Məhkəmə qərarları › İş №2(022)-287/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-287/2023

25.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-287/2023 25.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, İddiaçı yaşadığı mənzildə daimi kirayəçi hesab olması barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 09 yanvar 2023-cü il tarixdə İddiaçı yaşadığı mənzildə daimi kirayəçi hesab olması barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmaıldır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əasasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Lakin məhkəmə daxil olmuş iddia ərizəsində tələbin yönəldiyi şəxsin – cavabdehin adı və poçt ünvanı göstərilməmişdir. Bundan başqa, Azərbayacan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində tələbin əsaslı olduğunu təsdiq edən sübutlar göstərilməmişdir. Həmçinin İddiaçı iddia ərizəsinə mübahisə predmeti olan mənzilə onun mülkiyyət hüququnu təsdiq edən sənədin olmasını qeyd etsə də, iddia ərizəsinə onunla bağlı heç bir sənəd əlavə edilməmişdir. Həmçinin Azərbayacan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə isə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat və 10.000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə isə dövlət rüsumunun ödənilməsini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə və iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı yaşadığı mənzildə daimi kirayəçi hesab olması barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar rayon məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar