Məhkəmə qərarları › İş №2(022)-3/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-3/2025

16.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-3/2025 16.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı hüquqi varisi X5 (qanuni nümayəndəsi X2) Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh icarəyə götürdüyü 5 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin özünə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Biləsuvar rayonunun Səmədabad kəndində "X11 və Emal Birliyi" MMC-dən 5 hektar torpaq sahəsini icarəyə götürmüşdür. Bununla bağlı adı çəkilən təşkilatla müvafiq icarə müqaviləsi də vardır. Cavabdeh X3 vaxtlar həmin 5 hektar ərazini tutaraq torpaq sahəsinin onun məxsus olduğunu və həmin ərazidən çıxmayacağını göstərmişdir. Buna görə o, icarəyə götürdüyü torpaq sahəsinə müvafiq sənədlərini də ala bilmir. Dəfələrlə cavabdehdən həmin torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Belə ki, cavabdeh həmin yeri ondan əvvəl icarəyə götürmüş mərhum atasına qarşı da bu hərəkətləri törətmişdir. İddiaçı hüquqi varisi X6 qanuni nümayəndəsi X4 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan elektron çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il rarixdə vəfat etmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)- 28/2022 saylı qərardadından (hakim P.Əhmədov) görünür ki, 17 yanvar 2022-ci il tarixdə ölmüş İddiaçı hüquqi varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Biləsuvar rayon Notariat Ofisinin 04 noyabr 2024-cü il tarixli 1044 saylı sorğuya cavab məktubundan ğörünür ki, İddiaçı xx.xx.2022-ci ildə vəfatından sonra “Elektron Notariat” X1 əldə edilmiş Çıxarışa əsasən Bakı şəhəri 9 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixli 2V-618 reyestrli vərəsəlik işinin açılması və vərəsəsi olanqızı X7 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 862422 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27 mart 2012-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında İddiaçı, ana adı qrafasında isə X4 qeyd olunmuşdur. Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-3/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş Birgə fəaliyyət haqqında 17BF/21 saylı 08 may 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, “X11 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti mülkiyyətində olan Biləsuvar rayonu Səmədabad kəndində yerləşən 5 ha torpaq sahəsini İddiaçı istifadəsinə verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən birgə fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş mənfəəti «Birinci tərəfə»ə ödənilməli payın məbləği 500 (beş yüz) AZN müəyyən edilir. «İkinci tərəf» qeyd olunan məbləği müqavilə imzalandıqdan 3 iş günü ərzində «Birinci tərəf»in Müqavilənin 6cı bəndində göstərilən bank hesabına köçürməlidir. Bu məbləğ ödənildikdən sonra mənfətin bölüşdürülməsi üzrə hər hansı haqq-hesab aparıla bilməz və tərəflər bir-birinə qarşı borc və öhdəlik tələbi ilə çıxış edə bilməzlər. İddia ərizəsindən görünür ki, iddiaçı Birgə fəaliyyət haqqında 17BF/21 saylı 08 may 2021-ci il tarixli müqaviləyə istinad etməklə “X11 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Biləsuvar rayonu Səmədabad kəndində yerləşən 5 ha torpaq sahəsinin onun icarəsinə verilməklə qanuni istifadəsində olmasına istinadən cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. Lakin mübahisə olunan torpaq sahəsinin icarəyə verən “X11 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olması iş materialları ilə müəyyən olunmur. Bundan əlavə, həmin torpaq sahəsinin iddiaçıya təhkim edilməklə planı və ölçü sənədinə dair iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən:

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır İş materiallarında olan «Birgə fəaliyyət haqqında» 17BF/21 saylı 08 may 2021-ci il tarixli müqavilənin 5.1-ci bəndində göstərilmişdir ki, «Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədir. Tərəflər müqavilənin uzadılmasına qərar verirsə, növbəti il üçün bu müqavilənin əlavəsi imzalanır və mənfəət payı müəyyən edilir. Göründüyü kimi müqavilənin qüvvədə olması xx.xx.2021-ci il tarixədək müəyyən edilmiş və tərəflər müqavilə münasibətlərinin davam etdirlməsini əlavə müqavilənin bağlanması və həmin müqavilə ilə mənfəət paynın müəyyən edilməsindən asılı etmişlər. Lakin iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixədə müqavilə müddətinin bitməsindən sonra əlavə müqavilə bağlanmaqla müqavilə münasibətlərinin davam etməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı hüquqi varisi X5 (qanuni nümayəndəsi X2) Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddiaçı hüquqi varisi X5 (qanuni nümayəndəsi X2) Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar