yerini cavabdehin faktiki istifaldəsində olan (iddia edilən) torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirməyin mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin olunması əsasları müəyyən edilmir. Hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin koordinatları barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 iyun 2023 il tarixli 10/3832 nömrəli ekspert rəyi də verilmişdir. Həmin rəyin mötəbər sübut kimi nəzərə alınmaması üçün heç bir əsas aşkar edilmədiyi üçün məhkəmə iş üzrə yekun qərar qəbul edərkən adıçəkilən rəyi rəhbər tutmağın düzgün olduğunu hesab edir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı təmin edilməklə, mübahisəli torpaq sahələrinə dair mövcud hüquqmüəyyənedici sənədlər üzrə həyata keçirilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023 il tarixli 10/3832 nömrəli rəyində müəyyən edilən hallar hazırkı iddianın təmin edilməsi üçün əsas vermir. MPM-nin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-nin 101.3-cü maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia rədd edilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsait - 147 manat məbləğində pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Habelə, iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğdə pul vəsaiti İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilsin. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğdə pul vəsaiti İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar